lider-media.az

YELDA GECƏSİ

Tarix: 21-12-2024, 08:30

 Azərbaycan xalq ədəbiyyatının tarixi çox qədimdir. Əski dövrlərdən başlayaraq xalqın hə­ya­tında baş vermiş mühüm, əhəmiyyətli hadisələr bədii yaradıcılıqda öz əksini tapmışdır. Ağ­ız ədəbiyyatımızda xalqımızın özünəməxsus xüsusiyyətləri, milli adət-ənənələri, həyat və məi­şəti, qəhrəmanlıqları, gələcəyə böyük inamı, xeyirin şər üzərində qələbəsi təsvir ed­il­miş­dir.

Folklorun tərkib hissəsi olan xalq bayramları tarix boyu inkişaf yolu keçərək təkmilləşmiş, müx­təlif adət, ənənə, mərasim və ayinlərlə zənginləşmişdir. Bayramlarımız təbiətlə, təqvimlə, il­in müəyyən günləri, saatlarıyla bağlı olub.

Azərbaycan xalqı da yüzilliklər boyunca erkən təsəvvürləri ilə bağlı bir-birindən rən­ga­rəng milli bayramlarını yaratmışdır. Bu bayramlar ilkin dövrlərdə əkinçilik, maldarlıq, ov­çu­luq, xalçaçılıq, səma cisimləri ilə bağlı ayinləri, mərasimləri ənənəvi olaraq davam et­dir­miş­dir. Bu xalq bayramlarını meydan tamaşaları, yallılar, insanların məişəti ilə bağlı oyunlar bə­zə­­mişdir.

Azərbaycan xalqının həyatında bayramlar mühüm yer tutur. Aparılan araşdırmalara əs­as­la­­naraq deyə bilərik ki, xalqımızın bir sıra bayramlarının başlanğıcı eramızdan əvvəlki mi­nil­lik­lərin adət-ənənəsinə söykənmişdir. Xalqımızın milli yaddaşında cilalanaraq bu günümüzə gə­lib çatan din və təbiətlə bağlı bayramları mövcuddur. Bunlardan “Yelda gecəsi”, “Xıdır Nəbi”, “Şahvələd ”, “İsfəndərməz”, “Novruz”, “Gül”, dini xarakter da­şı­yan­ “Ramazan” (Orucluq), “Qurban” bayramlarını göstərmək olar.

Təəssüf ki, uzun illər ərzində dini, mənəvi-əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz bolşevik id­eologiyasının müqavimətinə tuş gəlmişdir. XX yüzilliyin 20-50-ci illərində bütöv xalqın min ildən artıq bir müddətdə yaşatdığı dini, mənəvi dəyərləri yasaq edilmişdir. Xalqın Şərqlə bağ­lılığını qırmaq üçün əski əlifba dəyişdirildi, milli adət-ənənələrdən uzaqlaşdırılmaq mey­l­lə­­ri gücləndirildi. Lakin bədxahlarımız dədə-baba adət-ənənələrimizi unutdurmağa çalışsalar da, buna nail ola bilmədilər. Müqəddəs bayramlarımız yasaq olunur, onlara xurafat qiyafəsi gey­dirilirdi. İnsanların mənəvi cəhətdən təmizlənməsinə xidmət edən belə bayramlar, mü­vəq­qə­ti olaraq küçə və meydanlardan ürəklərə, evlərə köçdü. Xalqımız öz azadlığına qovuşduğu gün­dən bayramlarımız da yenidən dəyərləndirildi və əvvəlki şuxluqla keçirilməyə başladı.

İslamaqədərki bayramlarımızdan biri də dekabrın 21-dən 22-ə keçən gecə qeyd olunan “Yel­da”dır. Yelda gecəsi – Yer kürəsinin Şərq yarımkürəsində, ilin 365 gününün ən uzun qa­ran­lıq gecəsidir. “Qurani-Kərimdə “il” mənasını verən “sənə (tək halda) - sinin (cəm halda)” kəl­mə­sindən on doqquz yerdə istifadə olunmuşdur.

Yer kürəsinin Günəş ətrafına bir dəfə tam dövrü bir il ərzində (365günə) gerçəkləşir.

Bu müddətdə Ay həm öz, həm də Yer kürəsi ətrafında 12 dəfə dövr etmiş olur. Bu, Ay təq­viminə görə, tam bir ilə bərabərdir. Lakin Yer kürəsi bu dövrü tamamlayıb başlanğıc nöq­tə­­sinə gəldikdə Ay hələ həmin nöqtəyə gəlib çatmır. Yer kürəsinin Ayla eyni başlanğıc nöq­tə­sin­də görünməsı üçün 19 il keçməlidir.

On doqquz illik bir müddət astronomiyada meton oli adlanır. Yəni Ay təqvimi 19 ildən bir dü­zəldilməlidir. Bu 19 ilin 7 ili artıq (355 günlük), 12-si isə tam illərdir (354 günlükdür).

355-in tək, 354-ün cüt ədəd olması ilə əlaqədar, başqa bir həqiqət ortaya çıxır. Qurani-Kərimdə “il” mənasını verən “sənə” kəlməsindən isə (tək halda) 7, “illər” mənasını ve­rən “sinin” kəlməsindən isə (cəm halda) 12 dəfə istifadə olunmuşdur ki, onların cəmi 19 - dur”.

Böyük Çillənin gəlişi ilə keçirilən bayramın magik xarakter daşıdığı məlumdur. Folk­lor­şü­­nas alim Azad Nəbiyev yazırdı: “Novruza hələ doxsan gün qalmış, yəni qışın - Böyük Çil­lənin girməsi ilə bağlı xalq arasında Çillə şənlikləri keçirilərdi və müxtəlif nəğmələr oxu­nar­dı”. Bu gecə şəms ilinin, dey ayının başlanğıc gecəsidir, azər ayının - qışın ilk baş­lanğıc gecəsi və Novruz bayramına üç ay qalmışa təsadüf edən bir gecədir. Qırx gün da­vam edən Böyük Çillənin ilk günüdür. Professor Əzizə Cəfərzadə yazırdı: “Çillə sözü, üm­umi­y­yət­lə çoxmənalıdır. Amma əsas mənası, məğzi ağırlıq, çətinlik, ağır imtahan mənalarına gəlir. Çil­lə çıxarmaq bayramı isə olduqca şən, ağrılı-acılı kiçik çilləyə vida, baharın gəlməsinə, Nov­ruzun yaxınlaşmasına sevinmək bayramıydı”.

Miladi tarixi ilə dekabrın 21-22-ə keçən ən uzun qaranlıq gecənin keçirilməsi Böyük Çil­lə­nin girməsi ilə bağlıdır. Bu Çillənin ömrü qırx gün davam etdiyinə görə deyə xalq əvvəlcədən qışa təd­bir görərdi. Əvvəlki illərdə qış ayları çox sərt, soyuq keçirmiş. Ona görə də insanlar qışın gəl­lişini ruh yüksəkliyilə, bol süfrə ilə qarşılayırdılar ki, qış ağır keçməsin. Dağlıq ərazidə ya­şa­yan­lar bu bayramı daha önəmli keçirirdilər. Əvvəlcədən bolluq üçün ərzaq tədarük edilirdi. Qı­şın başlamasından daha çox çobanlar narahat olduqları üçün süfrədə təmtəraq yaradırdılar ki, üz­ümüzə gələn il İnşallah bolluq ili olsun, mal-qara aclıqdan, soyuqdan əziyyət çəkməsin. Bu bay­ram gecəsi Tanrıya nəzir-niyaz deyilib ki, qış yaxşı keçsin, qarşıdan gələn yazda taxıl, mey­və, tərəvəz bol olsun. Gələn illərin, ayların, xoş gəlməsi üçün aylı gecədə, isti sobanın kə­na­rında oturub, səhərə kimi nağıllar, dastanlar, qaravəllilər söyləyərmişlər. Gecədən sübhə ki­mi insanlar dua edərmişlər ki, qışdan yaza sağ-salamat çıxsınlar. Bu gecə insanlar üçün həm də arzu, niyyət gecəsi olub. Yelda gecəsi insanlar çalışırdılar ki, yatmasınlar. “Yenə də gənclər, xü­susilə qızlar, iri mis teşti ortaya qoyub iki tərəfində üz-üzə oturar, ətəkliyi teştin üzərinə sə­rib başmaq topuğuyla sümükləri oynadan havacat çalardılar, “çıqqada-çıqqo” və sairə. Oy­na­ya­na minnət olmazdı.

İlin qarşıdakı yeni baharının bünövrəsini qalın qışla qoyan gecə nağıl, dastan danışılar, qor­ğa, qovut yeyilərdi. Günəşin şüalarını xatırladan qarpız dilimi yeməklə xəs­tə­lik­dən, azar-bezardan uzaq olacaqlarını düşünürlər. Səhəri gün Günəşin qələbəsi kimi bayram edi­lirdi.

Ümumtürk bayramı olan Yelda gecəsindən əvvəl təmizlik işləri başlanar, səliqə -sah­man yaradılardı. Bayrama hazırlaşan qonşular bir-birinə kömək edər, iməcilik keçirərdilər. Qon­şuya, qohuma bu gün üçün pay tutulardı. Bu gecədə ən çox yeyilən meyvələrdən nar, tə­rə­­vəzlərdən isə qarpız və boranıdır. Bayram günü boranı bişirilər (Lənkəran ərazisində), ba­lıq­la bir yerdə yeyilərdi. Qarpız, ağ boranı, nar, dairəvi olduğu üçün həm yer kürəsini, həm də bir­lik mənasını daşıyır. Boranı soyuqdəymənin dərmanı olduğundan qış aylarında daha çox ye­yilər. Xalqın inamına görə Yelda gecəsi yetərincə qarpız yeməklə insanlar qış uzunu, soyuq və xəstəlikdən qorunacaqlarına inanırdılar.

Əski dövrlərdən yazarlarımız bu bayram mərasimini şeirlərində ifadə etmişlər. Yelda gecəsi ilə bağlı türkdilli poeziyada, qəzəl ustadlarının yaradıcılığında xeyli nümunə vardır. Azərbaycan əd­əbiyyatında Seyid Əzim Şirvaninin, Qasım bəy Zakirin, Əzizə Cəfərzadənin, Məmməd Hü­seyn Şəhriyarın, Hüseyn Aşiqinin, Anarın və digər yazarlarımızın yaradıcılığında bayramın adət-ənənələri təsvir edilmişdir. Bu bayram mövzusunun tərənnümü ustad aşıqlarımızın da ya­radıcılığında öz əksini tapmışdır. Vaxtı ilə mərhum folklorşünas alimimiz, xalq yazıçısı Əzi­zə Cəfərzadə Yelda gecəsinə yazılmış aşağıdakı beytin dillər əzbəri olduğunu söyləmişdir:

 

Yelda gecəsi birdir, ildə bir olur yelda,

Bilməm bu nədəndir ki, bir ayda iki yelda!?

 

Qışın ən uzun və qaranlıq gecəsi ildə bir dəfə olduğu halda, sənin ay üzündə ikisi har­dan­dır?

Payızın son, qışın ilk gecəsi. İlin ən uzun və ən qaranlıq gecəsi. Şairlərimiz onu gözəlin uz­un və qara saçlarına, zil qara gözlərinə bənzədərdilər:

 

Şəbi-yeldaya bənzətdim qaşın qövsünü”.

 

Dekabrın 21-gecəsi nişanlı qızlara qış xonçası aparılar və onun içərisinə mütləq qarpız, mey­və, şirniyyat qoyular, qız evində qarpız dilimlənər, bütün qohumlar arasında paylanıb ye­yi­lər. Ailə üzvləri, qohum, dost-tanış birləşərək ilin ən uzun gecəsini meyvə, tərəvəz, şir­niy­yat­lar yeməklə səhərə kimi qeyd edərlər. Qohum-qonşular bir-birinə baş çəkər, hal-əhval tutar və hasilə gətirdiyi məhsuldan sovqat-pay apararlar. Torba-dağarcığın bərəkətini üzən payızın öm­rü dekabr ayının 21-də başa çatır.

Zərdüştilər Yelda gecəsinin dini mərasimlərlə bağlı olduğunu iddia etsələr də sonralar bu bay­ramı qəbul etmişdilər. Niderlandda bu günü Müqəddəs Tomas günü, Çində Duncçitsze bay­ramı, Slavyan mifologiyasinda Karacun, Azərbaycanda Yelda gecəsi, (Böyük Çillənin gə­li­şi, Çillə gecəsi), Təbrizdə isə onu Şəbi-Yelda (Yelda geçəsi) kimi hər il qeyd edirlər. Həmin gün­dən günəşli günlər uzanmağa başlayır. Bayramın rəmzi işığın qaranlıq üzərində simvolik qə­ləbəsidir. İnanca görə, bu gecədə qarın yağması, ilin sevincinə, bol bərəkətinə səbəb olur.

Cənubi Azərbaycanın demək olar ki, bütün bölgələrində əski dövrlərdən Şəbi-Yelda möh­tə­şəm keçirilmişdir. Bu bayram həmin ərazidə indiyə qədər yaşayır.

Yelda gecəsi Təbriz ailələri bir araya gəlir, sözlü və ni­şan­lılar bu gecə bir-birlərinə dadlı hədiyyələr göndərir, evlərinə qonaq olur və nişanlı qız zi­ya­rətə gələnlərə kəsilməmiş qumaş və paltar hədiyyə edir. Təbrizin bütün bölgələrində Yelda ge­cəsi Hafiz Şirazinin divanından şeirlər oxunur, Hafiz falları açılırdı. Bəzi bölgələrdə isə ana və babaların xatirələri anılır. Firdovsinin “Şahnamə”sindən şeirlər oxunur, oyunlar oynanılırdı.

Təbrizdə mifologiya və əski İran tarixi araşdırıcısı Professor Feridun Cuneydi bu gecə mü­na­si­bə­tilə yazdığı açıqlamasında, iranlıların atalarının 7000-ci ilin əvvəlində yaratdıqları təq­vim­lə­ri də aylara günəşə görə ayırmalarını ve 21 dekabr gecəsinin ilin ən uzun gecəsi olduğunu an­ladıqlarını söyləyirdi.

İslam ölkələrində ay təqviminin istifadəyə başladığını, amma Abbasi xəlifələrinin ay təq­vi­mi ilə bağlı düzəlişlər aparmaq istəklərini israrla rədd etdiyini xatırlayan professor Cuneydi, Ömər Xəyyam dönəmində zamanın dəyişdiyini və günəş oxlu yeni bir müsəlman təqviminin ya­randığını, bundan sonra əski türk gecələrinin yenidən canlandığını və Şəbi-Yeldanı bütün türk xalqlarının keçirdiklərini qeyd edir. “Qədim türk xalqlarının Yenisey abidələrində mavi göy yerin qübbəsi adlanır. Hansı ki, bu göydə hər gün Günəş və Ay doğulur. Türklər Günəşi mü­qəddəs tuturdular. Hətta xaqanın qapısı da Günəş tərəfə açılırdı”. Yelda gecəsilə bağ­lı bir beytdə deyildiyi kimi:

 

Şəbi-yeldayi-müneccim ilə mürakkib ne bilir,

Müptelayi-qama sor kim gecələr kaç saat.

 

Şeirin mənası budur ki, işi rəvan gedən xoşbəxt insanlar qaranlıq uzun gecənin necə keç­di­yini nə bilir, gecələrin neçə saatdan ibarət olduğunu qəmə düçar olanlar bilir.

Təbrizdə fars dili və ədəbiyyatı ustadlarından professor Mir Cəlaleddin Kəzzazi də türklərdə çox əski zamanlardan bəri ilin ən uzun gecəsi olan Yelda bayramının yarandığını, qeyd etmə mə­dəniyyətinin geniş olduğunu bildirərək, türklərin günəşi xeyrin simvolu olaraq gör­dük­lə­ri­ni, bu üzdən günəşin ən qısa dönəmi olan yelda gecəsində ona aid dualar oxuduqlarını yazır.

Professor Kezzazi türk xalqlarının gecədən sabaha qədər yatmayaraq günəşin doğmasını göz­lə­mə­si və gecə boyunca müxtəlif yeməklər hazırlaması barədə məlumat verir.

Həmin adətlər bu gün belə Əfqanıstan və Tacikistanda, Pamir, Bedehşan bölgələrində yaşamaqdadır. Əfqan yazıçısı Xalid Hüseynin “Çərpələng Uçuran” əs­ərində “Yelda” gecəsi mərasimi ilə bağlı fikirləri belə qeyd edilir.  “Əfqanıstanda qışın ilk ayı - Cədinin ilk və ən uzun gecəsinə “yəlda” deyirlər. “Yəlda” əfsanələrinə görə, bu ge­cə­lər­də pərvanələr dəli olub, özlərini şam atəşində yandırar, canavarlar dağlara çıxıb, günəş işığı ax­tarardılar”.

Xalqın yaddaşından və müxtəlif mənbələrdən topladığımız bu məlumatlar Yelda gecəsinin əcdadlarımızın məişətində, mənəviyyatında, zaman və təbiətlə bağlı görüşlərində, nəhayət, bayramlar sistemində tutduğu mövqeni nümayiş etdirir.

Almara Nəbiyeva,

BDU-nun “Dədə Qorqud”ETL-ın elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi