DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi "Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş" nominasiyası üzrə təltif edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən 2024-cü ildə "Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş" nominasiyası üzrə təltif edilib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tərəfindən mükafat Mərkəzin direktor müavini Mətanət Məmmədovaya təqdim edilib.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Mərkəzdə həssas qruplara aid şəxslərin ekoloji maarifləndirməsi işləri aparılıb, onların ETSN-nin təmizlik aksiyaları və abadlaşdırma işlərində fəal iştirakı təmin olunub.
Mərkəzdə istifadəyə yararsız məhsullardan hazırlanmış əl işlərindən ibarət sərgi, konsert və müxtəlif layihələr gerçəkləşdirilib. Habelə Mərkəzin təlimçi və benefisiarlarının ekoloji mövzularda əl işləri beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilib. Mərkəz və "DOST Evi" filialının 1000 kv.m- lik həyətyanı ərazilərində ağacəkmə aksiyaları keçirilib.
PreCOP və COP29 tədbirlərində həssas qruplara aid şəxslərin də iştirakı təmin olunub. "Yaşıl Zona"da Mərkəzin təlimçi və benefisiarının təqdim etdiyi konsert və sərgi böyük maraqla qarşılanıb.