Qaradağ rayonunda bələdiyyə seçkiləri mütəşəkkilliklə keçirildi
Yanvarın 29-da bələdiyyə seçkiləri ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi, əhalisi 136002 nəfər olan Qaradağ rayonunda da seçki ab-havası, fəallıq hiss olunurdu. Səhər saatlarından bizdə rayonda olarkən seçki keçirilən bütün məntəqələrdə qaynar mühit, sağlam əhvali-ruhiyyənin şahidi olduq. Əhalinin sıx yaşadığı yerlərdə, məntəqələrin həyətlərində seçkilərə çağırışı əks etdirən plakatlar, bələdiyyə üzvlüyünə namizədlərin şəkilləri asılmışdı.
11 saylı Binəqədi-Qaradağ seşki dairəsinin 24 saylı məntəqəsində seçici aktivliyi müşahidə olunurdu. Məntəqənin sədri Jalə Qədirova ilə görüşüb fikirlərini öyrəndik. Sədr bildirdi ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda ölkəmizdə keçirilən bütün seçkilər ayrı-ayrılıqda xüsusi əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, səhər saatlarından insanlar səs vermək üçün məntəqəyə yaxınlaşır, tam şəffaf və sərbəst şəkildə səsvermə hüquqlarından istifadə edirlər. Məntəqə üzrə 897 nəfər seçicimiz var, 15 yer üzrə 36 namizəd mübarizə aparır. Hazırda saat 12-yə olan məlumata görə 128 nəfər səsvermə hüququndan istifadə edib.
Onu da qeyd edək ki, məntəqəyə valideynləri ilə gələn 288 saylı orta məktəbin 5A sinif şagirdi Zəhra Hüseynzadənin Vətən haqqında söylədiyi şeir hamını heyran qoydu.
Məntəqədə müşahidəçi qismində iştirak edənlər 288 saylı orta məktəbin riyaziyyat müəllimi Aytəkin Bəşirova və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin 3-cü kurs tələbəsi Xalid Babazadə səhər saat 07:45-dən məntəqəyə gəldiklərini qeyd edərək, seçici aktivliyinin olduğunu və heç bir neqativ halın baş vermədiyini bildirdilər.
11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 43 saylı mətəqəsində də seçici fəallığı müçahidə olunurdu. Məntəqənin sədri Aygün Hüseynovanın sözlərinə görə, məntəqə üzrə 1326 seçicidən günorta saatlarına kimi 219 nəfər səs vermişdi.
11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 25 saylı məntəqəsində seçicilərin fəallığının şahidi olduq. Məntəqənin sədri Xatirə Namazova bildirdi ki, insanlar böyük həvəslə məntəqəmizə üz tuturlar. Saat 15-00-a kimi məntəqə üzrə 1326 seçicidən 400-ə yaxını səs verib.
Nəhayət seçkilərin başa çatdığı ərəfədə 37 saylı Qaradağ Dairə Seçki Komissiyasının sədri Azər Ələsgərovla söhbət edərkən o, bildirdi ki, bu gün səhər saatlarından başlanan bələdiyyə seçkiləri uğurla başa çatdı. Bildiyimiz kimi, ölkəmizdə seçkilərin şəffaf, demokratik şəkildə keçirilməsi, seçicilərin istədikləri namizədə səs vermələri üçün bütün dairə və məntəqələrdə hər cür şərait yaradılıb. O cümlədən Qaradağ rayonunda da bu prosesə ciddi hazırlıq işləri görülüb.
Komissiya sədri saat 19-00-a olan məlumatı bildirərkən qeyd etdi ki, dairə üzrə 37 daimi məntəqədə 45933 seçici, 3 müvəqqəti yaradılan məntəqədə isə 2735 seçicimiz var. Ümumilikdə seçkilərdə iştirak edəcək 48668 seçicidən 15469 nəfəri səs verdi. Əminliklə deyə bilərik ki,seçkilər tam şəffaf və demokratik şəkildə keçirildi.