lider-media.az

Qələbəni görməsə də, adını qəhrəmanlar salnaməsinə yazdırdı

Baxış: 101 Tarix: 27-11-2024, 11:01

 

Vətən yolunda canından keçənlərin  hər biri qəhrəmanlıq, rəşadət, mərdlik nümunəsidirlər. Şəhid olanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Torpaq uğrunda canını fəda edən vətən övladı ölümü ilə əbədilik qazanır, şəhidlik zirvəsinə ucalır. Bu gün haqqında söz açacağımız qəhrəmanlarımızdan biri də şəhid mayor Budaqov Rəşad Ramiz oğludur.

Rəşad Ramiz oğlu Budaqov 1986-cı il martın 13-də Yevlax şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundan idi. 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Rəşad Budaqov təhsilini müvəffəqiyyətlə bitirib, 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. Ömrünün 12 ilini xalqına ləyaqətlə xidmətdə olan mayor R.Budaqov Azərbaycanın ordu sıralarında tankçı zabit kimi qulluq edib. Rəşad xidməti dövründə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib.

Azərbaycanın bir çox bölgələrində xidmət aparan Rəşad əsasən cəbhə bölgələrində olub. Cəbhənin Füzuli, Ağcabədi, Bərdə, Goranboyda yerləşən hərbi hissələrində bölük komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi çalışıb. Hər zaman düşmənlə döyüşə hazır olan şəhidimiz son olaraq Yevlax rayonu N saylı hərbi hissədə briqada komandirinin Maddi Texniki Təminat üzrə müavini vəzifəsində daşıyıb.

2016-cı ilin Aprel döyüşlərində iştirak edən R.Budaqov Ağdam istiqamətində gedən döyüşlərdə düşmənin döyüş texnikanlarını sıradan çıxarıb. Ona təhkim edilən  taborla Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Talış yüksəkliyinin işğaldan azad olunmasında böyük rolu olub.

Azərbaycan Ordusunun mayor Rəşad Budaqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Rəşad sentyabrın 30-da  Murovdağ döyüşləri  zamanı şəhid olub. Yevlax şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Rəşad Budaqov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni və  "Vətən uğrunda" medalı ilə təltif edilib. Ağır döyüşlər zamanı ilk günlərdən yaralanan şəhid mayor yaralı olmasına rəğmən silahdaşlarını tək qoymayıb. Həkimlər ona bu vəziyyətdə döyüşməsinin təhlükəli olduğunu desələr də həkimlərin təkidinə baxmayaraq, Rəşad yenidən döyüşlərə qatılıb.

Talış kəndi istiqamətində döyüşlərdə növbəti dəfə ağır yaralanan Rəşad Budaqovun həyatını bu dəfə xilas etmək mümkün olmayıb. O Vətən müharibəsində xalqına xidmətini şərəflə yerinə yetirərək, ali zirvəyə, şəhidlik zirvəsinə ucalıb. Bəli, şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Ömrünü Vətən yolunda qurban verən Rəşad qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı. Nə qədər ki canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var Azərbaycan daima yaşayacaq, ucalacaq və qalib gələcək!

 Lider-Media.az                                                                                                         


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi