Kitab-evimizin ən əziz və daimi qonağı
Açığını deyim ki, bu qeydlərin yazılmasına səbəb hörmətli Millət vəkili, tanınmış ziyalımız Aqil Abbasın Milli Məclisin son iclaslarından birində kitabxanalar və kitab barədə söylədiyi fikirlər oldu. Aqil Abbas ürək yanğısı ilə söyləyirdi ki, elektron kitab oxumaq əleyhqaz geyib qızılgül iyləmək kimidir...Kitabın öz qoxusu, öz iyi var..." Çox uzaqgörənliklə və dahiyanə deyilmiş bu fikirlərlə razılaşmamaq mümkün deyil. Kitab hər bir bəşər övladının evinin ən əziz və daimi qonağı olmalıdır.
Yadıma hansısa şairdə oxuduğum misralar yada düşür:
- Kitab var ki, bəşər üçün,
Bir incidi, bir daş-qaşdı.
Bir ölkədə yaransa da,
Yüz ölkəyə vətəndaşdı.
"Məndə olan bütün müsbət keyfiyyətlərə görə kitablara borcluyam." Bu ifadə proletar yazıçısı, əslində heç bir mükəmməl təhsili olmayan Maksim Qorkiyə məxsusdur. Bu sətirləri yazıram və yaddaşımı vərəqləyirəm. Deyəsən əsrin dörddə üçüncü yaşadığım ömrümdə kitabsız ötüşən günüm olmayıb. Və kitablarla dostluq, müntəzəm mütaliə mənim üçün həyat əhəmiyyətli bir zərurətə çevirilib. Və bundan qətiyyən peşiman deyiləm, əksinə qürur duyuram. Bəlkə elə buna görədir ki, iki mindən çox kitab olan şəxsi kitabxanamda oxumağa kitab tapa bilmirəm. Deyəsən, fikrimi aydın çatdıra bilmədim. Orda oxumadığım kitab qalmayıb. Ən yaxşılarını isə dəfələrlə oxumuşam. Hər dəfə də ilk dəfə oxuduğum kimi böyük həvəslə. Bəli, kitab misilsiz xəzinə, bu gündən sabahımıza, gələcək nəsillərə işıq saçan nurdur. Neçə yaşımın olduğunu dəqiq xatırlamıram. Onda uşaq idik. Hələ kitabın oxumağın nə olduğunu bilmirdik. Böyük qardaşlarım, bacım axşamlar ailə evdə cəm olanda, bizə nağıllar danışardılar. Bu nağıllar sanki dünyaya gözlərimizi açırdı, bizim üçün ən gözəl əyləncələrdən də maraqlı idi. Eləki, " nağıl burda bitdi, göydən üç alma düşdü..." deyərdilər, uşaq sadəlövlüyü ilə tez əlimi başıma atardım ki, birdən almalar başıma düşər. Və bu hərəkətim hamını güldürərdi.
... Baylrda hava tutqundur, yağış yağır. Bu fürsəti əldən verməyərək, sevimli məşğuliyyətimlə - kitab oxumaqla məşğulam. Telefon zəngi məni kitabdan ayırır. Xəttin o başından dostumun səsi gəlir.
- Nə işlə məşğulsan?
- Kitab oxuyuram.
- Eh, sənin də işin-gücün yoxdur. Nə qədər kitab oxumaq olar, yorulmursan?!
Cavabımı çox gözləmir.
- Bu, mənim üçün çox gözəl əyləncədir.
-Dostum dil-boğaza qoymur.
- Gözəl havadır. Bəlkə görüşək. Onu yaxşı başa düşürəm. Və qınamıram. Əslində bir ziyalı kimi, qınanmalı olsa da, vaz keçirəm. Bilirəm ki, əgər bu yaşına kimi, ( indi ahıl yaşındadır) bir kitabı əlinə götürüb oxumayıbsa, bundan sonra da həyat tərzini dəyişə bilməyəcək.
Haşiyə: Bu telefon zəngi yadıma ötən əsrin 70-ci illərinə təsadüf edən bir əhvalatı yada saldı. Universitetin birinci kurs tələbəsiydim. Kənd uşağı olduğumdan şəhərə, şəhər həyatına təzə-təzə öyrəşirdim. Mərhum professor Qulu Xəlilov bizi ədəbiyyatdan - öz fənnindən sual-cavab edirdi. Mənim də növbəm çatdı. Professor Nizaminin "Sirlər xəzinəsi" ilə bağlı suallar verdi. Böyük Nizaminin həqiqətən əsl sirlər xəzinəsi olan əsərindəki bütün hekayətlərin məzmununu əzbər ɓilirdim. Cavablarım professoru da, hiss edirdim ki, razı salır. Amma gözlənilməz hal baş verdi. Birdən professor heç gözləmədiyim halda soruşdu:
- Heç o əsəri əlinə götürüb vərəqləmisənmi?!
Donub qalmışdım. Yalan danışmaq istəmirdim, həm də cürət etmirdim. Qısa pauzadan sonra dilim dolaşa-dolaşa "yox"dedim.Onda Qulu müəllimin qərarı qəti oldu.
-Məzmunu bilsən də, cavablarını məqbul hesab eləmirəm. Əsəri tap, bir də oxu, sonra gələrsən... Sözün həqiqi mənasında o illərdə Nizaminin " Sirlər xəzinəsi" kimi əsərləri rayon yerlərində tapmaq müşkül bir işdi. Öyrəndiklərim ədəbiyyat müntəxabatlarından idi. Belə də şəhərdə yaşayan şair dostum Zamin Mahmudov köməyimə çatdı.
-Mənim kitabxanamda var. Gətirərəm.
Kitabdakı, onsuz da əzbər bildiyim hekayətləri bir də sonsuz həvəslə, sanki ilk dəfə oxuyurmuş kimi, maraqla oxudum. Qulu müəllimin yanına da alnı-açıq getdim. Bir dahi deyib ki, dünyada sözdən qiymətli heç nə görmədim. Bu qiymətli sözlərin məkanı isə kitablardır. Yenə uşaqlıq illərinə qayıdıram. O illərdə çox sevdiyimiz bir tapmaca var idi. Sadə və axıcı olduğu üçün onu əzbərləmişdik.
Ağaca çıxar adamla,
Bir nəlbəki badamla,
Nə dili var, nə ağzı,
Hey danışar adamla...
Yaşca böyük qardaşım ilk dəfə bunu biz balacalara söyləyəndə biz neçə gün onun cavabını axtarmışdıq. Biləndə ki, bu tapmacanın cavabı " dili-ağzı olmayan,bizimlə ağaca çıxan" kitabdır, gözlərimiz bərələ qalmışdı. Görəsən kitablar olmasaydı ulu Nizamini, bütün misraları möcüzə olan Füzulini, dahi Nəsimini... bu günki nəsillər necə tanıyardı?! Bu dahilərin yaratdıqları və bu günkü nəsillərə ərməğan kimi, gəlib çıxan əsərləri müqəddəsdir. Mərhum şair Elbrus Şahmarın dostum tərəfindən mənə bağışlanmış kitabında oxumuşdum: Bakının Nardaran kəndində qonaq olduğun evdə Füzulinin kitabına baxmaq istəsən, gərək əvvəlcə əllərini yuyasan... Bəli, müqəddəs kitaba belə münasibət alqışlanmalıdır. Ən çox nəşr olunan hörmətli yazıçımız, dedektiv əsərlər ustası Çingiz Abdullayev deyir ki, istəməyən adama kitab vermə. Başa düşüləndi, yəni faydası olmayacaq.
Dünya şöhrətli alimimiz Xudu Məmmədovun dahiyanə fikirlərini xatırlamaq burada necə də yerinə düşür: "Həyatın bütün çətinlikləri səni böyük məqsədlərdən yayındırırsa, uğurlar yolunda çəkdiyin əzablar səni üzürsə, Füzulini oxu, ölməz "Koroğlunun" uverturasına qulaq as, muğamlarımızı, saz havalarımızı dinlə. Sənə yenidən qalxıb, irəli getmək həvəsi gələcək..."
Əlavə şərhə ehtiyac qalırmı?! Fəlsəfə elminin banilərindən biri E.Kant hələ üç əsr bundan qabaq yazırmış ki, “kitabların hədsiz dərəcədə çap olunmasının zərəri odur ki, tək-tək faydalı kitablar da bu zibil ummanın içində itib gedir...” Bəli, müdriklərin fikirləri də müdrik olur.
Çin mütəfəkkiri Konfutsinin bu fikirləri də çox maraqlıdır:”Qaranlığı lənətləməkdənsə bir şam yandırın...” Məncə bu gün kitab nəşrində də “şam yandırmağın” vaxı çatıb.Kitab oxumaq hər bir ziyalı üçün hava, su qədər zəruridir. Biz özümüzdə kitab oxumaq vərdişi yaratmalıyıq.Dahilərdən biri necə də sərrast deyib:”Hər bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür. Qədim yunan filosofu Arestotelin də əsər yaratmaqla bağlı qiymətli fikirləri var:”Kitab o zaman yaxşıdır ki, onun müəllifi yazmalı olduğunun hamısını yazsın, nə lazımdırsa yalnız onu yazsın, necə lazımdırsa, yalnız elə yazsın...”
Kitab bilik mənbəyi olan bir xəzinədir.Niyə hər birimizin evində belə xəzinə olmasın?! Axı, bu xəzinəyə hansımızın ehtiyacı yoxdur?! Zənginləşmək, dünyagörüşümüzü, həyata baxışlarımızı, biliyimizi artırmaq üçün kitablardan yaxşı vasitə nə ola bilər?! Axı, bilmədiklərimiz, bildiklərimizdən qat-qat çoxdur.Həzrət Əli-əleyhəssalam təsadüfi demirdi ki,”...Bilmədiklərimi ayaımın altına yığsam, əlim buludlara çatar...”
Azərbaycanın ilk maarifçilərindən Sultan Məcid Qənizadə müəllimin evini kitabxana adlandırırdı.Bu gün özünü ziyalı adlandıran hər bir adamın evi kitabxana olmalıdır.Dünyaya göz açan, ailədə böyüyən hər bir uşaq ağlı kəsəndən evdə elm mənbəyi olan kitab görməlidir. Burada bir haşiyəyə çıxmaq istəyirəm. Paytaxt səfərlərimdən birində rəhbər vəzifədə çalışan bir məmurla rastlaşdıq. Uzun illərin tanışı idik. Məni evinə dəvət etdi. Onun evindəki iş otağında nadir, nəfis tərtibatla nəşr olunmuş kitablarla zəngin kitabxanasını görəndə, o, nəzərimdə daha da ucaldı. Özümü saxlaya bilməyib, bu nadir kitablardan bəzilərinə ayaqüstü nəzərdə yetirə bildim. Amma çay süfrəsi arxasında söhbət zamanı bütün təəssüratlarım korlandı.Sən demə tanışım bu kitablardan birini də olsun deyə oxmayıb, sadəcə imkanlı olduğu üçün, kimsə kitab alanda o da alıb, indi qatı açılmayan bu kitablar səxsi otağını bəzəyir. Bilmirəm, bəlkə də, heç bir kitab olmayan evdən, heç olmasa, elə bu, yaxşıdır. Özünə gümanım qalmadı, amma nə vaxtsa övladlarından “gözü görüb, könlü sevə bilər”, o kitablardan açıb vərəqləyər.
Aristotel “Siyasət”əsərini bu sözlərlə bitirir:”Əndazəni gözlə, mümkün olan işdən yapış, abır-həyanı əldə vermə...” Məncə, bu barədə ətraflı düşünməyə dəyər.Onore de Balzak da sözün, qələmin gücünü çox yüksək qiymətləndirirmiş. Onun yazı masasının üstündə Napaleonun balaca büstü varmış. Balzak büstün altında öz xətti ilə bu sözləri yazmışmış:Sənin qılıncla ala bilmədiyin yerləri mən qələmimlə alacağam...”Deyəsən çox uzaqlara gedib çıxdım. Yazımın əsas mövzusu isə kitab və kitabxanalar barədə idi. Hər bir ziyalı bu məsələyə öz münasibətini bildirməlidir. Biz elliklə kitablı günlərimizə qayıtmalıyıq. Kitab yenə də hər bir evin bəzəyi olmalıdır. Niyə bu gün Bakıda fəaliyyət göstərən kitab evlərinin bölgələrdə filialları, məntəqələri olmasın?!
Düz bir əsr əvvəl etdiyi inqilabı çevirişlə dünyanı silkələmiş Volodya Ulyanovun silahdaşı Nadeyda Krupskayanın dediyi kimi: " Evdə kitab olanda adam tək olmur..."
Elə biz də...