lider-media.az

Şəhidlik zirvəsindəki 50 yaş - Elgün İsmayılov adına yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

Tarix: 16-11-2024, 10:07

Yaşasaydı bu gün 50 yaşı tamam olacaqdı. Oğlu, qızı, bəlkə nəvələri də başına toplaşıb şənlənəcək, şəninə ən xoş sözlər söyləyəcəkdilər. O, Vətəni yaşadanlardan, sevdiyi müqəddəs torpaq üçün canını qurban verənlərdən oldu. Döyüşə qəhrəman olmaq, tarixdə əbədiləşib yaşamaq üçün getməmişdi. Bircə məqsədi var idi. Babalardan miras qalmış Vətən torpağını qorumaq.

AZƏRTAC xəbər verir ki, ömrünün 20-ci baharında Murovdağın zirvəsində şəhadətə yüksələn Elgün İsmayılovun unudulmaz xatirəsi yalnız ailəsində, oxuduğu məktəbdə deyil, həm də bir zamanlar çalışdığı “Azərbaycan” qəzeti redaksiyasında daim ehtiramla yad edilir. Hər il şəhidin doğum günündə redaksiya kollektivi onun İkinci Şəhidlər xiyabanındakı müqəddəs məzarını ziyarət edir, üzərinə tər çiçək dəstələri düzürlər.Şəhid Elgün İsmayılov 1974-cü il noyabrın 16-da Bakıda anadan olub. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılaraq elə həmin ilin oktyabrında N saylı hərbi hissənin briqadasının tərkibində Füzuli rayonuna göndərilir. O, Horadizin düşməndən azad edilməsi uğrunda döyüşlərdə iştirak edir və göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırılır.1994-cü ilin yanvarında hərbi briqadanın yeri Kəlbəcər bölgəsinə, Murovdağ istiqamətinə dəyişdirilir. Komandanlığın onun barəsində verdiyi arayışda göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murovdağda bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak edib. 1994-cü il aprelin axırlarında aparılan hərbi əməliyyata görə Elgün İsmayılov komandanlığın fəxri fərmanına layiq görülür. Mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün də olur. Düşmən hücumuna məruz qalan igid kəşfiyyatçı son nəfəsinədək döyüşərək şəhidlik zirvəsinə ucalır.

2003-cü ildən redaksiyada Elgünün döyüş yolunu əks etdirən stend yaradılıb. Elə həmin ildən başlayaraq redaksiya əməkdaşları arasında şəhidin xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilir.Redaksiyada ənənəvi tədbir Vətən uğrunda canlarından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başladı.“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxış edərək bildirib ki, bugünkü müsabiqəmiz Azərbaycan üçün çox önəmli, tarixi günə - COP29 kimi möhtəşəm tədbirin keçirildiyi günə təsadüf edir. “Azərbaycan” qəzeti həmişə vətənpərvərlik mövzusunda dərc olunan məqalələri ilə xüsusi olaraq fərqlənib. Redaksiya əməkdaşlarının Elgün İsmayılovun xatirəsinə həsr olunmuş bu yaradıcılıq müsabiqəsinə ardıcıl olaraq 22 il vətənpərvərlik mövzusunda məqalələr təqdim etmələri də bunun əyani təsdiqidir.

Baş redaktor çıxışında xüsusi vurğulayıb ki, Vətən müharibəsində əldə etdiyimiz Şanlı Zəfər həm də Birinci Qarabağ savaşında torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolunun gənclərə əsl örnək olduğunu sübuta yetirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı tarixi Qələbə sayəsində xalqımızın milli qüruru özünə qayıtdı: “Bu gün bizlər ömrünü vətənə fəda edən igidlərimizə borcluyuq. Qalib xalqın nümayəndələri kimi Elgünün xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsini də artıq dörd ildir ki, Zəfər ab-havası ilə qeyd edirik. Döyüş meydanında düşmənin başını əzərək şəhidlərimizin qisasının alınması, bütün ərazilərimizdə dövlətimizin konstitusion əsaslarının bərpa olunması bizə qürur hissi bəxş edir”.

Bəxtiyar Sadıqov vurğulayıb ki, indi xalqımız Qarabağ və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuğun təntənəsini yaşayır. Budəfəki müsabiqəyə təqdim olunmuş jurnalist yazılarının hər birinin Vətən müharibəsi qəhrəmanları, işğaldan azad edilmiş ərazilərimizdə icra edilən bərpa-quruculuq işləri ilə bağlı olması da bu baxımdan təsadüfi deyil. Builki müsabiqənin yekunlarına görə, redaksiyanın əməkdaşları - Yasəmən Musayeva, Zöhrə Fərəcova və Rəşad Baxşəliyev vətənpərvərlik mövzusunda dərc olunmuş yazılara görə “Azərbaycan” qəzetinin fəxri diplomu və pul mükafatları ilə təltif olunublar.Tədbirdə çıxış edən Zöhrə Fərəcova qeyd edib ki, bu gün hər birimiz xalqımıza bu şanlı Zəfəri yaşadan qəhrəman şəhidlərə, qazilərə, Vətən üçün canını qurban verməkdən çəkinməyən cəsur oğullara borcluyuq.Müsabiqənin qaliblərindən olan Yasəmən Musayeva isə deyib ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində gözlərini belə qırpmadan Vətənimizin bütövlüyü naminə həyatlarını qurban verən igidlərimizin əziz ruhunu şad etmək, onların xatirəsini əbədiləşdirmək bir jurnalist olaraq məsuliyyətlidir.

Qəzetin əməkdaşı, 44 günlük vətən müharibəsinin könüllü iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan baş leytenantı Rəşad Baxşəliyev bildirib ki, bu gün şəhid həmkarımız Elgün İsmayılovun ruhu şaddır: “Qırx dörd günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərimizdə payı olan Azərbaycan Ordusunun zabiti kimi qürurluyam ki, mən həm də “Azərbaycan” qəzetində Elgünün davamçısı oldum və şəhid qardaşımızın qisasını alıb qazi kimi redaksiyamıza qayıtdım”.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi