“Yarımçıq qalmış şeir dəftəri”
44 günlük Vətən müharibəsi xalqımızın Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyətli addımlarını, müdrik siyasətini dəstəkləyən xalqımız 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı aparılan müharibədə öz rəhbərinin ətrafında yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.Vətən torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda canından keçən igid oğullarımızdan biri də şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğludur. 17 iyul 1998-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 2004-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinfinə getmiş, 2012-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Elə həmin ildə sənədlərini Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə verərək yüksək balla daxil olmuşdur. 2015-ci ilə qədər burada oxuyub hərb sənətinin sirlərinə dərindən yiyələnən Xaliddin sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmişdir. 2019-cu ildə həmin ali məktəbi bitirmişdir. Həmin ilin avqust ayının 1-dən Ağcəbədi rayonunda “N” saylı hərbi hissədə leytenant hərbi rütbəsində xidmətə başlamışdır.
Vətən müharibəsi başlayanda motoatıcı tağım komandiri vəzifəsində xidmət edən Xaliddin döyüş meydanında göstərdiyi igidliyə və şücaətə görə baş leytenant rütbəsi də almışdır. O, 15 oktyabr 2020-ci ildə bölük komandiri vəzifəsinə təyin olunmuşdur. İkinci Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən Xaliddin Nəsibov 6 noyabr 2020-ci il tarixdə uca zirvəyə - Şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə qovuşmuşdur. İgid qəhrəmanımız 18 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qarapapaq kəndində kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Xaliddin Nəsibovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid baş leytenant ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Qazaxda şəhidin xatirəsinə bulaq kompleksi inşa edilib.
Onun ulu babası Qafqaz Ordusunda, atası Birinci Qarabağ, özü isə Vətən müharibəsində ermənilərə qarşı vuruşub.Anası Sevda xanım Xaliddinin onunla telefonla sonuncu dəfə noyabrın 3-də danışıb. Döyüşlərdə qazanılan qələbə sevincini hər dəfə valideynləri ilə bölüşərmiş: “Mənimlə qələbə xəbərlərini bölüşəndə dedim ki, Xaliddin, o gün olsun Şuşaya bayraq sancasan. O qədər sevincli idi ki... Dedi, ana, inşallah Şuşaya bayrağı sancıb gələcəyik. Sevinirəm ki, o, Qarabağ torpaqlarının azad olunmasını görə bildi”.
Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atası Vaqif Nəsibov:” Oğlumun arzusu general olmaq idi. Xaliddinin əşyaları gətiriləndə arasından yarımçıq yazılmış dəftəri çıxdı. Baxdım ki, şeirlər yazıb, hətta vətənpərvərlik mövzusunda da. İndi onun şeirləri “Yarımçıq qalmış şeir dəftəri” adlı kitabda nəşr edilib. Oğlumun vətənpərvər ruhda böyüməsinə səbəb bizim ailədə, nəsildə hərbçilərin olmasıdır. Çünki o, hərbçi ailəsində anadan olmuşdu. Biz 3 qardaşıq, üçümüz də hərbçi idik. Babalarım da hərbçi olub. Dayım Mahmud Həmzəyev general olduğu üçün həmişə ona baxıb qürurlanırdı. Şəhidlik zirvəsinə ucalan Xaliddin kimi igid oğullarla gələcək nəsillər də qürur duyacaq, onlar daim ehtiramla xatırlanacaqlar. Bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Xaliddin Nəsibov kimi oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!.