lider-media.az

ASAP tərəfindən Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

Tarix: 10-11-2024, 20:58

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən Türkiyə, Avstriya, Gürcüstan, Macarıstan və Böyük Britaniyada 8 Noyabr - Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

 

Lider-Media.az-a Azərbaycanlı Tələbələr və Məzunlar Platformasından (ASAP) verilən məlumata görə.Avstriyada yaşayan azərbaycanlı gənclər Vyana şəhərində yerləşən Azərbaycan Mədəniyyət Evində bir araya gələrək Zəfər Gününü qeyd ediblər. Görüş zamanı dörd il bundan öncə sentyabrın 27-də erməni təxribatına cavab olaraq, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında əks-hücuma keçən Azərbaycan Ordusunun göstərdiyi rəşadətdən danışılıb. 44 gün davam edən və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən Vətən Müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyi vurğulanıb. Eyni zamanda, Qarabağda aparılan bərpa və yenidənqurma işləri ilə bağlı təqdimat nümayiş olunub. Tədbir iştirakçıların Zəfərdən sonra Qarabağda yenidənqurma prosesinə xaricdə təhsil almış gənclərin cəlb edilməsi və onların xarici ölkələrdə qazandıqları təcrübələri ölkəmizdə tətbiq etməsi ilə bağlı müzakirələri ilə davam edib.

Türkiyənin İstanbul şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib. Üsküdar Universitetində baş tutan tədbir zamanı universitetin rektoru Nazife Güngör azərbaycanlı tələbələri salamlayıb, onları bu tarixi gün münasibətilə təbrik edib, Azərbaycanın İkinci Qarabağ Müharibəsində qələbə qazanaraq 30 illik həsrətə son qoymasından danışıb. Bildirib ki, Türkiyə-Azərbaycan qardaşlığı şanlı qələbənin əldə edilməsində əhəmiyyətli rol oynayıb və postmüharibə dövrünün yeni reallıqları şəraitində də gücünü və nüfuzunu bütün dünyaya göstərir. Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun nümayəndəsinin də iştirak etdiyi tədbirdə gənclər Zəfər tariximiz və qəhrəman şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu ilə bağlı müzakirələr aparıblar.Böyük Britaniyanın paytaxtı London şəhərində Zəfər Gününə həsr olunmuş Azərbaycan Mədəniyyəti Günü keçirilib. Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, ASAP və LSE Universiteti Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə gənclər Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin olunması naminə aparılan Vətən müharibəsində xalqımızın qazandığı parlaq zəfərdən danışıblar. Tədbir zamanı həmçinin milli mədəniyyətimizi özündə əks etdirən Azərbaycan stendləri də qurulub. Stendlərdə Azərbaycanın milli mədəniyyət nümunələri, o cümlədən əl sənəti və milli mətbəximizin nümunələri təqdim olunub, iştirakçılara ölkəmizin tarixi və mədəniyyəti barədə ətraflı məlumat verilib.
Zəfər Günü münasibətilə Azərbaycanın Gürcüstandakı Səfirliyi və ASAP-ın tərəfdaşlığı ilə Gürcüstanın Tblisi şəhərində tədbir baş tutub. Gürcüstanda yaşayan tələbə və məzunların iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti ilə hələ 90-cı illərdə bugünkü Zəfərin təməlinin qoyulmasından və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun şücaəti ilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması haqqında danışılıb, Azərbaycan həqiqətlərinin ictimaiyyətin diqqətinə çatdırılmasında gənclərin rolu kimi mühüm mövzular ətrafında müzakirələr aparılıb. Eyni zamanda Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub.
 
Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, ASAP və Azərbaycan Macarıstan Məzunlar Birliyinin (AHAU) birgə təşkilatçılığı ilə Macarıstandakı Azərbaycan Evində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş “Vətəni hiss et!” adlı tədbir keçirilib. Tədbirdə gənclər Ordumuzun Vətən müharibəsində göstərdiyi şücaət və Zəfər Gününün önəmi haqqında danışıblar. Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən davam etdirilən uzaqgörən siyasət nəticəsində şanlı Ordumuzun ərazi bütövlüyümüzü tam bərpa etməsi ilə tarixi ədalətin bərqərar olmasının qürurverici hal olduğu vurğulanıb. Həmçinin, Macarıstanda yaşayan azərbaycanlı gənclər Böyük qayıdış prosesində cəmiyyətin bütün üzvlərinin, xüsusilə də gənclərin rolu kimi mövzularla bağlı müzakirələr aparıblar.

 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi