lider-media.az

20 Yanvar Azərbaycan xalqının qan yaddaşı, həm də Əbədi İstiqlal uğrunda tarixi savaşıdır

Tarix: Bu gün, 19:13

Hürriyyət, Azadlıq və İstiqlaliyyət pay verilmir, uğrunda qan tökülür, Şəhid verilir! Şəhidlərin al qanı ilə tarix yazılır! Azərbaycan xalqının azadlığa, Əbədi İstiqlala gedən yolda ən böyük sınağı, ən parlaq nümunəsi hesab olunan 20 Yanvar faciəsindən 35  il ötür. Bu qanlı cinayəti törətməkdə əsas məqsəd Azərbaycan xalqının iradəsini qırmaq, onun azadlıq istəyini boğmaq idi. Lakin sovet imperiyasının amansız davranışı xalqımızın azadlıq istəyini daha da alovlandırdı, milli azadlıq hərəkatı daha da geniş vüsət aldı. 20 Yanvar faciəsi xalqımızın yaddaşında, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu. 20 Yanvar dəhşətlərinin  baş verməsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxan Azərbaycan xalqının Kreml tərəfindən cəzalandırılması da əsas rol oynamışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilərək, dinc əhalini ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutaraq kütləvi qətllər həyata keçirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların Bakını zəbt etməsi, mühasirəyə alması xüsusi qəddarlıqla müşayiət olundu. 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Fövqəladə vəziyyət elan olunanadək və ondan sonra beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri pozulmuş, fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməyərək qanunsuz olaraq xalqı təzyiq altında saxlamağa çalışmışlar. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçuların qətlə yetirilməsi və yaralanması, 82 nəfərin amansızcasına qətlə yetirməsi, 20 nəfərin ölümcül yaralaması ilə müşayət olunan hadisələr sübut etdi ki,  bu faciə düşünülmüş şəkildə həyata keçirilmiş, dünyanın gözü qarşısında insan haqlarına təcavüz edilmişdir.  Qanlı yanvar hadisələri təkcə paytaxt Bakını deyil fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda da həyata keçirildi. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. 20 Yanvar gecəsi baş vermiş tarixi cinayət Beynəlxalq hüquqi məsuliyyətdən yayınmış hərbi cinayət idi. SSRİ rəhbərliyi tərəfindən həyata keçirilən bu bəşəri cinayəti həmin dövrlərdə obyektiv siyasi hüquqi qiymət alması qeyri-mümkün idi. Təsadüfi deyil ki, SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedevin istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsinə gəlmiş və 20 iyul 1990-cı il tarixində cinayət işinin xitam olunması barədə qərarı vermiş 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılaraq geri qaytarılmamışdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdana qədər bu qanlı faciəyə siyasi hüquqi qiymət verilməmişdir.  Bu qanlı cinayətə ilk etiraz edən şəxs məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Sovet rejiminin qadağalarına baxmayaraq, faciədən bir gün sonra yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə mənəvi və siyasi varisi, ən yeni Azərbaycanın prezidenti İlham Əliyevlə birlikdə gələn Heydər Əliyev cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş siyasi səhv kimi qiymətləndirmişdir.

Qeyd etdiyimiz kimi 20 Yanvar dəhşətlərinin tarixi kökləri var idi. Qarbaçov rejimi Azərbaycan xalqının iradəsini qırmaq, onun Qərbi Azərbaycan və Qarabağ uğrunda savaşlarına son qoymaq niyyətində idi. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin Moskva dövründən sonra lidersizlik problemi yaşayan Azərbaycanın üzərinə hücumlar səngimək bilmirdi. 1980-ci illərin sonlarında Azərbaycanda ictimai-siyasi durumun kəskinləşməsi, Kreml rəhbərliyinin uğursuz "yenidənqurma" siyasəti, iqtisadi islahatların düzgün aparılmaması, milli siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanda azadlıq hərəkatının güclənməsinə zəmin yaratmışdı. Bunun  əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı ərazi-torpaq  iddiaları ilə çıxış etməsi, uydurma "Qarabağ problemi"nin ortaya atılması idi. SSRİ rəhbərliyindəki havadarlarına arxalanan ermənilərin əsassız iddiaları və dinc əhaliyə qarşı törətdikləri cinayətlər xalqımızın hiddətinə səbəb olmuşdu. 1988-ci ildə Qarabağ münaqişəsi ilə əlaqədar başlayan milli-azadlıq hərəkatı prinsipiallığı ilə SSRİ  rəhbərliyində ciddi narahatlıq yaratmışdı. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində baş qaldıran erməni separatizmi qədim türk torpaqları olan Qərbi Azərbaycandan 300 mindən çox soydaşımızın zorla öz ata-baba yurdlarından qovulması ilə nəticələnmişdi. Bu haqsızlığa və cinayətə görə nümayiş və mitinqlərə çıxan əhali keçmiş sovet rəhbərliyindən və onun respublikamızdakı təmsilçilərindən ermənilərin qanunsuz hərəkətlərinə son qoyulmasını, münaqişənin ideoloqlarının və icraçılarının cəzalandırılmasını tələb edirdi. Ancaq ittifaq rəhbərliyi ermənipərəst mövqedə dayanaraq, müxtəlif vasitələrlə onların müdafiəsinə qalxırdı. Azərbaycanlılar zor gücünə  öz doğma yurdlarından qovulur, onların ev-eşikləri vəhşicəsinə dağıdılır və ya zorla əllərindən alınır, özləri isə ən ağır təhqirlərə, işgəncə və qətllərə məruz qalırdılar. Həmin dövrdə respublikamızda ictimai-siyasi vəziyyəti ağırlaşdıran amillərdən biri də  ölkə rəhbərliyində təmsil olunan şəxslərin səriştəsizliyi idi. Respublikada yaranmış özbaşınalıq və hərc-mərclikdən məharətlə istifadə  edən SSRİ-nin xüsusi xidmət orqanları 1990-cı il yanvarın əvvəllərində yerlərdəki emissarlarının yaxından köməyi ilə Bakıda müxtəlif  ixtişaşlar törətdi. Yanvarın 20-də sovet qoşunları dinc əhalinin üstünə yeridildi, dəhşətli faciə baş verdi. Azərbaycan informasiya blokadasına alındı. Qanlı faciədən az öncə Azərbaycan Televiziyasının  enerji bloku partladıldı. Radionun fəaliyyəti, qəzetlərin nəşri dayandırıldı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır və faciəli bir vaxtda xalqımızın vətənpərvər oğlu, Ulu öndər Heydər Əliyev yuxarıda da vurğuladığımız kimi, Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə baxmayaraq, sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin şəkildə tənqid edən bəyanat verdi. Ulu Öndər bununla da Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığı dünyaya çatdırdı, faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi. Həmin gün Ümummilli Lider Azərbaycan KP MK-ya, respublikanın Ali Soveti və Nazirlər Sovetinə teleqram göndərdi. Bununla da 1990-cı il 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymətin əsasını qoydu. Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilməsi üçün ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Ulu Öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ilk günlərində Şəhidlər xiyabanını ziyarət etdi. Elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü yenidən götürülsün və burada Şəhidlər Memorial Kompleksi ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və həmin iş qısa zamanda başa çatdırıldı. Məhz Ulu Öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu. O vaxtdan şəhidlərimizin xatirəsinin böyük ehtiramla yad edilməsi dövlətimizin diqqətində oldu. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində, eləcə də Vətən müharibəsində ölkəmizin azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olanların ailə üzvlərinin problemlərinin dövlət səviyyəsində həllini əsas vəzifələrdən biri kimi qarşıya qoydu. Ölkəmizdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirildi. Şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial təminatı ildən-ilə gücləndirildi.

20 Yanvar hadisələrinin qurbanlarına, İstiqlal Fədailərinə daimi dövlətin diqqət və qayğısı bununla bitmir. Bu məqsədlə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir. 1990-cı ilin yanvarında şəhid olmuş şəxslərin ailələrinin və övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri, Şəhidlər Memorial Kompleksi ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

Onu da vurğulamaq yerinə düşər ki, hazırda 20 Yanvar faciəsi zamanı şəhid olmuş Azərbaycan övladlarının ruhu şaddır! 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qüdrətli Azərbaycan Ordusunun, Qazilərimizin iradəsi, Şəhidlərin al qanı ilə  Vətən torpaqları işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Azərbaycan xalqı, ümumiyyətlə dünya Azərbaycanlıları 35 il bundan öncə - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın milli müstəqillik və azadlıq uğrunda mübarizə meydanında şəhid olanları daima anır, yad edir, ruhları qarşısında baş əyir. Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi, xeyirxahlıq missiyası ilə dünyanın diqqət mərkəzində olan Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərin problemlərinin həllinə daim böyük qayğı ilə yanaşır. Fondun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla xanım Əliyevanın  da bu istiqamətdə həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən xalqımızın qanlı 20 Yanvarı, habelə Vətən müharibəsi ilə bağlı kitablar, bukletlər, albomlar nəşr olunmuş, filmlər çəkilmişdir. Milli vətənpərvərlik hissi ilə müşaiyət olunan bu xeyirxah missiyanın işğaldan azad olunan tarixi torpaqlarımızda, Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işlərini də əhatə etməsi milli müstəqilliyin əbədi və dönməz olması üçün bu gün də mücadilə edən hər bir Azərbaycan vətəndaşında qürur hissi oyadır!

 Cəlil Xəlilov

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları 

Təşkilatının sədri polkovnik    


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi