Qələbəmizin rəmzi
Zəfər paradı həm də xalqımızın Vətən sevgisinin sərgisi idi
“Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. ...Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”. Bu fikirləri Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında söyləyib.
10 dekabr 2020-ci il. Bakının Azadlıq meydanında keçirilən zəfər paradı hər birimizi qürurlandırdı, ürəkləri fərəh hissi ilə doldurdu. Bu zəfər paradı Prezident, Ali Baş Komandan İlham Əliyevin, müzəffər Azərbaycan Ordusunun, xalqının bayramı, xalq-ordu-hakimiyyət birliyinin və həmrəyliyinin təntənəsi,Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Bu, 200 ilin ən möhtəşəm, ən parlaq hərb tarixini yazan Azərbaycan Ordusunun qüdrətinin nümayış etdirdi. Vətən torpağının hər qarışı uğrunda qanı ilə tarix yazanların-şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin şərəfinin, qürurunun, igidliyinin, mərdliyinin təqdimatı idi Zəfər paradı! Zəfər paradı təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası, İslam aləmi üçün əvəzolunmaz hisslər yaşatdı.
Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, müdrik xarici siyasəti, ordumuzun misilsiz qəhrəmanlığı, millətindən, dinindən asılı olmayaraq dəmir yumruq kimi birləşən Azərbaycan xalqının sayəsində təcavüzkar Ermənistan döyüş meydanında və siyasi müstəvidə ağır məğlubiyyətə uğradılaraq 30 il işğal altında qalan torpaqlarımız azad edildi. Bununla da Dağlıq Qarabağ münaqişəsinə 44 günlük müharibədə son qoyuldu. Cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz öz tarixi missiyasını şərəflə yerinə yetirdi.Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. 44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi. Zəfər paradı bir daha göstərdi ki, ordu quruculuğu prosesi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ötən illərdə uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malikdir.
Zəfər paradında nümayiş etdirilən texnikalar dövlət başçısı İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının nəticəsi idi. Hər kəs Azərbaycan Ordusunun arsenalının müasir silahlarla təchiz edildiyinin əyani şahidi oldu. Ölkəmizin Vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bütün dünyada maraqla izlənilirdi. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur. Müstəqilliyimizin mübarizə məkanı olan Azadlıq meydanında Prezident, Ali Baş Komandan İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışları, 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, Azərbaycan Silahli Qüvvələrinin 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemlərinın, hərbi gəmi və katerlərin nümayiş olunduğu anlar tarixin yaddaşına əbədi həkk olundu. Azərbaycanın tarixi Zəfər Qələbəsinə həsr olunmuş parad ordu quruculuğunun Azərbaycan dövlətinin prioritetlərindən biri olduğunu göstərdi. Təbii ki, güclü ordu həm də güclü iqtisadiyyat tələb edir. Azərbaycanın hər il genişlənən beynəlxalq enerji layihələri, iqtisadi imkanları həbi potensialının inkişafına zəmin yaratdı. Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirdi. Son illər ərzində 20-dən çox hərbi zavodun yaradılması, 1200 addan çox hərbi təyinatlı müxtəlif məhsulların istehsalı və ixracı, ordumuzun müxtəlif ölkələrdən alınan müasir silah və texnikalarla təmin edilməsi Azərbaycan dövlətinin uğurlu hərbi strategiyasının bariz nümunəsidir.
Qalib Azərbaycan Ordusu Prezident İlham Əliyevin, zəfərimizə mənəvi-siyasi dəstək göstərən, hər bir azərbaycanlı üçün əziz olan qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə iştirak etdiyi parad Azərbaycan tarixində xüsusi əhəmiyyətə malikdir. Bu paradla Azərbaycan Respublikası 10 noyabr Bəyanatı ilə rəsmiləşdirdiyi Zəfərini, bir daha dünyaya elan etdi.Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi.
Paradda Rəcəb Tayyib Ərdoğanın həm də lirik məqamları ilə qəlblərə toxunan çıxışı Türkiyə Prezidentinin Azərbaycan coğrafiyasına, mədəniyyətinə, tarixinə, ədəbiyyatına yaxından bələd olduğunu göstərirdi: “Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü, şükür olsun, yenidən təmin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış xarı bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır. Gözəlliyinə qurban olduğumuz Laçın, Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər artıq azaddır. Bu gün Azərbaycanın milli şairi, böyük mücahid Əhməd Cavadın, Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün türk dünyası üçün zəfər və qürur günüdür”.
Xalqımızın yaddaşlarına əbədi həkk olunan Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün məğlubiyyət, işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi. Bu bir daha onu göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir.Azərbaycan vətəndaşları əbədi olaraq tarixi və əzəli torpaqlarımızda yaşayacaq, qurub-yaradacaqlar. Vətən sevgisi ilə hər qarış torpağımız tez bir zamanda canlanacaq, yurd yerlərimiz gülüstana çevriləcək.Bu gün Vətən torpaqlarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır ki, bu da olduqca qürurvericidir. Zəfər paradı ləyaqət simvolu, müstəqilliyimizin əbədiliyinin nümayişi, həm də xalqımızın Vətən sevgisinin sərgisi idi.
Müşfiq Mirzə,
Xüsusi olaraq Lider-Media.az üçün