lider-media.az

Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, musiqi və mənəvi dünyamızın ruhudur

Tarix: 21-12-2024, 12:05

     

 Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin   rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda 44 gün ərzində apardığı Vətən müharibəsini parlaq qələbə ilə yekunlaşdırdı.

Dövlət başçısının qətiyyəti sayəsində azad olunan Şuşamız düşmən əsarətindən azad edilərək xalqımıza qaytarıldı. Bunu gerçəkləşdirən Ali Baş Komandanımız Prezident İlham Əliyev və müzəffər Azərbaycan ordusu oldu! Azərbaycan Prezidentinin  "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” cümlələri Azərbaycanın son yüz illik tarixinin ən möhtəşəm müjdəsi oldu. Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının ümummilli lider Heydər Əliyevin məzarı önündə nümayiş etdirdiyi ehtiram, məhz ulu öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sadiq olduğunu göstərdi.Azərbaycan xalqı xoşbəxt xalqdır ki, şərəfini, milli qürurunu, müqəddəs Vətən torpağının ərazi bütövlüyünü bərpa etdi. Gözün aydın, Vətən! Gözün aydın, Azərbaycan! Gözün aydın, Şuşa, Qarabağ!

Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdir:”Əziz bacılar və qardaşlar,bu gün bu müjdəni mən burada-Şəhidlər xiyabanında doğma xalqıma verirəm.Bu,təsadüfi deyil.Bu,təbiidir.Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm.Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır.Erməni vəhşiliyinin qurbanlarının,Xocalı qurbanlarının qanı yerdə qalmır.İntiqamımızı döyüş meydanında aldıq.Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq!Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

 Ordumuz gözəl Qarabağın tacı sayılan bu tarixi şəhəri özünəlayiq misilsiz bir qəhrəmanlıqla--əlbəyaxa döyüşlə aldı.Şuşa hər bir azərbaycanlının gen yaddaşının silinməz səhifəsi,əsrarəngiz,ecazkar mədəniyyətimizin parlaq rəmzidir.Ümummilli Lider Heydər Əliyev demişdir:”Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün,vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir,əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Şuşanın gözəl təbiəti, coğrafi mövqeyi, xüsusilə çox mühüm strateji əhəmiyyətli qala olmasını bir sıra tədqiqatçılar dəfələrlə bildirmişlər. Məşhur klimatoloqlar dəniz səthindən 1403 metr hündürlükdə yerləşən mühüm əhəmiyyətli şəhərin iqlim şəraitini, fauna və florasını dəqiq araşdırdıqdan sonra mülayim təbiətli Şuşanın həm də böyük müalicəvi əhəmiyyətli bir şəhər olduğunu söyləmişdilər. 1854-cü ildə şəhərdən cənubda, 18 kilometr aralı “Turşsu” deyilən səfalı guşədə mədən suyunun çıxması da alimlərin mülahizəsini doğrultdu. Şuşa havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınmışdır. Bu baxımdan, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi. Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən və dünyanın heç bir yerində bitməyən “Xarı bülbül” gülü bitir. Bu endemik gül həm gözəl, həm də müalicəvidir.

                                    Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, musiqi və mənəvi dünyamızın ruhudur

Şuşa Azərbaycanın mədəniyyət mərkəzlərindən biridir. Heç də təsadüfi deyildir ki, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastr, 2 qəsr və 72 mühüm sənət və tarixi abidələrdən ibarət bütün məkan adları azərbaycanlıların adı ilə bağlıdır.Əhalisi yarandığı dövrdən etibarən ancaq azərbaycanlılardan ibarət olan və dövlətimizin böyük səyi nəticəsində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin ilkin siyahısına daxil edilmiş tarixi-memarlıq qoruğuna sahib olan Şuşa şəhəri bu gün öz dirçəlişinə mədəniyyət paytaxtı kimi başlamışdır.

Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 7 may 2021-ci il tarixində sərəncam imzalamışdır.Sərəncamda deyilir:” Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır.Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir.Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir.Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır”.

 

Şuşa-unikal Azərbaycan musiqisinin beşiyi, musiqi akademiyası, şeir-sənət ocağı, açıq səma altında muzey,canlı tarixdir.Şuşa-Pənahəli xanın,İbrahimxəlil xanın,Vaqifin,Xan qızı Natəvanın,Üzeyir Hacıbəyovun,Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Bülbülün və daha neçə-neçə yazıçı, sənət adamı, bəstəkar, müğənni, teatr və kino xadiminin vətənidir.Böyük qürur doğuran önəmli məqamlardan biri də budur ki,Şuşanın işğalı zamanı Xurşidbanu Natəvanın,Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı erməni vandalları tərəfindən güllələnmiş və sonradan Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Bakıya gətirilmiş büstləri də artıq Şuşada yenidən əvvəlki yerlərinə qaytarılıb. Prezident İlham Əliyev çıxışlarının birində demişdir ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Dövlətimizin başçısının bu sözləri də artıq reallığa çevrilib. Şuşanın  Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi onun mədəni həyatını qısa müddətdə bərpa edəcəkdir.Həmçinin, bu, beynəlxalq əhəmiyyətli tədbirlərin burada hər zaman  keçiriləcəyi anlamına gəlir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi