lider-media.az

Mübariz İbrahimovun komandiri olmuş şəhid mayor Elşən Orucov

Tarix: 18-11-2024, 09:08

 “Vətən üçün ya şəhidik, ya qazi, ya da sağıq” deyən mayor Elşən Orucov Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək 35 yaşında canını bu vətənə fəda etdi. Vətən müharibəsində “irəli” əmri alan müzəffər ordumuz torpaqlarımızı qarış-qarış azad etmək üçün əks-hücuma başladı. Bu irəliləyən ordunun bir döyüşçüsü də mayor Elşən Orucov idi. Uca Tanrı onun qismətinə ən uca məqamı almağı da yazıbmış - Şəhidlik məqamını…

 Haqqında söhbət açacağım növbəti qəhrəmanımızdan biridir Elşən Orucov. 1985-ci il avqustun 11-də Naxçıvan MR-nin Şahbuz rayonunun Ayrınc kəndində anadan olub. 1991-2001-ci illərdə Ayrınc kənd orta məktəbində təhsil alıb. 2001-2004-cü illərdə Naxçıvan MR Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, 2008-2009-cu illərdə Hərbi Akademiya təlim tədris mərkəzində oxuyub və leytenant rütbəsinə yiyələnib. Təyinatla Gəncə şəhər N saylı, bir il xidmət etdikdən sonra Ağdamda N saylı hərbi hissəsinə göndərilmişdi. Daha sonra bir müddət Naftalanda xidmət etdikdən sonra yenidən Ağdamda xidmətə başlamışdır. 2016-cı ildən başlayaraq  Füzuli  şəhərinin  Horadiz qəsəbəsində xidmət etmişdir. Elşən şanlı Aprel döyüşlərində iştirak edib və “İgidliyinə görə” medalı ilə təltif olunub.

Vətən Müharibəsində Füzuli-Cəbrayıl-Zəngilan-Qubadlı istiqamətindəki döyüşlərdə öz əsgərləri ilə böyük qəhrəmanlıq göstərərək düşmənin xeyli canlı qüvvəsini məhv edir, onlarla döyüş texnikasını ələ keçirir. Oktyabrın 22-də Qubadlının Muradbəyli kəndinin azad olunmasında xüsusi rəşadət göstərir, öz əsgərləri ilə birlikdə erməni ordusunun 137 nəfər canlı qüvvəsini məhv edir. Bu döyüşdə Muradbəyli kəndi düşməndən azad olunsa da, mayor Elşən Orucov və 22 əsgəri qəhrəmancasına şəhid olur.Orduda göstərdiyi xidmətləri hər zaman ölkə başçısı tərəfindən qiymətləndirilən, xidməti dövründə “Qüsursuz xidmətə görə” lll dərəcəli, “Qüsursuz xidmətə görə” ll dərəcəli medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib.

Şəhadətindən sonra da Prezident cənab İlham Əliyevin sərəncamları ilə “Vətən Uğrunda”, “Cəbrayılın azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.Torpaqtəpədə xidmət etdiyi dövrdə Milli Qəhrəman Mübariz İbrahimovun komandiri olan Elşən Mübariz kimi mübariz oğullar  yetirdi bu vətənə. Və Vətən müharibəsində tabor komandiri vəzifəsində  Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə öz taboru ilə birlikdə mərd-mərdanə döyüşdü, neçə-neçə əsgərini müharibənin odundan, alovundan qurtarıb onlara ikinci həyat verdi. Döyüşlərdə iki dəfə yaralansa da, yenə səngərə, top-tüfəng səslərinin sükutunu pozduğu o dağlara qayıtdı. Düşmənin onlarla canlı qüvvəsini məhv etdi, xeyli miqdarda silah və texnikasını qənimət kimi ələ keçirdi.

Elşən Orucov müharibənin 25-ci günü oktyabrın 22-i Qubadlının Muradbəyli kəndində snayper atəşi ilə vurularaq şəhid oldu. Nəşi düşmənlə ağır mübarizə aparılan ərazidən 13 gün sonra - noyabrın 3-ü götürüldü və noyabrın 6-sı  doğulduğu kənddə dəfn olunur. Hərb sənətinin bütün çətinliyinə qatlanan Elşənin yaşam gücü vətənə olan sevgisindən bir də sevgi dolu ailəsindən qaynaqlanırdı. Könül verdiyi Əfsanə xanımla sevgisini etiraf etdikdən 4 il sonra 2008-ci ildə qovuşan Elşən həm də çox gözəl ata idi. İki qız övladı onun sevinc dolu dünyası idi. Hər zaman “Müharibə olarsa öndə mən gedəcəm. Siz möhkəm olun” deyən Elşən sanki ailəsini həmin günlərə hazırlayırdı.13 illik ömür yoldaşına olan güvəni onun ürəyini arxayın etmişdi. Şəhidin qazandığı məqamın ucalığını dilə gətirən qəhrəman hər zaman o məqama yüksəlməyin arzusunda idi.

Elşən son dəfə 2020-ci ilin sentyabrında sonlarında evinə gəlmişdi.  “Şəhidlərimizin qisasın alacam, Polad Həşimovun qanını yerdə qoymayacam” deyir və ailəsi ilə vidalaşır. Onun döyüş yolu Füzuli istiqamətində gedən döyüşlərdən başlayır. Oktyabrın 10-u qərərgah rəisi təyin olunur və Cəbrayıl istiqamətinə göndərilir. Döyüşlərdə düşmənin külli miqdarda silah – sursatını, texnikasını ələ keçirir, 4 yüksəkliyin əldə olunmasında müstəsna rolu olur. Hər dəfə sevincini xanımı Əfsanə ilə bölüşən Elşən qazanılan zəfərdən güc alır. Oktyabrın 15-i Əfsanə xanım Elşənlə danışdığı zaman partlayış səsi eşidir və telefon sönür. Bir müddət sonra zəng edib lakin hər şeyin qaydasında olduğunu deyir. Ancaq səsindən acısı hiss olunur. Qəlpə yarası almağına baxmayaraq Elşən döyüşə davam edir. Elşən oktyabrın 19-da “Zəngilanda bayrağımız sancılan yerdən sizə zəng etmişəm, gedirəm Kəlbəcərə” deyir və bu onun son zəngi olur.

 Oktyabrın 21-dən 22-nə keçən gecə şəhidimizin qızı Aygün yuxudan oyanaraq Atasının səsini eşitdiyini, sanki bir daha atasını görə bilməyəcəyini deyir. Həmin gecə görülən qəribə bir yuxu da Əfsanə xanımın gördüyü yuxu olur. Elşənin cənnəti əks etdirən bir yerdə süfrə arxasında ağ libasda oturması və “Əfsanə gör nə gözəl yer tapmışam, buradan heç kimin xəbəri yoxdu deməsi” Elşənin şəhid olduğunun xəbərçisi idi.O, qardaşı Rövşənə də hərbçi peşəsini seçməyi tövsiyə edib, qardaşını da özü kimi hərbçi görmək istəyib. Rövşən Əlahiddə Ümumqoşun Orduda MAHHXQ-dir. Müharibə vaxtı o da döyüşlərə könüllü yazılıb. İndi onun bir amalı var. Qardaşının və minlərlə vətən oğlunun qanı, canı bahasına alınan o vətən torpaqlarını  göz bəbəyi kimi qorumaq!                               

İki qardaşın bir bacısı olan Gülşən müharibə vaxtı düşünürdü ki, qardaşı Elşən Aprel döyüşlərində olduğu kimi  bu döyüşlərdən də sağ salamat qayıdacaq. Amma... Elşən müharibədən qayıtdı. Ancaq üçrəngli bayrağa bürünmüş tabutu ilə, onlarla insanın çiyinləri üstündə, gül çiçəklə, alqış sədaları ilə qayıtdı. “Düşünürdüm ki, qardaşım bu qələbəni öz gözləri ilə görəcək. Amma qismət olmadı onun dəfnindən iki gün sonra Ordumuz zəfər çaldı. Şükürlər olsun ki, qardaşımın qanı yerdə qalmadı, Elşən mənim fəxrim, qəhrəmanımdı. O həmişə fərqləndi, bu dünyadan  gedişi də fərqli oldu, o torpaqlara bayraq sancmaq  da ona  qismət oldu, şəhidlik də…  Onu Tanrı da seçdi. Ən uca zirvəyə yüksəltdi. Adına layiq bir yerdədi qardaşım”. 

Bəli, şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Ömrünü Vətən yolunda qurban verən Elşən qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı. Nə qədər ki canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var Azərbaycan daima yaşayacaq, ucalacaq və qalib gələcək!

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi