lider-media.az

Deputat: AZƏRBAYCAN DÜNYADA HƏM DƏ İDMAN ÖLKƏSİ KİMİ TANINIR

Tarix: 7-01-2025, 11:18

2024-cü il də tarixə çevrildi. Bütün dünyada qlobal problemlər və müharibələrlə, iqtisadi və siyasi böhranlarla yadda qalan il ölkəmiz üçün sabit və müxtəlif sahələrdə uğurlarla yadda qaldı. Ən böyük nəzəzrəçarpacaq nailiyyətlər isə idman sahəsində oldu.

 

2024-cü ilin idman yekunları ilə bağlı keçirilən mərasimdə Azərbaycan idmançılarının dünya arenalarında qazandıqları uğurlar bir daha xatırlandı. Cənab Prezident- İlham Əliyevin tədbirdəki çıxışını dinlədikcə hər birimiz idmandakı uğurlarımızdan dərin fərəh hissi keçirdik. İl ərzində Azərbaycan idmançılarının 1700 medal qazanmaları həqiqətən də böyük nailiyyət və mühüm idman hadisəsidir. Prezident İlham Əliyevin dediyi kimi bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman ölkəsi kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.

Ümumiyyətlə, dünya Azərbaycanı bir neçə məsələyə görə daha yaxından tanıyır. Məsələn, beynəlxalq səviyyədə Azərbaycan deyəndə torpaqlarını döyüş yolu ilə işğaldan azad edən, enerji təhlükəsizliyi məsələlərində fəal rolu olan, qlobal problemlərin həllində yaxından iştirak edən, Cənubi Qafqazda lider mövqelərə malik dövlət yada düşür. Bunlarla yanaşı Azərbaycan dünyada həm də Olimpiya Hərəkatının vüsət aldığı idman ölkəsi olması ilə tanınır.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti Azərbaycanı həm də idman ölkəsinə çevirib.  Möhtərəm İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi respublikamızın idman həyatında müsbətə doğru dönüşün əsasını qoyub. Bunu həmin vaxtdan sonra keçirilən idman yarışlarında və Olimpiya Oyunlarında qazanılan medallar da təsdiq edir. Cənab İlham Əliyevin 2003-cü ildən respublikamıza rəhbərliyi isə idmanın yüksəlişində tamamilə yeni inkişaf mərhələsinin əsasını qoyub. Bu baxımdan Azərbaycanın inkişafının göstəricilərindən biri də idmandakı uğurlarımızdır.

Ölkəmizdə idmanın inkişafının əsas göstəricisi təbii ki, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medalların sayıdır. Demək olar ki, Azərbaycan idmançıları bir çox nüfuzlu və mötəbər idman yarışlarında qalib olaraq bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. O cümlədən dünyanın ən böyük idman turniri olan Olimpiya Oyunlarından idmançılarımız hər dəfə medallarla geri dönürlər. Bu il keçirilən Paris 2024 Yay Olimpiya Oyunlarında da idmançılarımız xalqımızı sevindirdilər. Qazanılan 7 medal - 2 qızıl, 2 gümüş və 3 bürünc medal bir daha ölkəmizdə idmanın inkişafının təsdiqinə çevrildi, Prezident İlham Əliyevin idman siyasətinin təntənəsi oldu. Möhtərəm Prezident İlham Əliyev ilin idman yekunlarına həsr olunan mərasimdə idmançılarımızın bu il Olimpiya Oyunlarındakı uğurlu çıxışını tarixi nəticə kimi dəyərləndirib:

 «Əlbəttə ki, ilin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülmüşdür, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir».

Əlbəttə, idmanda nailiyyətlərin əldə edilməsində dövlətin dəstəyi böyük rol oynayır. Bu dəstəyin əsas göstəricilərindən biri respublikamızda idman infrastrukturunun inkişaf etdirilməsi, yeni müasir və təkmil idman komplekslərinin yaradılmasıdır. Bu isə həm idmançılarımızın potensialının üzə çıxarılmasında, həm də onların beynəlxalq yarışlarda daha uğurlu çıxış etmələrində mühüm amildir. Məmnunluqla qeyd etməliyik ki, indiyədək respublikamızda 44 Olimpiya İdman Kompleksinin, yüzlərlə müxtəlif təyinatlı idman qurğusunun, stadionların inşa edilməsi idmanın inkişafına, beynəlxalq yarışlarda qazanılan medalların sayının daha da artmasına, yeniyetmə və gənc nəslin fiziki və mənəvi baxımdan sağlam vətəndaş kimi formalaşmalarına böyük töhfələr verib.

Diqqət və qayğı ilə əhatə olunan, günü gündən inkişaf edən idman növlərindən biri də Azərbaycan Üzgüçülük Federasiyasının tabeliyində olan su idman növləridir. Son 10 ildə istər üzgüçülükdə, istər su polosunda, suya tullanma və bədii üzgüçülükdə böyük dəyişikliklər edilib. Təkcə onu xüsusi vurğulamaq yerinə düşərdi ki, bu idman növləri üzrə idmançıların hər biri yerli gənclərdir. 2024-cü il Azərbaycan Üzgüçülük Federasiyası üçün də çox uğurlu saymaq olar. İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr göstəriblər. Azərbaycanın üzgüçülük üzrə gənclər və yeniyetmələrdən ibarət milli komandası 1 - 4 mart tarixlərində Riqa şəhərində keçirilən Latviyanın gənclər və yeniyetmələr yarışında üzgüçülərimiz 200 metr məsafədə 4 dəfə sərbəst üsulda üzmədə kişilər arasında komanda yarışlarında ən yüksək nəticə göstərərək turnirin qalibi olublar və qızıl medallara layiq görülüblər. Bundan başqa fərdi yarışlarda açıq yaş qrupunda Əbdürrəhman Rüstəmov 100, 200 metr məsafələrdə batterflay üsulunda gümüş medal, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medal, Oqtay Hüseynov 100, 200 metr batterflay üsulunda bürünc medal, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medal, Süleyman İsmayılzadə 200, 400 və 1500 metr məsafələrdə gümüş medal, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medal, Səid Həmidov 200 mert məsafədə qarışıq üsulda 3 bürünc medal, 4 dəfə 200 metr estafetdə sərbəst üsulda qızıl medal, Mehri Əbdürrəhmalı 200 metr məsafədə batterflay üsulunda 3-cü yeri qazanıblar. S. İsmayılzadə və M.Əbdürrəhmanlı öz yaşıdları arasında rekordları yeniləyiblər.

Azərbaycan üzgüçüsü Yeqor Maynitskiy ötən il 14-16 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən beynəlxalq yarışda 50 metr məsafədə brass üsulunda bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanib. Y. Maynitskiy ümumilikdə 4 qızıl, 2 gümüz və 1 bürünc medal qazanıb və öz yaşıdları arasında yarışın ən yaxşı idmançısı fəxri adına layiq görülüb. 

Xanlar Fətiyev,

Milli Məclisin deputatı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi