Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər
Lider-Media.az xəbər verir ki,Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yaradıcı gənclərin inkişafına, onların beynəlxalq platformalarda fəal iştirakına və mədəni inteqrasiyaya dəstək göstərir. Bu siyasət Azərbaycan gənclərini beynəlxalq səviyyədə tanıtmaq və Türk dünyası ilə əlaqələrini möhkəmləndirmək məqsədilə həyata keçirilən müxtəlif tədbirlərdə özünü bir daha göstərir.
Azərbaycanlı gənclər Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Qazaxıstanın Almatı şəhərində keçirdiyi “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər. Tədbir türk xalqları arasında mədəni və tarixi bağların möhkəmləndirilməsi, qardaşlıq və birlik ruhunun gücləndirilməsi məqsədi daşıyır.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə seçilmiş, mədəniyyətin müxtəlif sahələrində uğurları ilə fərqlənən 10 nəfər istedadlı gənc tədbirdə ölkəmizi təmsil edib.
Görüş çərçivəsində iştirakçılar Türk dünyasının mədəni irsinin təbliği ilə bağlı seminar, müzakirə və təqdimatlarda iştirak edərək düşüncələrini bölüşüblər. Gənclərimiz ortaq problemlərin həlli və birgə layihələrin reallaşdırılması istiqamətində təkliflər irəli sürüb, gənclər arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün əməkdaşlıq imkanlarını araşdırıblar.
Azərbaycan nümayəndə heyəti görüş zamanı eyni zamanda ölkəmizin zəngin mədəni irsini də tanıdaraq Türk dünyasının bir parçası kimi mədəni inteqrasiya və dialoqun inkişafına töhfə veriblər.
Tədbir Azərbaycan gənclərinin Türk dünyası ilə əlaqələrinin möhkəmlənməsi, təcrübə mübadiləsi və yeni dostluqların qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir.