Qəhrəmanlar unudulmur! Zakir Məcidov: Səmamızın şahini
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Bu hadisələr sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın qəhrəmanları torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, igidləri qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayır. Onlardan biri də Birinci Qarabağ MüharibəsininŞəhidi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Zakir Nüsrət oğlu Məcidovdur. Zakir Nüsrət oğlu Məcidov 1956-cı il 26 iyunda Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini Bakıda başa vurduqdan sonra, Zakir Məcidov 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya Məktəbinə daxil olub həmin məktəbi bitirərək, leytenant rütbəsi alıb. Vətənə dönən Zakir Məcidov Yevlax aviadəstəsində “AN-2” təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlayıb. Bakı aviabölüyündə mexanik, Zabrat aviabölüyündə “AN-2” təyyarəsində yenidən yay uçuşlarında işləyib. 1980-ci ildə təyinatla Zabrat aviadəstəsində “AN-2” təyyarəsinin komandiri təyin edilib. Gənc leytenant 7 il bu müəssisədə çalışıb. İstehsalatdan ayrılmadan, ixtisasını artırmaq üçün Ukraynanın Kremençuk Təyyarəçilər Məktəbində “Mİ-2” vertolyotu üzrə 6 ay təkmilləşdirmə kursu keçib. Nəhayət, “Mİ-2” vertolyotunda heyətin komandiri təyin olunub. Az müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təyinatı ilə yüksək səriştə və bacarığına, keyfiyyətli uçuşlara görə “Mİ-2” vertolyotuna baş komandir keçirilib. Vətənin başını qara buludlar alanda canından çox sevdiyi torpağını qorumaq üçün ilk şahinlərdən biri olub. Tez-tez sərhəd bölgələrinə uçuşlar edən Zakir Məcidov, ordakı vəziyyəti görüb, buna biganə qala bilməyib və Vətənimiz son dərəcə təhlükəli durumda ikən bir çox mərd yurddaşlarımız kimi könüllülər sırasına daxil olub. Zakir Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun Bakının Qala qəsəbəsində təşkil olunan “N” saylı hərbi hava hissəsində “Mİ-24” vertolyotlarından birinə komandir təyin olunub. O, həmin vertolyotla Ağdərənin Aterk kəndində ermənilərin yerləşdiyi qərargahı darmadağın edib, düşmənin xeyli texnikasını sıradan çıxarıb. Onun uğurlu əməliyyatlarından biri də 1992-ci il avqustun 6-da Kasapet yüksəkliyində baş tutur. Düşmənə dəfələrlə zərbələr endirən Mİ-24 vertolyotu düşmənin diqqətini özünə çox çəkir. Nəzarətdə saxlanılan vertolyotu vurmaq üçün düşmən artıq məqam axtarır. Bunu hiss edən Zakir isə düşənə aman verməyərək onlara öz şücaətini göstərir. Döyüş əməliyyatını müvəffəqiyyətlə yerinə yetirdikdən sonra bir-birinin ardınca ona tuşlanan raket zərbələri vertolyotunu ciddi zədələyib. Sayıqlığını itirməyən igid komandir çox çalışıb ki, vertolyotu öz ərazimizə çatdırsın. Lakin buna müvəffəq ola bilmir. Vurulan vertolyot düşmən ərazisinə düşür və Zakir öz ekipajı ilə birlikdə qəhrəmancasına həlak olur. Qəhrəmanımız Bakı şəhər Şəhidlər xiyabanında dəfn olunur. Qeyd edək ki, vətən torpaqlarının qorunması üçün fədakarlıq göstərən Zakir Məcidov hərbi hissə qarşısındakı döyüş tapşırıqlarını yerinə yetirib şəxsi igidlik göstərdiyi üçün ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Zakir Məcidov ən yüksək zirvəni qazanaraq qəhrəmanlığı ilə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmağı bacardı. Xalq belə oğulları ilə hər zaman qürur duyur.
Cəlil Xəlilov
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları
Təşkilatının sədri polkovnik