lider-media.az

  “ Ağlamıram, qəhrəmanı ağlamazlar”

Tarix: 17-11-2024, 12:46

 

 Bu sözlər şəhid Kərim Əliyevin atası birinci Qarabağ savaşının qəhrəman döyüşçüsü, qazi Məhəmmədəli Əliyevin böyük ürəyə sahibliyidən xəbər verir. "...Yox, yox, ağlamıram. Qəhrəmanı ağlamazlar… oğlumla - Kərimimlə fəxr edirəm. Oğlum fərari olsaydı, düşmən qabağından qaçsaydı, fərsiz övlad böyütdüyüm üçün ağlayardım, deyir. Mən özüm Qarabağ qazisiyəm. Haralarda döyüşməmişəm?! Şuşa… Laçın… Qubadlı, Göranboy, Tərtər istiqamətində gedən qanlı döyüşlərdən çıxmışam. Vaxtilə Gülüstan istiqamətində gedən döyüşlərdə ağır yaralanıb, qazi olmuşam. Allah kişini, oğulu qeyrət qalası kimi dünyaya gətirib. Oğul düşmənə çəpər olmalıdır. Vətəninin qeyrətini çəkməlidir. Mən oğlanlarımın ikisini də belə böyütmüşəm. Hərbiçinin öz həyatı olur. Qanı var, qadağası var… Ölümü var, əcəli var. Amma demişdim ki, üstümə cənazənizi gətirsələr, birinci çevirib kürəyinizə baxacam. Əgər arxadan yaralanmısınızsa, əgər güllə arxadan dəyibsə, onda deyəcəm ki, mənim oğlum deyil… Çox şükür ki, üzümü qara etmədilər. Mənim gedə bilmədiyim yolu Kərim getdi… Müharibəyə getdiyini bizə bildirmədi. Müharibədən bir gün öncə evə gəlmişdi. Vaxtaşırı gəlirdi. Burada, İsmayıllıda təlimdə idilər. Sonuncu dəfə gələndə gecədən xeyli keçmişdi. Gördüm, Kərim yatmayıb. Düşüb həyətdə gəzir, eyvanda oturub həyətə tamaşa edir… Sonra gördüm ki, gecədən xeyli keçməsinə baxamayaraq, yatdığı otağın işığı sönməyib. Keçdim onun yanına, gördüm yataqda uzanıb, gözünü yuxarı zilləyib baxır. Nə isə fikirləşir. Nə qədər etdim, bir söz demədi. Səhər gedəndə məni bağrına basıb bərk- bərk qucaqlayıb “veteran, özünü qoru” dedi. Dedim, sən də özünü qoru, sən əsgərsən…Ehtiyat əsgərin silahıdır…

Sentyabrın 27-də müharıbə başlaması xəbərini eşitdim, başa düşüdüm ki, Kərimim niyə yatmırmış, nəyi fikirləşirmiş. Anası danışığımızı eşitməsin deyə bağa tərəf gedib Kərimə zəng vurdum. Döyüşdə idi… Mənə zarafatca dedi ki, “Ey, Qarabağ qəhrəmanı, qazi atam, özün müharibə görmüş kişisən. Müharibədir, haqqını halal eylə. Bu yolun gedişi olur, bəzən dönüşü olmur… Ya torpaqları azad edən qəhrəmanlardan olacam, ya da torpaq, vətən uğrunda namusla döyüşüb şəhid olub, üç rəngli bayrağa bükülüb gələcəm… Elə də oldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən oğlum Kərim  də "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib”. Bir gözü gülüb, bir gözü ağlayır sanki atanın. Məhəmmədəli kişinin bu xatirəsi sanki bir dastandır. Kitablara sığmayan əbədiyyət dastanı.   

 Anasının söylədiklərindən :" Səhər təzəcə açılmışdı. Kərimdən zəng gəldi. Bu vaxtlar Kərim zəng etməzdi. Amma kefi kök, şən idi. Silah səsi gəlirdi. Dedim ki, Kərim haradasan? O nə səs küydür? Dedi ki, ana, qorxma və məndən narahat olma. Qarabağdayam. Zəng etdim ki, səndən halalıq alam. Haqqını halal et. Əgər, şəhid olsam, məni ağlama. Mərd ol, möhkəm ol. Şəhid olsam bil ki, qorxaq kimi deyil, qəhrəman kimi şəhid olmuşam. Mənimlə bütün həyatın boyu iftixar duyacaqsan. Dedim ki, Kərimim mən sizinlə həmişə iftixar duymuşam. Çalış ki, mənə bu acını yaşatmayasan…"

Dayısı, ehtiyyatda olan polkovnik  Müşviq Səfərov Kərimlə bağlı xatirələri kövrək notlara köklənib: "Bir hərbçi, Vətəninə qulluq etmiş bir insan kimi vətənimin, bu gözəl Azərbaycanımın Kərim kimi bir oğlu olduğu üçün bir dayı kimi, eyni zamanda bir vətəndaş olaraq onu yaxından tanıdığım üçün çox qürurluyam. Kərim təkcə mənim bacım oğlu, bir ailəyə, bir kəndə mənsub qəhrəman deyil, bütövlükdə vətənin oğlu idi. Onun itkisi də hesab edirəm ki, vətənimin itkisidir. Ona görə də Vətən başın sağ olsun, deyirəm. Bir ölüb min dirilərik, təki vətən sağ olsun. Kərimdə əsl hərbçi xasiyyəti var idi. Möhkəm idi. Ağzıbərk idi. Vətənsevər idi…Birdə gördüm ki, Kərim ön cəbhədə hərbi hissələrin birində MAXE kimi qulluğa başlayıb. Bir qədər orada qulluq edəndən sonra Kərim dedi ki, «dayı mən XTQ-də qulluq etmək niyyətindəyəm. Orada qulluğun özəllikləri olduğunu, seçimdən keçməyin asan olmadığını  Kərimə söylədim. Bilirdim ki, XTQ-də qulluq etmək üçün 100 nəfərdən beş nəfəri, üç nəfəri dözüb sona kimi qala bilmir… Söhbətimizin üstündən 6 ay keçmişdi ki, Kərim mənə zəng edib XTQ-nin kursunu bitirdiyini və xidmətə başladığını dedi. O gün mənim həyatımın ən xoş, ən gözəl sevincli günü idi.. Kərimin boy-buxunu, çəkisi, fiziki hazırlığı XTQ-də xidmət üçün yarayırdı. Amma onun dözümünü, dəyanətini bilmirdim. Bu xəbər mənim üçün çox qiymətli xəbər idi. Kərim özünə diqqət verən hərbiçi idi. Çalışqan idi. Yorulmaq nə olduğun bilməzdi. Demək olar ki, bütün silah növlərindən peşəkarcasına istifadə etməyi bacarırdı. Təlimlərdən əlavə mütaliə etməyi xoşlayardı. Müharibənin ilk günündən oktyabrın 17-nə kimi onunla mütəmadi telefon əlaqələrimiz olub. Kərimin gözəl xasiyyəti vardı. Adama ruh, güc, qüvvət verməyi bacarırdı. Xaraktercə çox nikbin idi. Adamı inandırmağı bacarırdı. Mən ona telefonda Qartal deyirdim. Hər zəng edəndə, «dayısının qartalı vəziyyət necədir?», soruşurdum. Cavabı da belə idi: «Qartal qarğaları təmizləyir. Bizim vətənimizdə leş qarğası olmamalıdır. Qələbə bizimlədir, cənab polkovnik, ürəyin rahat olsun».

 Qardaşı Rüstəm də qürurludur: "Mən yaşca Kərimdən böyüyəm. Bu «Yaşca böyük» sözünü də təsadüfən demədim. Amma əməlcə, məsləkcə böyük Kərimdir. Hərdən düşünürəm, mən böyük idim. Kaş ki mən şəhid olardım. Vətən Müharibəsi iştirakçısıyam, başqa qoşun növündə ön cəbhədə döyüşçü olmuşam. Amma şəhidlik zirvəsinə Kərim ucaldı. Gör Allaha nə qədər əziz, yaxın, gözəl əməl sahibimiş ki, mənim qardaşım, Allah şəhidliyi ona verdi…Mən qardaşımla qürur duyur, fəxr edirəm. Kərim sağlığında mənə qardaş olaraq başqa bir həzz yaşatmışdı, indi də vətəndən, döyüş yoldaşından, dostundan ötrü ölmək kimi qəhəmanlığı əyani göstərən bir insanın, bir Qəhrəmanın qardaşı olmaq qürurunu yaşadır. Böyüklük budur. Ucalıq budur. Ölməzlik budur. Ruhuna salam olsun, mənim Qəhrəman qardaşım."

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi