Kəlbəcərin işğaldan azad edilməsi tarixi qələbəmizin daha bir təsdiqidir
Kəlbəcər şəhəri 2 aprel 1993-cü ildə qəsbkar ermənilər tərəfindən işğal edilmişdir. İşğal zamanı rayonun 511 dinc sakini öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olmuşdur. Həmçinin erməni qəsbkarlarının işğalı nəticəsində rayonun onlarla tarixi-mədəniyyət abidəsi, məktəblər, uşaq bağçaları, kitabxanalar, klub və mədəniyyət evləri, tarix-diyarşünaslıq muzeyi, xəstəxanalar, tibbi məntəqələri və yüzlərlə inzibati bina və mənzillər talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
Müharibə dövründə BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli, 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, lakin rəsmi İrəvan həmin Qətnaməni icra etməmiş, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etməmişdir. Əksinə, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.
Nəhayət, 2020-ci il “Vətən müharibəsi” zamanı bütün bu haqsızlıqların qarşısı alınmlşdır. Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. İmzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən 15 noyabr tarixində Kəlbəcərin təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizmin göstərilməsi idi.
Lakin, məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətlərini həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışlar. Nəhayət 25 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, hərbi qələbəni həm də siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Kəlbəcər qan tökülmədən, şəhid verilmədən geri qaytarılmışdır. Azərbaycan Ordusu olduqca çətin relyefə, sərt iqlimə malik olan Kəlbəcərə şəhid vermədən, bir güllə atmadan daxil olmuşdur.
Müharibə bitdikdən sonra ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilmiş və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu həmin medal ilə təltif edilmişdir.
Prezident İlham Əliyev 2021-ci il avqustun 16-da Kəlbəcər şəhərinə gələrək Azərbaycan bayrağını orada qaldırmışdır. Həmin ilin sentyabrında Kəlbəcərdə hərbi prokurorluğun binası, o cümlədən çörək sexi istifadəyə verilmiş, 26 iyun 2022-ci ildə isə Kəlbəcərdə İstisu mineral su zavodunun təməli qoyulmuşdur. Bundan sonra Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunmuşdur.
Hazırda Kəlbəcər şəhərində yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Dördmərtəbəli üç və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulan məhəllədə - 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakinin yaşayacağı planlaşdırılıb.
Ölkə başçısının xüsusi tapşırığına əsasən Kəlbəcər şəhərində bir sıra infrastrukturun yenidən qurulması, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi həyata keçirilir. Həmçinin, rayon ərazisində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulmuşdur.
Qeyd edim ki, Prezident cənab İlham Əliyev bu məqsədlərlə Kəlbəcər şəhərinə bir neçə dəfə səfər etmiş, yenidənqurma işlərində, təməlqoyma mərasimlərində və açılışlarda iştirak etmiş, şəhərdə mövcud yaşayış üçün əlaverişli şəraitlərlə tanış olmuş və həyata keçirilməsi nəzərdə tutulan plan əsasında Kəlbəcər şəhərinin daha da abadlaşdırılması və inkişafı məqsədilə öz töhvə və tapşırıqlarını vermişdir.
Kəlbəcər haqqında danışarkən, ilk öncə rayonun ərazisində mövcud olan sənaye əhəmiyyətli sərvətlərimiz, xüsusilə də qızıl, civə yataqları, mişar daşı istehsalına yararlı tuf yatağı, kərpic istehsalına yararlı gil yatağı, həmçinin perlit yatağı, üzlük daş yatağı, gözəl dekorativliyə malik mərmər oniksi nefroid yatağı və ən əsası da təbii mineral sular yada düşür. Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri, bizi dünyaya tanıdan və neçə milyon insanı sağaldaraq həyata qaytaran dirilik suyu – İSTİSU-dur. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir.
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı.