“Onun adını yaşatmaq üçün...”
Azərbaycanı işğalçılardan təmizləyərək, öz qanları ilə tarixin şanlı səhifələrini yazmış və şirin canlarını Vətən yolunda fəda etmiş əbədiyaşar qəhrəmanlar arasında Fəridin də adı var. Fərid Pirəli oğlu Əliyev 1994-cü il avqustun 14-də Bakı şəhərində anadan olub. 132 saylı orta məktəbdə təhsil alan Fərid, məktəbi bitirdikdən sonra 17 sayılı Bakı Peşə Liseyində oxuyub. Liseyi başa vurduqdan sonra 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. 2014-cü ildə hərbi xidmətdən qayıdaraq, mülki həyata davam edib.
Vətən müharibəsi dövründə Fərid baş rabitəçi vəzifəsini yerinə yetirib. Cəbrayıl, Qubadlı və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 5-i Şuşa istiqamətində Fərid dörd nəfər - polkovnik, zabit, rabitəçi və əsgərlə birlikdə döyüşdə olan silahdaşlarına sursat aparmağa yola düşüb. Yolda həmin maşın ermənilər tərəfindən vurulub. Bunun nəticəsində Fəridlə bərabər maşının içindəki digər yoldaşları da şəhidliyə ucalıb.Ölümündən sonra Fərid Pirəli oğlu Əliyev Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şəhidimiz haqqında daha ətraflı həyat yoldaşı Elnarə xanım şəhid yoldaşı haqqında: “Mən Fəridlə fəxr edirəm. 2018-ci ildə onunla ailə həyatı qurduq. Fəridin mənə, bizə, ailəmizə olan münasibəti, qayğısı barədə danışsam, günlər yetməz. Fərid ailəcanlı, qayğıkeş, dürüst, sadiq biri idi. Yoldaşım vətənə, torpağa çox bağlı idi. Hər zaman canını da qurban verməyə hazır olduğunu deyirdi. Şəhidə oğlunun necə addımladığını və qızını görmək qismət olmadı... Sentyabrın 28-si Fəridə çağırış gəldi və 29-u cəbhəyə yollandı. Noyabrın 5-ə kimi hər gün bizimlə əlaqə saxlayırdı. Hər danışığımızda geri qayıdacağını, hər şeyin gözəl olacağını deyirdi. Oğlumuz atası cəbhəyə gedəndə hələ yerimirdi. Fərid hər dəfə danışanda oğlumuzun necə yeridiyini, necə addımladığını görmək istədiyini deyirdi. Şəhid olacağı nə onun, nə də mənim ağlımıza gəlirdi... Fərid qız övladına çox bağlı idi, hər dəfə qız uşağı görəndə “Mənim də qızım olacaq”, deyirdi. İstərdim ki, ən azı Muradın necə yeridiyini və qızımızı görəydi...”
Şəhid xanımı çətin də olsa sözlərinə davam edir: "Son zamanlar danışanda atasını, anasını mənə əmanət etdiyini deyirdi. Amma yenə ona nəsə olacağı ağlıma gəlmirdi. Ona "Ehtiyatlı ol, hələ anadan olmamış qızını düşün, sənin övladın var", deyirdim, o da “Hamının övladı var” söyləyirdi... Noyabrın 15-i onun şəhid xəbərini aldım, 16-sı nəşi evimizə təhvil verildi. Onu itirəcəyimi heç vaxt düşünmürdüm... Övladları üçün hər şeyin ən yaxşısını istəyirdi qəhrəman ata... Murad adlı bir oğul övladımız var. Vətən müharibəsi başlayan ərəfələrdə qız övladı gözləyirdik. Fərid şəhid olduqdan sonra bir qızımız dünyaya gəldi. Onun adını yaşatmaq üçün qızımın adını Fəridə qoyduq. Şəhid qadını olaraq onu demək istəyirəm ki, həm qürur duyuram, həm də onun yoxluğuna pis oluram. Şəhid ailələrini görəndə bu dərdə necə dözdüklərini düşünürdüm, amma bilməzdim ki, mən bu dərd qarşısında dik duracağam. Mən onunla hər zaman fəxr etmişəm, indi bu fəxrim iki qat artıb”.
Lider-Media.az