Unutmadıq, unutmayacağıq!
“Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür. Onun zəngin irsi təkcə siyasi və iqtisadi sahələri deyil, elm və təhsil kimi strateji istiqamətləri də əhatə edir. Ümummilli liderimizin elmə və təhsilə göstərdiyi diqqət və qayğı hər zaman xüsusi önəm daşımışdır”.
Lider-media.az xəbər verir ki, bunu ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov deyib.
“Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Prezident təqaüdü təsis edildi, bu təqaüd istedadlı gənclərin elmi inkişafına dəstək olmaqla yanaşı, onların gələcəyə olan ümidini artırdı. Onun şagirdlərə və müəllimlərə olan diqqəti, məktəbin cəmiyyətin əsas dayağı kimi önə çəkilməsi ilə bağlı çağırışları hələ də yaddaşlarımızda canlıdır. O deyirdi: “Məktəb elə bir yerdir ki, burada ölkənin gələcəyi formalaşır.”
Heydər Əliyevin təhsilə sevgisi yalnız sözdə deyil, əməlində də əks olunurdu. Təhsilin keyfiyyətini artırmaq, müasir məktəblər tikmək, müəllimlərin sosial vəziyyətini yaxşılaşdırmaq kimi məsələlər onun daim prioritetləri arasında idi. Çünki o bilirdi ki, savadlı və bilikli gənclər Azərbaycanın gələcəyini təmin edəcəkdir.
Onun zəhməti sayəsində minlərlə azərbaycanlı gənc dünyanın ən nüfuzlu universitetlərində təhsil aldı, milli kadr potensialını artırdı. Heydər Əliyev təkcə lider deyil, həm də bir müəllim idi – öz millətinə, xalqına xidmət etməyi öyrədən müəllim.
Bu gün, onun anım günündə, Azərbaycan təhsilini bugünkü səviyyəyə gətirən Heydər Əliyevi bir daha minnətdarlıqla anırıq. Onun qoyduğu təməl əsasında yüksələn Azərbaycan təhsili onun ideyalarını yaşatmağa davam edir. Unutmadıq, unutmayacağıq!”.