lider-media.az

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sədri ilə görüşüb

Tarix: 23-12-2024, 18:11

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 23-də ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin  sədri Zaur Askenderovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin sədri qonaqları salamlayaraq, ötən ilin mart ayında  Zaur Askenderovla Bakıda keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Xalqlarımız arasındakı tarixi əlaqələrdən, ortaq dəyərlərdən danışan spiker Sahibə Qafarova əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Rusiya münasibətlərinin bu gün də Prezidentlər İlham Əliyev və Vladimir Putin tərəfindən uğurla davam etdirilməsindən məmnunluğunu ifadə edib. O, qarşlıqlı səfərlərin bu münasibətlərə böyük töhfələr verdiyini diqqətə çatdıraraq, Rusiya Federasiyasının subyektləri, o cümlədən Dağıstan Respublikası ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası və Dövlət Duması ilə Azərbaycan Respublikası Milli Məclisi  arasında mövcud olan sıx əlaqələr barədə məlumat verib.

Spiker Sahibə Qafarova indiyədək Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən 300-dək sənədin imzalandığını bildirərək, onların arasında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirilib ki, Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır və ölkəmizdə bir sıra təhsil ocaqlarında rus dili geniş tədris olunur.  

Görüşdə spiker Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad etdiyi ərazilərdə aparılan tikinti-quruculuq işləri, orada həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd layihələri”, mötəbər beynəlxalq tədbir olan COP29-un ölkəmizdə keçirilməsi ərəfəsində  Azərbaycana qarşı edilən təzyiqlər,  Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişi və bu prosesə yaradılan maneələr haqqında ətraflı məlumat verib.

Görüş üçün təşəkkürünü bildirən Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Zaur Askenderov Dağıstan və Azərbaycan xalqlarının tarixi əlaqələri, paylaşdıqları ortaq dəyərlərdən danışıb. O, spiker Sahibə Qafarovanı  yenidən bu vəzifəyə seçilməsi və parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib. Bildirilib ki, ilk dəfə Azərbaycanın bütün suveren ərazisində keçirilmiş bu parlament seçkiləri tarixi önəm daşıyır.

Qonaq Rusiya-Azərbaycan münasibətlərinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha da güclənməsi, xalq diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Görüşdə parlamentlərin qarşılıqlı münasibətlərin inkişafında oynadığı mühüm rol qeyd edilib, Milli Məclisin həm  Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası və Dövlət Duması ilə, həm də Dağıstan Xalq Məclisi ilə əlaqələrinin əhəmiyyətindən danışılıb, qarşılıqlı səfərlərin intensivliyinin vacibliyi qeyd edilib.

Zaur Askenderov Dağıstanda böyük Azərbaycan diasporasının olduğunu və azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını diqqətə çatdırıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin daha da inkişafı və  qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi