“Səngərdə şəhid olacam”
Vətən Müharibəsinin şəhid giziri Azayev Sadiq Xubyar oğlu Quba rayonunun Qonaqkənd qəsəbəsində 11 avqust 1992-ci ildə dünyaya göz açıb. Atasını vaxtsız itirib. Üç bacının bir qardaşı olub Sadiq.1998-2009-cu illərdə A. Aslanov adına Qonaqkənd qəsəbə tam orta məktəbində təhsil alıb. 2010-cu ildə hərbi xidmətə yollanıb. Sadiq 2016-cı ildə orduda gizir rütbəsi ilə çalışmağa başlayıb. Beyləqan rayonunda Haramı düzündə 3 ildən çox xidmət edib. Vətən müharibəsinə komandir kimi qatılıb. Oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə mərdliklə şəhadətə ucalıb. Silahdaşlarının sözlərinə görə, Sadiq onları mühasirədən çıxarıb, özü isə şəhadət şərbəti içib. Sadiq Azayev ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Azərbaycan Ordusunun giziri olan Sadiq Azayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Bacısı Mələk: “O sıradan, yaşıdları kimi uşaqlıq yaşamayıb. Evdə onu axtaranda atın belində meşədə tapırdıq. Gözündə heç vaxt qorxu olmayıb. Uşaqlıqdan kişi kimi mərd böyümüşdü. Bununla yanaşı çox da səmimi idi. Hansı evə yad girsə, o evdən doğma çıxırdı. Dostcanlı, zarafatcıl, idi. Məktəbi yaxşı oxumayıb, amma ki, həyatı elə gözəl öyrənmişdi ki... Hər bir şeylə maraqlanırdı. Sadiqin həyatı elə olub ki, ondan kino çəkilər. Müharibə zamanı ailəsi ilə danışmadı. Fikri bizdə qalar, kövrələrik deyə əlaqə yaratmırdı. Təkcə bibim oğlu ilə əlaqə saxlayıb. Son dəfə deyib ki, mən ya neytralda, ya da düşmən səngərində şəhid olacam. İmkan vermərəm ki, düşmən bizim səngərə yaxınlaşsın. Dediyi kimi də olub. Çox şücaətlər göstərib. Qardaşımgilin yaxınlığında digər posta düşmən basqın edib, mühasirəyə salıb. O, təkbaşına çıxıb və ordakıların köməyinə yetişib. Ona deyiblər ki, getmə, onların vəziyyəti çox pisdir. 20-dən çox əsgəri ölümdən qurtarıb. Özü isə şəhid olub”.
Sadiqin həyatını xilas etdiyi silahdaşlarından biri nəql edir: “Mən yaralananda Sadiq başımın üstə durub, qışqırırdı ki, təxliyə harda qaldı axı? Onun səyi nəticəsində yardım gəldi, məni çıxartdılar. Heç vaxt yadımdan çıxmaz. Sadiq gəlməsə, bizi minamyotla vuracaqdılar və heç birimiz sağ qalmayacaqdıq”.
Sadiq minamyotçu ermənini və daha bir neçəsini vurub. Özü isə açıq, üzbəüz döyüşdə, neytral zonada 6 metrlik məsafədən başından güllə yarası alıb. Bunlar onun döyüş yolunun sadəcə cüzi hissəsidir. Hamı deyir ki, Sadiq əvəzolunmaz insan idi. Döyüş yoldaşlarına, əsgərlərinə qarşı həssaslığı hər adamda olan bir xüsusiyyət deyil. Əsgərləri şəhid olmasın deyə özünü sipər edib.Qələbəyə qanları ilə imza atan şəhidlərimiz bizlərə ömür boyu haqqında danışacağımız dastan qoyub getdilər. Özlərini doğmalarının gələcəyi üçün fəda edən polad ürəkli mübarizlərimiz, vətən sizi unutmayacaq!
Lider-Media.az