Millət vəkili NATO-Azərbaycan münasibətlərindən danışdı
"Əməkdaşlığın qurulduğu 30 ildə Azərbaycanın NATO ilə əməkdaşlığını uğurlu saymaq olar. Tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak, meydana gələn təhlükəsizlik təhdidlərinə qarşı birgə mübarizə və praktiki əməkdaşlıqdan ibarətdir".
Bunu Lider-media.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan-NATO əməkdaşlığı deyərkən ilk olaraq Kosovo və Əfqanıstandakı missiyalar və ölkəmizin sülhyaratma missiyasına verdiyi töhfələr yada düşür:
"Bu il NATO-nun Baş katibi ölkəmizə səfər edib və dövlətimizin başçısı tərəfindən qəbul edilib. “NATO+1” formatında müntəzəm müzakirələr və fərqli layihələr həyata keçirilir.
Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak üzrə qabiliyyətlərin inkişafı məqsədilə müxtəlif birgə layihələr icra olunmuşdur. Avro-Atlantika məkanında ölkəmiz təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında fəal iştirak edib. Təsadüfi deyildir ki, Azərbaycan sülhməramlıları Kabil şəhərini ən sonda tərk edən qüvvələrdən biri oldu və missiyanı uğurla tamamladı.
Azərbaycan-NATO tərəfdaşlığı hər iki tərəfin ortaq maraqları, ehtiyacları və hədəflərinə söykənir. Alyansın Azərbaycana münasibəti təşkilatın ümumi tərəfdaşlıqlar siyasəti və ayrı-ayrı müttəfiq dövlətlərin mövqeyi üzrə konsensus əsasında formalaşır.
14-16 noyabr 2024-cü ildə NATO Baş katibinin İnnovasiya, Hibrid və Kiber məsələləri üzrə köməkçisi Jan Şarl-Ellerman Kinqombun rəhbərlik etdiyi nümayəndə heyəti COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində Baş katibinin köməkçisi ilə Azərbaycan Respublikasının xarici işlər naziri və energetika nazirinin müavini arasında görüşlər keçirilmişdir".