lider-media.az

AMEA-da türkiyəli alim-jurnalist Aysel Sadak İltaşın Ulu Öndər Heydər Əliyevə həsr edilmiş "İnsan ürəyi ilə Heydər Baba" kitabının təqdimatı olub

Tarix: 7-12-2024, 10:43

Ötən gün AMEA-nın Rəyasət Heyətində türkiyəli alim-jurnalist Aysel Sadak İltaşın Ulu Öndər Heydər Əliyevə həsr olunmuş "İnsan ürəyi ilə Heydər Baba" kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstandan olan millət vəkilləri, tanınmış elm xadimləri, müxtəlif qurumların təmsilçiləri, ictimaiyyət nümayəndələri, Türkiyə və Azərbaycanın media mənsubları, eləcə də digər qonaqlar iştirak ediblər.Əvvəlcə foyedə Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə dair Azərbaycan Milli Elmlər Akademiyasında nəşr olunmuş kitablardan ibarət sərgiyə baxış olub.

Mərasimi giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət və böyük insan, XX əsrin görkəmli dünya siyasətçiləri arasında təkrarsız yeri olan Ulu Öndər Heydər Əliyevin tarixi obrazının xalqımızın yaddaşında və qəlbində əbədi iz saldığını vurğulayıb. Qeyd edib ki, dövlət müstəqilliyimizin möhkəm təməlləri, etibarlı bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycan öz inkişafının ən yüksək mərhələsinə yüksəlib.Türkiyə-Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafında Heydər Əliyevin əvəzsiz rolundan danışan akademik İsa Həbibbəyli Ulu Öndərin iki ölkə arasındakı əlaqələri XXI əsrin astanasında yeni körpülər yaratmaqla daha da möhkəmləndirdiyini və yeni dövrün böyük təməllərini yaratdığını qeyd edib. AMEA rəhbəri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin Türkiyə-Azərbaycan qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır.

Akademik İsa Həbibbəyli hazırda Türkiyə-Azərbaycan münasibətlərinin Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə uğurla davam etdirildiyini və bu dostluğun bütün dünyaya nümunə olduğunu deyib. Qeyd edib ki, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin XXI əsrdəki əbədi təsdiqidir.

O, ölkəmizin digər qurumlarında olduğu kimi, AMEA-da da hər il Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini, dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətinə dair müxtəlif kitabların nəşr olunduğunu, çoxsaylı məqalələrin yazıldığını, Ulu Öndərin parlaq  xatirəsinin böyük ehtiramla yad edildiyini bildirib. Akademik İsa Həbibbəyli “Heydər Əliyev İli” çərçivəsində AMEA-da 52 kitab və monoqrafiyanın, həmçinin 16 konfrans materialının çap edildiyini diqqətə çatdırıb, Azərbaycanda HeydərƏliyevşünaslığın yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Təqdimatı keçirilən "İnsan ürəyi ilə Heydər Baba" kitabının böyük tarixi əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayan akademik İsa Həbibbəyli qeyd edib ki, nəşrdə Ümummilli Lider Heydər Əliyevin böyük irsi, dövlətçilik tariximizdə misilsiz xidmətləri, yüksək insani keyfiyyətləri, zəngin mənəvi dünyası geniş şəkildə əks olunub. Kitabda nüfuzlu alimlərin, ictimai-siyasi xadimlərin Ulu Öndər haqqında fikirləri, dahi şəxsiyyətlə bağlı xatirələri yer alıb. Heydər Əliyevə həsr olunan bu kitab, Ulu Öndərin şəxsiyyətinə böyük hörmətin və dərin ehtiramın ifadəsidir.

Daha sonra Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin deputatı,Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxış edərək 1995-ci ildə Ulu Öndərlə ilk tanışlığından danışıb, Heydər Əliyevin yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının böyük oğlu olduğunu bildirib.

"İnsan ürəyi ilə Heydər Baba" kitabını yazarkən alim-jurnalist Aysel Sadak İltaşın Azərbaycana dəfələrlə səfər etdiyini, 51 müsahiblə görüşdüyünü deyən Şamil Ayrım qeyd edib ki, ictimaiyyətə təqdim olunan bu nəşr Ulu Öndər Heydər Əliyevi gələcək nəsillərə daha yaxından tanıtmaq üçün dəyərli töhfədir.

Millət vəkili, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov isə çıxışında Ümummilli Lider Heydər Əliyevlə sıx təmasda olmuş, onu yaxından tanımış insanların xatirələrinin toplandığı kitabın əhəmiyyətini qeyd edib.“Heydər Əliyevin Azərbaycanda hakimiyyətinin birinci, istərsə də ikinci dövründə fəaliyyətinin əsas istiqamətlərindən biri Türk dünyası ilə əlaqələrin genişlənməsi idi”, - deyə bildirən akademik Əhliman Əmiraslanov vurğulayıb ki, Ulu Öndərin müdrik siyasi fəaliyyəti Azərbaycanın bütün türk dünyası ilə əlaqələrinin inkişafında əhəmiyyətli rol oynamışdır.  O, Ulu Öndərin Türk sevdalısı olduğunu söyləyib, dahi liderin özünü bütün türklərin dostu, qardaşı hesab etdiyini bildirib.

Tədbirdə, həmçinin Xalq şairi Sabir Rüstəmxanlı, Qazaxıstan Parlamenti Senatının deputatı Darxan Kıdırali, ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, Xalq yazıçısı Elmira Axundova, Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin deputatı Cantürk Alagöz çıxış edərək kitabın əhəmiyyətindən danışıb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar. Çıxışlarda Heydər Əliyevin siyasi irsinin hər zaman zəngin mənbə olduğu vurğulanıb, Ümummilli Liderin Azərbaycan tarixindəki əvəzsiz xidmətləri barədə faktların ictimaiyyətə çatdırılması istiqamətində təşəbbüslərin təqdirəlayiq olduğu qeyd olunub. Diqqətə çatdırılıb ki, “İnsan ürəyi ilə Heydər Baba" kitabının əvvəlində müəllifin Ulu Öndərlə müsahibəsinə geniş yer verilib.

Sonda çıxış edən nəşrin müəllifi türkiyəli alim-jurnalist Aysel Sadak İltaş Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.Tədbirə yekun vuran akademik İsa Həbibbəyli qeyd edib ki, Ulu Öndər müasir Azərbaycanın müstəqilliyinin banisidir və o, zəngin dövlət idarəçiliyi təcrübəsi ilə ölkəmizin dünya dövlətləri sırasında özünəlayiq yer tutması üçün önəmli addımlar atıb. AMEA rəhbəri bugünkü Azərbaycanın uğurlarının təməlində dahi liderin arzularının dayandığını vurğulayıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin liderliyində hər birimizin arzusuna çevrilmiş Azərbaycanın dövlət suverenliyi təmin olunub, artıq bütün ölkə ərazisində Dövlət Bayrağımız dalğalanır.Akademik İsa Həbibbəyli belə bir kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirib. Vurğulayıb ki, uzun və gərgin əməyin məhsulu olan kitabda Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin bənzərsiz mənəvi obrazı yaradılıb.

Tədbir boyu Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən slaydlar nümayiş etdirilib.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi