Ukraynanın getdikcə batdığı borc bataqlığından neçə çıxacaq? - EKSPERT AÇIQLADI
“2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən bu günə qədər, yəni 2014-2024-cü illər arasında Ukrayna beynəlxalq maliyyə təşkilatlarından aldığı borc təxminən 45-50 milyard dollar, Avropa İttifaqından və digər ölkələrdən aldığı vəsait də təxminən eyni qədərdir, yəni 45-50 milyard dollar. Eyni zamanda 50 milyardlıq avro həcmində müxtəlif formalı maliyyə yardımları alıb.
Beləliklə, rəsmi bəyan edilən məlumatlara görə Ukraynanın xarici borcu 2024-cü ilin ikinci rübündə 169 milyard dolları keçmişdir”.
Lider-media.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Ukraynanın ÜDM-I isə 2023-cü ildə 207 milyard dollar olmuşdur. Bu artıq xarici borcun ÜDM-in 80%-ni keçməsi deməkdir. Gələn ilin sonuna qədər isə borcun səviyyəsinin iqtisadiyyatın həcmini keçmə ehtimalı böyükdür. Çünki, artıq Ukrayna bir neçə gün əvvəl Avropa İttifaqından 35 milyard avro məbləğində yardım almaq üçün kredit sazişi imzalayıb. Noyabrın 28-də bu təşəbbüs çərçivəsində Kiyev artıq 18.1 milyard avro alıb. Deməli, artıq borc 200 milyard dollar yaxınlaşır. Hesab edirəm ki, iqtisadiyyatı ayaqda saxlamaq, müharibəni davam etmək və digər məqsədlər üçün Ukraynaya hələ daha yüz milyardlarla dollar lazım olacaq.
Bəs bu borcları Ukrayna necə qaytaracaq?
Bu problem Ukrayna üçün “pis”, “orta” və “yaxşı” olmaqla 3 ssenari üzrə həll edilə bilər.
Pis ssenari odur ki, Ukraynanın bütövlüyü və suverenliyi ilə bağlı real risklər ortaya çıxa bilər.
Orta ssenari budur ki, Qərb Ukraynının bu borcunun qaytarılması üçün şəraitin yaradılması üçün müharibədən sonra borcun yenidən strukturizasiyasını apararaq əlverişli zaman möhlətləri təqdim edilə bilər.
Ukrayna üçün yaxşı ssenari isə bu olardı ki, Rusiyanın dondurulmuş valyuta ehtiyatları vasitəsilə Ukraynanın borcları ödənilsin.
Amma bütün bunların əsasında müharibənin nə zaman və hansı nəticələrlə bitməsi dayanır. Müharibə Rusiyanın qələbəsilə bitərsə o zaman tamamilə fərqli vəziyyət və fərqli ssenari yaranacaq“.