Məcburi köçkünlər üçün peşə təlimləri təşkil edilib
Məcburi köçkünlər üçün peşə bacarıqlarının artırılması məqsədi ilə təlimlər təşkil edilib. Təlimlərə işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürüləcək keçmiş məcburi köçkünlər cəlb olunub. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev Böyük Qayıdışa dair I Dövlət Proqramı haqqında təlim iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış zamanı keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayış şəraitinin qurulması kimi, məşğulluğunun təmin edilməsi də ön plandadır. Prezident İlham Əliyev məcburi köçkünlərin maddi rifah halının yaxşılaşdırılmasını hər zaman diqqət mərkəzində saxlayıb. İşğaldan azad edilən ərazilərin yenidənqurulması zamanı müxtəlif müəssisələr də istifadəyə verilir, yeni iş yerləri açılır ki, bunlar da geri qayıdan sakinlərin məşğulluğunun təmin edilməsinə şərait yaradır. Məcburi köçkünlərin sosial problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da daim dəstək göstərir. Dövlət Komitəsi məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesində onların məşğulluq məsələlərinin həlli istiqamətində zəruri iş aparır. Bununla əlaqədar məcburi köçkün icmalarında bilik və bacarıqların artırılması, gəlir gətirən fəaliyyətlərin dəstəklənməsi, peşə hazırlığı və sahibkarlıq təlimləri, mikrobizneslərin yaradılması kimi tədbirlər həyata keçirilir. Təlimlərdə öz sahəsində peşəkar olan mütəxəssislər tərəfindən iştirakçılara ustad dərsləri keçirilib. Məcburi köçkünlər onların məşğulluq məsələlərinə göstərilən dəstəkdən razı qaldıqlarını, doğma yurda qayıtdıqdan sonra öyrəndikləri peşə bacarıqlarını orada quracaqları mikrobiznes sahələrində tətbiq edəcəklərini bildiriblər.