lider-media.az

Qazaxda 2025-ci ildə rayon ərazisində kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı görüləcək işlərə həsr olunmuş iclas keçirilib

Tarix: 10-12-2024, 11:58

Məlum olduğu kimi, “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 4 oktyabr 2023-cü il tarixli 357 nömrəli Qərarı imzalanmışdır. Sözügedən Qərara əsasən 2025-ci ilin iyulun 15-dən avqustun 15-dək Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınması həyata keçiriləcəkdir. Qərarın icrası məqsədilə “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Qazax Rayon İcra Hakimiyyəti başçısının 9 dekabr 2024-cü il tarixli 9-23/398 nömrəli Sərəncamına uyğun olaraq müvafiq yardım Komissiyası yaradılmışdır.

Komissiyanın yaradılmasında məqsəd rayonda siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsini, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılmasını, siyahıyaalmaya cəlb olunacaq təlimatçı-nəzarətçilərin və sayıcıların vaxtında müəyyənləşdirilməsini təmin etməkdir.

Dekabrın 9-da Qazax Rayon İcra Hakimiyyətinin akt zalında sözügedən məsələ ilə əlaqədar iclas keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, Komissiya üzvlərinin və RİH başçsının İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin iştirakı ilə keçirilən iclasda “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarından irəli gələn məsələlər, qarşıda duran vəzifələr müzakirə olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək iştirakçıları salamlayıb, iclasın əhəmiyyətindən söz açıb. Rayon rəhbəri inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədləri məlumatlarının aktuallaşdırılmasını və 2025-ci il aprelin 1-dən gec olmayaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin elektron informasiya sisteminə daxil edilməsini təmin etmələrini vurğulayıb. İcra başçısı bütün sahələrdə olduğu kimi, rayonda kənd təsərrüfatının siyahıyaalınması prosesinə də məsuliyyətlə yanaşmalarını, qeyd edilən vaxtda icrasını başa çatdırmalarını bildirərək Komissiya üzvlərinə, aidiyyəti şəxslərə tapşırıq və tövsiyələrini verib.

Qazax Rayon Statistika İdarəsinin rəisi Dürdanə Xəlilova çıxış edərək 2025-ci ildə kənd təsərrüfatının siyahıyaalınmasının vaxtının dəqiqləşdirildiyini, iyul ayının 15-dən avqustun 15-dək bütün təsərrüfat kateqoriyalarında aparılacağını söyləyib. Bunun üçün təqvim planının, siyahıyaalma vərəqəsi formasının və doldurulması qaydasının layihələrinin hazırlanaraq İstiqamətləndirici Komitəyə təqdim olunmasını təmin etmək məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət Texniki Komitə yaradıldığını diqqətə çatdırıb. Kənd təsərrüfatının siyahıyaalınmasına cəlb olunacaq təlimatçı-nəzarətçilərin və sayıcıların seçiləcəyini, orta hesabla 120 təsərrüfat üçün 1 nəfər sayıcının ayrılacağını, seçilmiş sayıcıların təlimatlandırılacağını diqqətə çatdırıb. D.Xəlilova kənd təsərrüfatının siyahıyaalınmasının ölkə təcrübəsində ilk dəfə olaraq planşetlər vasitəsilə həyata keçiriləcəyini bildirib. Kənd təsərrüfatına aid bütün sahələrdə - torpaq, kənd təsərrüfatı təyinatlı tikintilər, ev heyvanları, bitkilər, əkin sahələri barədə sorğu aparılacağını və bunun üçün xüsusi sorğu vərəqələrinin hazırlandığını qeyd edib. 

Sonda müvafiq Qərarın əhəmiyyəti diqqətə çatdırılaraq icra olunması sahəsində görüləcək işlər bir daha müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi