AZƏRBAYCANIN XOŞBƏXT GƏLƏCƏYİNİ TƏMİN EDƏN DAHİ ŞƏXSİYYƏT
“Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır ”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutur. Bütün həyatını Azərbaycan xalqı və dövlətçiliyimizin taleyi ilə bağlayan yüksək insani keyfiyyətlərə, dövləti idarə etmək bacarığına malik olan Heydər Əliyev bənzərsiz və müqayisəedilməz şəxsiyyət idi. Ulu öndər xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz rol oynayıb. Dahi rəhbərin hakimiyyətdə olduğu 30 ildən artıq bir dövr ərzində qazandığımız bütün nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrəti, dühası, uzaqgörənliyi ilə yürütdüyü müdrik siyasi kurs dayanıb. Tariximizin ən çətin və keşməkeşli dövrlərində Azərbaycanın və xalqımızın nicatı, qurtuluşu və xoşbəxt gələcəyi naminə böyük siyasət meydanına atılan ulu öndər Heydər Əliyevin adı və ideyaları əbədi yaşayacaq!
Azərbaycanın çoxəsirlik dövlətçiliyi tarixində xüsusi yeri olan ulu öndər Heydər Əliyevin fəaliyyəti öz mahiyyəti və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Dünyanın nüfuzlu siyasətçiləri, görkəmli ictimai-siyasi xadimləri ulu öndərimiz Heydər Əliyevi yalnız Azərbaycanın deyil, bəşəri miqyaslı lider, hələ sağlığında ikən zamanəmizin canlı əfsanəsi adlandırmışlar. Ümummilli Lider Heydər Əliyev zamanı qabaqlayan, onun fövqündə dayanan elə dahi şəxsiyyətdir ki, o, yalnız öz dövrü üçün yaşamayıb, yalnız öz dövrünün qayğıları ilə məşğul olmayıb. Dünyada cərəyan edən proseslərə təsiri baxımından daim seçilən və qlobal dünyanın ən aktual çağırışlarına cavab verən bu dahi şəxsiyyət nəinki zamanəmizin, eləcə də bəşəriyyətin tarixinin ən görkəmli siyasi və dövlət xadimləri sırasında şərəfli yer tutub.
Azərbaycanı bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biri, xalqımızı isə nadir bir irsin varisi adlandıran ulu öndərimiz Heydər Əliyev deyirdi: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin, həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Ümummilli Liderimiz bu şərəfli missiyanı uğurla yerinə yetirərək Azərbaycanın tarixi keçmişini bərpa etdi, milli-mənəvi irsini, dəyərlərini özünə qaytardı, milli adət-ənənələrini yaşatdı, ölkəmizi bütün dünyaya tanıtdı.
Tanınmış rus jurnalisti Oleq Siqanov Heydər Əliyev fenomeninə çox yüksək qiymət verərək yazır: “Uğurla inkişaf edən hər bir ölkə öz inkişafının müəyyən ideyasına – millətin mənəviyyatının hərəkətverici qüvvəsi kimi çıxış edən, gələcəyə çox güclü bir motiv olan ideyaya möhtacdır. Lakin ümummilli ideyalar öz-özünə, heç nədən yaranmır. Heykəltəraş incəsənət əsərlərini gildən yapdığı və ya qranitdən yonduğu kimi, mənəvi və intellektual liderlər də milli ideyanı yaratmaq üçün millətin bütün yaradıcı və tarixi potensialına istinad edirlər. Heydər Əliyev lazımi vaxtda Azərbaycan üçün elə bir nadir, zəruri bənd, ziyalılar sinfinin hakimiyyət zirvəsinə çatmış elə bir nümayəndəsi olmuşdur ki, o, özünün fenomenal siyasi keyfiyyətləri sayəsində nəinki yeni milli ideyanı – müasir dövrün çağırışlarına adekvat olan yeni Azərbaycan dövlətçiliyi ideyasını ifadə etməyə, həm də millətin ən geniş, bu ideyanı həyata keçirən siyasi və intellektual qüvvələrini və Azərbaycanı mütərəqqi inkişaf orbitinə çaxarmağa qabil olan cəsarətli novatorları öz ətrafında birləşdirməyə və onları bu ideyanın həyata keçirilməsinə yönəltməyə nail olmuşdu. Əliyev hətta çoxlarının bu uğura inanmadığı, tarixin üfüqləri, tarixin perspektiv siyasi qeyri-sabitlik xaosunun təsiri ilə aradan qalxdığı vaxtlarda da bunu edə bilmişdir”.
Ulu öndər Heydər Əliyev həqiqətən də çoxlarının, bəzən isə hətta heç kəsin edə bimədiyi işləri öz dərin biliyi və bacarığı, polad iradəsi sayəsində həyata keçirməyə müvəffəq olmuşdur. Onda peşəkar siyasətçiyə və dövlət başçısına xas olan bütün nadir keyfiyyətlərlə yanaşı, fitri qabiliyyət vardı, qarşıya qoyduğu məqsədə doğru nə qədər maneələr törədilsə də qətiyyətlə irəliləyirdi. Hesablamalarında yanılmır, atdığı hər hansı addımın nəticəsini qabaqcadan görə bilir, auditoriyanı ələ almağı və müsahibini inandırmağı bacarırdı. İncə diplomatik manevrlər, gözlənilməz gedişlər, siyasətdə ardıcıllı ona daim uğur gətirib. Prezidentin uğuru isə bilavasitə dövlətin uğuru deməkdir.
Azərbaycan tarixinin önəmli və əbədi xatırlanacaq, Vətənin və xalqın taleyi baxımından çox mühüm bir mərhələsi, ötən əsrin 60-cı illərinin sonlarından başlanan və XXI əsrə adlayan bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsinin ən böyük səhifələrini təşkil edir. Azərbaycanın müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırki möhkəm təməli məhz Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.
Ötən əsrin 70-ci illərindən başlayaraq Ulu öndərimiz Azərbaycanın inkişafı və tərəqqisi, insanların firavan yaşaması üçün nə mümkün idisə, hamısını etmişdi. Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq, həmişə öz xalqı ilə birlikdə idi. Onun qayğısı ilə yaşayırdı. Ulu öndərimiz Azərbaycanı tarixin ən ağır sınaqlarından məharətlə çıxararaq müstəqil dövlətçiliyimizi qurdu, onu beynəlxalq aləmdə tanıtdı. 1993-cü ilin ortalrında dərin böhran içərisində çapalayan ölkəni intensiv inkişaf yoluna çıxartdı. 1993-cü ilin iyununda müstəqilliyini yenidən itirmək təhlükəsi , vətəndaş müharibəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etdi.
Müstəqillik illərində ulu öndərimizin onillik prezidentliyi dövründə Azərbaycan üçün gördüyü saysız-hesabsız işləri sadalamaq, sadəcə mümkün deyil. Əsası odur ki, demokratiya, insan hüquqlarının qorunması, siyasi, iqtisadi, mədəni və həyatımıızın digər sahələrinin sürətli inkişafı bir sözlə, demokratik hüquqi və dünyəvi dövlətin yaradılması dünyadakı nüfuzunun durmadan artması məhz Heydər Əliyevin misilsiz xidmətləridir. Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində, Azərbaycan diasporunun formalaşmasında və güclənməsində həlledici rol oynayıb. Nəticədə, azərbaycançılıq məfkurəsi şüurlara hakim kəsilib. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir.
Ulu öndərimizin əbədiyyətə qovuşmasından 21 il ötür. Bu illər həm də xalqımız üçün sınaq illəri idi. Sevindirici haldır ki, ümummilli liderimizin siyasi kursu bu gün Azərbaycanın və regionun yeni praqmatik lideri İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir. Yaradılmış möhkəm təməl üzərində Azərbaycan artıq daha yüksək zirvələri fəth etməklə, dünyanın ən önəmli dövlətlərindən biri kimi tanınmaqdadır.
Ümummilli lider Heydər Əliyevin anım gününü hər il milyonlarla insan qeyd edir. Fəxri Xiyabanda bu dahi insanın məzarını ziyarət edənlərin ardı-arası kəsilmir. Bu gün xalq bir daha həmrəylik nümayiş etdirərək ulu öndərin ruhu qarşısında mənəvi borcunu ödəyir. Azərbaycanın xoşbəxt gələcəyini təmin edən dünyaşöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xatirəsi qəlblərdə əbədi yaşayacaq, onun müdrik siyasi kursu Azərbaycanı daim uğurlara doğru aparacaqdır.
Nurəngiz Adilqıızı.