Mahirə həkimin xeyirxah missiyalı ömründən səhifələr
Xalq arasında həm istedadlı həkim, həm də alicənab bir insan kimi böyük hörmət qazanan, respublikamızın Əməkdar həkimi Mahirə Nəbiyeva Laçın rayonunda ziyalı ailəsində dünyaya gəlib. O vaxtki N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirən Mahirə xanım mama-ginekoloq kimi həkimlik fəaliyyətinə də elə Laçın rayonunda Birləşmiş Mərkəzi Xəstəxanada, həyat yoldaşı terapevt-kardioloq Nazim həkimlə birgə başlayıb. Sonralar Nazim həkim həmin xəstəxananın poliklinika şöbəsinin, Mahirə xanım isə doğum şöbəsinin müdiri olmuşlar. 1992-ci ilin may ayında Laçın rayonu ermənilər tərəfindən işğal olunanda rayonu ən son tərk edənlərdən biri də Mahirə xanımın ailəsi olub.
Bakıya köçəndən sonra Mahirə Nəbiyeva 30 ildən yuxarı Bakı şəhəri Respublika Perinatal Mərkəzində cərrah-mama-ginekoloq işləyib. Hazırda "İnternational Medical Centre"-də cərrah-mama-ginekoloq kimi çalışmaqdadır.
Bu il yanvar ayının 11-də Nizami Kino Mərkəzində Mahirə həkimin həyat və fəaliyytinə həsr olunmuş “Mahirə həkim-ömrün səhifələri” adlı sənədli filminin təqdimatı keçirildi. Mahirə xanım tədbiri açıq elan edəndən sonra filmin ssenari müəllifi, əməkdar jurnalist, “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İB-in sədri Zərnişan Azayeva (Turan), jurnalist Xanım Bilalqızı, teleaparıcı Rövşanə Ağasəfqızı filmin hazırlıq və çəkiliş prossesindən, Mahirə xanımın həmkarları isə onun 40 ildən yuxarı yüzlərlə ailələrə sevinc bəxş edən həkimlik fəaliyyətindən söz açdılar.
Yaradıcı heyətimiz və Mahirə həkimi sevənlərin adından ona cansağlığı, uzun ömür, həyatda bu xeyirxah missiyasını bundan sonra da uğurla davam etdirməyi arzulayırıq.
Zərnişan Turan,
Əməkdar jurnalist,
“Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İB-in sədri.