lider-media.az

Rəşid Behbudovun doğum günüdür

Tarix: 14-12-2024, 15:46

Unudulmaz Rəşid Behbudov

Mənə dünya şöhrətli, ecazkar səsli bu müğənni ilə təmasda olmaq, söhbət etmək, vaxt darlığına baxmayaraq, hətta bir yerdə bir filmə baxmaq səadəti qismət olub. O günlər, o anlar ömrümün ən unudulmaz səhifələridir.

Qızmar yay günlərindən biri olsa da, aparatda iş qaynayır. Rayonda ideoloji işin təşkilinin mərkəzi olan raykomun təbliğat və təşviqat şöbəsində isə həmişəki qaynarlıq  var. Belə bir vaxtda Rayon Partiya Komitəsinin birinci katibi şöbə müdiri kimi məni yanına dəvət edib tapşırıq verir.

--Mərkəzi Komitədən zəng vurmuşdular. SSRİ xalq artisti Rəşid Behbudovun cənub bölgəsində, o cümlədən bizim rayonda konserti olacaq. Ciddi hazırlığ görün...

 Sevincimizin həddi-hüdudu yoxdur. Şöbə əməkdaşlarının bütün diqqəti bu işə yönəlir. Xəbər ildırım sürətilə bütün rayona yayıldığından yüksək zövqlə tərtib olunmuş afişaların vurulması ilə önündə anşlaq yaranması bir olur.Hamı böyük müğənninin gəlişini səbrsizliklə  gözləyir.

Nəhayət o gün gəlib çatır. Rəşid Behbudov öz truppası ilə rayonumuza qədəm qoyur.Tərtib olunmuş proqrama əsasən Rəşid müəllim gündə iki dəfə olmaqla 4 konsertlə çıxış etməli idi.

Ecazkar səsi ilə dünyanı fəth edən Rəşid Behbudovun çıxış etdiyi “Muğan” kinoteatrında hər konsert böyük anşlaqla keçir, zalda heç ayaqüstə durmağa yer tapılmır. Rayonda böyüklü-kiçikli heç kəs bu dahi sənətkarla görüşdən, onu canlı dinləmək səadətindən məhrum etmək istəmirdi.  

Rəşid Behbudovun yüksək səhnə mədəniyyəti, sehirli səsi hamını ovsunlayır, hər ifadan sonra sürəkli alqışlar kəsilmək bilmir,uzun-uzadı davam edirdi.  

Tərtib olunmuş iki saatlıq proqramda ən çox maraq doğuran sevimli müğənninin Hindistan səfərindən məşhur Rac Kapurla olan görüşlərini əks etdirən kino-lentin nümayişi idi. Tamaşaçılar Hindistan torpağında Rəşid Behbudova olan sonsuz hörmət və  ehtiramın şahidi olmaqdan əsl iftixar hissi keçirirdilər. Böyük müğənninin iştirakı ilə dörd konsertin hamısı beləcə hədsiz anşlaqla keçdi.

Həmin günlərdə “Muğan”kinoteatrında adını unutduğum bir Amerika istehsalı olan filmin afişaları  vurulmuşdu. Afişanı görən kimi Rəşid müəllim sevinclə dedi:

 --Bu filmin Bakıda nümayişi zamanı mən xarici qastrolda olmuşam. İmkan olsaydı konsertarası fasilədə filmə tamaşa edərdik.

Kinoteatrın direktoru böyük müğənninin xahişini məmnuniyyətlə yerinə yetirdi. Bütün truppa ilə birlikdə  mən də səsi bütün dünyanı heyran qoyan müğənni ilə yanaşı əyləşib filmə tamaşa etdik.

O unudulmaş günlərdən nə az nə çox-düz 40 il vaxt keçir. Hər dəfə radio dalğalarında, televiziya ekranlarında misilsiz ifası ilə ruhumuzu oxşayan Rəşid Behbudovun ecazkar səsini eşidəndə, həmin anları sanki yenidən yaşayıram.  Hind və dünya kino sənətinin ulduzlarından olan Rac Kapurun sənət dostu haqqında dediyi sözlər yadıma düşür:”Rəşid Behbudov hind mahnılarını hindlilərdən də yaxşı oxuyur”.

Bəli Rəşid Behbudovun sənəti həmişə ürəklərdə yaşayacaq ölməz bir sənətdir.

 

                                                                                                                                                         Mirzə Cəfərov,

                                                                                                                                       Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

                                                                                                                                                            Biləsuvar rayonu.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi