Kəlbəcərin Qəhrəman oğlu-Şahlar Əvəz oğlu Şükürov
Kəlbəcər təkcə söz adamları, ziyalıları ilə tanınmır, həm də qəhrəman, vətən üçün canından keçən igid oğulların yurdudur. Kəlbəcər -Azərbaycan xalqının tarixində 27 illik həsrət dağı, işğal edilmiş Vətən, torpaq itkisi idi. 1990-cı ildən başlayaraq xalqımızın başına gətirilən bəlalar, acılar, göz yaşları, qaçqınlıq damğası hər bir vətən övladının sağalmaz yarasına çevrilmişdi. O dövrün rəhbərlərinin səriştəsizliyi Vətən torpağını mənfur düşmənə təslim etdi. Yenicə müstəqilliyini, suverenliyini qazanmış respublikamızın ən gözəl güşələri-cənnət diyarı Qarabağ torpağı işğalçı və terrorist düşmən tərəfindən özününküləşdirildi.Canını torpağına fəda edən neçə-neçə şəhid olan, fəxrlə yad edilən oğulları var Kəlbəcərin. Bu gün şəhidlik zirvəsinə ucalan o oğullardan birinin- Şahlar Əvəz oğlu Şükürovun doğum günüdür. Yaşasadı bu gün 70 yaşı tamam olacaqdı. Şahlar Şükürov 1952-ci il may ayının 17-də Kəlbəcərin Zülfüqarlı kəndində dünyaya göz açıb. Orta məktəbi əla qiymətlərlə bitirən Şahlar Şükürov Azərbaycan Xalq Təssərrüfatı İnstitutuna qəbul olunur və 1972-ci ildə oranı əla qiymətlərlə başa vurur. 1972-ci ildə Ş.Şükürov Sovet Ordusu sıralarında hərbi xidmətə çağrılır. Ordu sıralarından tərxis olunduqdan sonra Bakıdakı islah-əmək müəssisələrinin birində işləmişdir. Sonra fəaliyyətini Ucar rayon Daxili İşlər Şöbəsində davam etdirmişdir Sonra Rostov Milis Akademiyasında təhsil alır. Əmək fəaliyyətinə Ucar rayon milis şöbəsində əməliyyat rəisi kimi başlayır. 38 yaşında mayor rütbəsinə yüksəlir və Zərdab rayon milis şöbəsinə rəis müavini təyin edilir. O, tez-tez döyüş bölgələrinə gedər torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılır. 1990-cı il 11 iyul Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qalır, burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak olur. Ş.Şükürov Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilmişdir. Zərdab rayonunda küçələrdən biri Şahların adını daşıyır. Həmçinin rayondakı məktəblərin birinə Milli Qəhrəmanın adı verilmişdir. Şahlar Şükürova həsr olunmuş “Bir elin Şahları” adlı film də ərsəyə gəlib. Filmin ssenari müəllifi Qorxmaz Şıxəliyev, rejissoru Vəli Səyyadidir.
Bir qrup Kəlbəcər sakini 2021-ci ilin sentyabrın 2-də doğma yurduna səfər edib. Onların arasında Milli Qəhrəman Şahlar Şükürovun bacısı, Başlıbeldə şəhid olan 13 nəfərin ailə üzvləri və tunel faciəsinin şahidləri olan şəxslər də var idi. Bacısı Elmira Şükürova qardaşının qəhrəmanlığından, şücaətindən və Azərbaycan dövlətinin Milli Qəhrəmanlara, ümumən şəhidlərimizə, onların ailələrinə göstərdiyi diqqət və qayğısından söz açıb: “Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin Müzəffər Azərbaycan ordusunun sayəsində doğma, füsünkar Kəlbəcəri uzun illərdən sonra ziyarət etdik. Sevincimizin həddi-hüdudu yoxdur. Əsrlərdən bəri tariximiz qəhrəmanlıq səlnaməsi, analarımız qəhrəmanlar anası kimi anılıblar. Qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana vətənin azadlığı, doğma diyarın istiqlalı, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. Dövlətimizin hər zaman xalqını və millətini, torpağını sevən, onun uğrunda canını, qanını fəda edən oğul və qızlarımızın həyat yolunu, onların amallarını öyrənməkdə, xatirələrini ədəbiləşdirməkdə böyük işlər görüb.Qardaş itkisi ağır olsa da Şahların Azərbaycanın müstəqilliyi , müqəddəs Vətən, torpaq uğrunda şəhidlik zirvəsinə yüksəlməsi hər birimizə qürur verir. Milli Qəhrəman bacısı olmaq isə hər kəsə nəsib olmur."
Oğlu polis mayoru Sənan Şükürov Kəlbəcərdə atasının qəbrini ziyarət edərək təəssüratlarını bölüşüb: ”28 ildən sonra ata yurdundayam. Bu gün atamın şəhid olduğu yaşdayam. Onun vaxtilə daşıdığı vəzifəni daşıyıram. Keçirdiyim hissləri ifadə etməkdə çətinlik çəkirəm. Həm atam üçün, həm də mənim üçün bundan böyük ali məqam ola bilməz. Bu gün fəxr edirəm ki, Milli Qəhrəman oğluyam. Hər zaman bu adı doğruldacağam." 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri dünyanı heyrətə gətirən taktiki döyüşləri ilə hərb tarixinə adını qızıl hərflərlə yazdı. Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Qarabağ savaşı uğurla başa çatdı. Məhz bu uğurlu döyüşlərin nəticəsidir ki, işğalçı ölkə məğlubiyyətini elan etdi. 2020-ci ilin noyabrın 25-də Kəlbəcər qansız-qadasız işğaldan azad edildi. Elə Şahların da ruhu azad torpaqda dolaşır.
Lider-Media.az