“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, “Milli Məkan Məlumatları” informasiya sisteminin (bundan sonra–Sistem) “Hökumət buludu”nda yerləşdirilməsini təmin etsin.
3. Bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 448 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2605 (Cild I); 2024, № 6 (I kitab), maddə 654) ilə təsdiq edilmiş “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın 3.8-ci, 3.9-cu bəndləri və 6-cı hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 yanvar 2025-ci il