lider-media.az

Şəhər gününüz mübarək,əziz Ağdamlılar.

Tarix: 20-11-2024, 08:55

 

 Bu gün -20 Noyabr Ağdam Şəhəri Günüdür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 Noyabr tarixi Ağdam Şəhəri Günü kimi qeyd olunur.27 il sonra Ağdam işğaldan azad olundu və Azərbaycan öz haqqına qovuşdu. Bu gün Ağdam yeni günün yaşayır və işğaldan azad olunan Ağdamımızda abadlıq-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin ötən ilin iyulun 31-də imzaladığı Sərəncama əsasən, noyabrın 20-də Ağdam Şəhəri Günüdür. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Ağdam rayonunun işğaldan azad olunması 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsində baş tutdu. Noyabrın 10-da Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdiyi kimi, bu bəyanatın imzalanmasının səbəbi noyabrın 9-da Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmiz olub:"Çünki noyabrın 9-da 72 yaşayış məntəqəsini Azərbaycan Ordusu işğalçılardan azad edib. Şuşanın azad edilməsi, noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi və sentyabrın 27-dən bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunun belini qırmışıq. Paşinyan məcbur olub bu bəyanata öz imzasını atır. Amma çox miskin, çox acınacaqlı durumda. Mən isə böyük fəxarət və sevinc hissi ilə bu bəyanata öz imzamı atmışam. Çünki bu bəyanat uzun illər davam edən işğala son qoyur. Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı - Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır". Bəli, beləliklə, 27 ildən sonra günəş şüaları ilə nurlanmış ağ ev Ağdam Azərbaycana qaytarıldı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistan öz işğalçı siyasətini davam etdirsə də Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. 27 il Ağdam şəhəri də daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan ərazimiz, əzəli torpaqlarımız sahiblərinə qaytarıldı. "Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər"- deyə Prezident Ağdama səfəri zamanı çıxış edərkən bildirmişdir.

Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, xalqımza məxsus dini-mədəniyyət abidələrini, yaşayış evlərini, infrastrukuru dağıtmış olsalar da, tarixi həqiqət qələbə çaldı. Bu gün nəinki, Ağdamda eləcə də işğaldan azad olunan digər ərazilərdə böyük abadlıq-quruculuq işləri aparılır. Azərbaycan Prezident İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Bu gün misli görünməmiş bərpa işləri aparılır. Nəyin hesabına? Məhz hazırlıq hesabına. Ona görə biz güclü dövlət yaratmışıq, Mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır".Görülən işlər hazırlanmış layihələr, şəhərlərin baş planı əasında sistemli olaraq reallaşır. Hər qarışında tariximizin izi olan bu ərazilərdə böyük bir xalqın izi, imzası vardır. 30 ilə yaxın işğal altında olan ərazilərimizdə sürətlə aparılan abadlıq və quruculuq işləri burada yeni müasir məkanlarımız olacağından xəbər verir. Əlbəttə ki, bu ərazilərdən erməni vandallarının izlərini silib atsaq da tariximizdə, yaddaşımızda onların törətdikləri çirkin əməlləri silinməyəcək.

Bu gün ermənilərin viran qoyduqları ərazidə irimiqyaslı layihələr icra olunur. Ağdam şəhərinin təsdiq edilmiş Baş planına uyğun olaraq, əhalinin səmərəli və yüksək həyat səviyyəsini təmin etmək məqsədilə müasir tələblərə cavab verəcək yaşayış məhəllələrinin salınması ilə yanaşı, burada işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması hədəfinə uyğun olaraq, məhəllədəki binaların enerji təchizatında alternativ enerji mənbələrindən istifadə üzrə konseptual həllər işlənmişdir. Ölkə başçısının gördüyü işlər, həyata keçirdiyi bütün layihə və proqramlar, ilk öncə milli maraqları özündə əks etdirir. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Bu gün Azərbaycanda güclü dövlət idarəçiliyi mövcuddur. Yeni reallıqlar yaradan Azərbaycan dinamik inkişaf dövrünü yaşayır. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan gələcək inkişaf strategiyasını dövrün tələblərinə uyğun olaraq müəyyənləşdirib. Uzaqgörən qərarları ilə Azərbaycan Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir irimiqyaslı layihələri ilə müasir dünyamızda etibarlı tərəfdaşlarından birinə çevrilib. İşğal altından azad olunan ərazilərimizdə abadlıq-quruculuq işələri sürətlə davam etdirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir.

Artıq görülən işlərin məntiqi nəticəsi olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış ardıcıl olaraq həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam rayonuna səfərləri və burada yeni müəssisələrin təməllərinin qoyulması tezliklə Ağdamın müasir bir məkana çevriləcəyindən və sakinlərinin əzəli torpaqlarına qayıdacağından xəbər verir. Səfərlər çərçivəsində dövlətimizin başçısının görülən işlərlə tanışlığı və yeni təməllərin qoyulması, tapşırıq və göstərişlərin verilməsi Ağdamın tezliklə qurulmasının göstəricisidir. Artıq Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin dövlət başçısı tərəfindən təməli qoyulub.

Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Əlbəttə ki, dövlət başçısının Ağdam rayonuna səfərləri bu ərazidə görülən işlərin daha sürətli reallaşmasının təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam Sənaye Parkında müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun, Ağdam Sənaye Parkında Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun, Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun açılışlarında iştirak edib.

Azad edilən Ağdamda dərhal böyük tikinti və quruculuq işlərinə başlanıldı. Ərazisinin çox hissəsi minalı sahə olsa da, təmizləmə işləri aparılmaqla yanaşı, şəhərin sosial xəritəsi tamamilə yeni və müasir şəkildə qurulmağa başlanılıb. Ötən dörd ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Ağdamın Baş planı aparıcı beynəlxalq şirkətlər tərəfindən artıq hazırlanıb və təsdiqlənib. 2021-ci il mayın 28-də Prezident İlham Əliyevə Ağdam şəhərinin Baş planı təqdim olunub və həmin gün Ağdam şəhərinin bərpasının təməl daşı qoyulub. Bununla yanaşı, ötən iki il ərzində “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Zəfər və İşğal muzeylərinin, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub. Bundan başqa, dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur.

Şəhər gününüz mübarək,əziz Ağdamlılar.

Lider-Media.az

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi