lider-media.az

Türkiyə və Macarıstan Mədəniyyət ili Azərbaycan bəstəkarının əsəri ilə yekunlaşıb

Tarix: 13-12-2024, 21:37

Ümummilli Lider Heydər Əliyevin anım günündə Ankarada Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əlaqələrin inkişafına töhfə məqsədi ilə əsərin səsləndirilməsi çox əhəmiyyətli və əlamətdar haldır. Müasir Azərbaycanın memarı bütün həyatı boyu Türk dünyasında xalqların bir-birinə daha da yaxınlaşdırılmasına, sıx əlaqələrin yaradılmasına can atıb.

Bu barədə AZƏRTAC--ın müxbiri ilə söhbətində dekabrın 12-də Ankarada Türkiyə və Macarıstanın Mədəniyyət ilinin başa çatmasına həsr olunmuş təntənəli proqram çərçivəsində “Gül Baba” simfonik poeması səsləndirilmiş görkəmli Azərbaycan bəstəkarı İlyas Mirzəyev deyib.

Azərbaycan bəstəkarının əsəri Türkiyə və Macarıstan prezidentlərinin də olduğu salonda gurultulu alqışlarla qarşılanıb.

Azərbaycanlı bəstəkar məlumat verib ki, simfonik poema Gül Baba Fondunun sədri, Türkiyənin tanınmış xeyriyyəçisi və sahibkarı Adnan Poladın təklifi ilə yazılıb. A.Poladın təşəbbüsü ilə daha əvvəl Budapeştdə Osmanlı dövrünün məşhur din xadimi, həyatını macar xalqına kömək etməyə həsr etmiş Gül Babanın türbə-məqbərəsi tikilib.

Türkiyə-Macarıstan Əlaqələrinin İnkişafı Fondunun sədri Rəmzi Buxaralı da əsərin yaradılması ideyasını fəal şəkildə dəstəkləyib.

“Simfonik poema üzərində iş 2022-ci ildə başa çatıb və ilk dəfə həmin il aprelin 1-də Türkiyənin Prezident Simfonik Orkestri tərəfindən ifa olunub”, - deyə İ.Mirzəyev bildirib.

Onun sözlərinə görə, Türkiyə-Macarıstan dostluğuna həsr olunmuş bu əsərin dünyanın ən yaxşı orkestrlərindən birinin - Budapeşt Simfonik Orkestrinin repertuarına daxil edilməsi planlaşdırılır.

İ.Mirzəyev Azərbaycan dövlətçiliyinin memarının xatirəsinə həsr etdiyi “Kainata gedən yol” adlı digər əsərinə də diqqət yönəldib: “Unudulmaz Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu əsər keçən il Bakıda keçirilən yubiley konsertimdə ifa olunub”, - deyə o, qeyd edib.

İ.Mirzəyev yazdığı əsərlərin Azərbaycan xalqının Ümummilli Liderinin hüzurunda, xüsusən də İstanbulda dəfələrlə səsləndirilməsindən qürur hissi keçirdiyini bildirib. “Dahi dövlət xadimi mənim orkestrlə verdiyim konsertlərdən o qədər təsirləndi ki, sonradan Bakıda qastrol səfərində olan Türkiyənin “Tekfen” orkestrindən onu yenidən ifa etməyi xahiş edib”, - deyə bəstəkar xatirələrini bölüşüb.

O, həmçinin Azərbaycanın tanınmış jurnalisti, anası Svetlana Mirzəyevanın özünü hər zaman Heydər Əliyevin yaxın silahdaşı hesab etdiyini bildirib.

“O, dahi Heydər Əliyevi yaxşı tanıyırdı. Onun səyləri ilə qeyri-adi şəxsiyyətlə görüşlər barədə xatirələrin yer aldığı “Heydər Əliyev: incəsənət bütün həyatım boyunca məni müşayiət etdi” kitabı nəşrə hazırlanıb”, - deyə bəstəkar bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi