Ürəyində böyük vətən sevgisi yaşadan cəsur zabit

Vətən müharibəsində millətinə, dövlətinə və torpağına bağlılığının bariz nümunəsi, vətənpərvərliyi ilə gələcək nəsillərə örnək olan şücaətli oğullardan biri də şəhid Famil Əhmədzadədir. Şəhidliyi ilə Azərbaycan müəllimliyinin obrazını daha da zənginləşdirməyə, onu ölümsüz etməyə nail oldu. Şəhadət, Familin həyatının ən mükəmməl dərsi idi. O, bu dərsi ilə sübut etdi ki, yer üzündə ən uca ad şəhidlikdir, müəllimin isə ən mükəmməl dərsi öz şəxsi nümunəsidir…
Famil 23 sentyabr 1975-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Ailəsi İsmayıllıya köçdüyünə görə Famil 1982-ci ildə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbin birinci sinfinə qəbul edilib. Orta təhsil illərində məktəbin savadlı, ictimai işlərdə fəal şagirdlərindən biri kimi tanınıb. 1992-ci ildə orta məktəbi əlaçı məzun kimi başa vurub.
Orta məktəbi bitirdiyi il Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) Politologiya ixtisasına qəbul olub. Akademiyanın sayılıb-seçilən tələbələrindən olan Famil 1997-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. O, hərbi kafedradan məzun olduğu üçün leytenant rütbəsi alıb. Famil Əhmədzadə 1997-ci ildə məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. 1999-cu ilin əvvələrində Naxçıvan Muxtar Respublikasına hərbi xidmətə yollanıb. 2000-ci ilin 9 noyabrında hərbi xidmətdən baş leytenant kimi tərxis olunub. Hərbi xidmətdən sonra yenidən doğma məktəbində pedaqoji fəaliyyətini davam etdirib. Famil Əhmədzadə rayonda, eləcə də respublikada ən yaxşı müəllim kimi tanınıb. Onun bir müəllim kimi ən böyük arzusu vətənə layiqli vətəndaşlar yetişdirmək olub.
Famil 2020-ci ilin 27 sentyabrında – Vətən müharibəsi başlanan gün könüllü olaraq cəbhəyə yollanıb. Ürəyində böyük vətən sevgisi yaşadan cəsur zabit, müəllim Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin müdafiəsində müstəsna rol oynayıb. Oktyabr ayının 13-dən 14-nə keçən gecə Talış və Suqovuşanda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid Famil Əhmədzadənin nəşi noyabrın 3-də əvvəlcə yaşadığı evə, daha sonra İsmayıllı rayonu Şəhidlər xiyabanına gətirilərək, şəhər sakinlərinin izdihamlı yürüşü ilə dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş ublikası Silahlı Qüvvələrin hərbi qulluqçusu Əhmədzadə Famil Ağaəhməd oğlu ölümündən sonra Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı, 18 dekabr 2020-ci ildə “Döyüşdə fərqlənməyə görə” və 24 iyun 2021-ci ildə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub. Nə qədər ki canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var Azərbaycan daima yaşayacaq, ucalacaq və qalib gələcək!
Lider-Media.az