OD ÇƏRŞƏNBƏNİZ MÜBARƏK!
Bu gün Od çərşənbəsidir. İlin axır çərşənbələrindən ikincisi olan Od çərşənbəsinə xalq arasında "Üsgü çərşənbə", "Üsgü gecəsi", "İkinci çərşənbə", "Addı çərşənbə", "Atəş çərşənbə", "Xız çərşənbə", "Xızır çərşənbə" də deyirlər. Od Günəşin yerdə rəmzidir. Çünki od Günəşin rəngini özündə təcəssüm etdirməkdən başqa, onun 2 əsas xüsusiyyətini - işıqlandırmaq, aydınlatmaq və istilik, hərarət vermək xüsusiyyətlərini daşıyır.
Keçmişdə od çərşənbəsində insanlar odu və Günəşi müxtəlif mərasimlər, nəğmələr vasitəsilə əzizləmişlər. İnanmışlar ki, belə olsa, təbiət tez isinər, adamlara xoşbəxtlik gətirər. Odun Günəşin simvolu kimi rəmzləşdirilməsi Zərdüştilikdən çox-çox əvvələ aiddir.
Od çərşənbəsində bir çox mərasimlər icra olunur ki, onlardan biri də "Qodu-qodu"dur. O, Günəşin rəmzi olan bəzədilmiş gəlinciyin vasitəsilə həyata keçirilir. Bu barədə məlumata hələ XIX əsr mətbuatında rast gəlirik. Oğlanlar əllərindəki ağacları yerə döyə-döyə oxuyar, həyətləri gəzərək mahnının əvəzində ev sahiblərindən pul, yarma, un, yağ, yumurta və s. alardılar.
Qodu xan" adlanan mərasim isə bir qədər fərqlidir. Odlu çərşənbədə adamlar sübh tezdən hündür bir təpənin üstündə tonqal qalayardılar. Həmin tonqalın dövrəsinə toplaşıb Günəşin doğmasını gözləyərdilər. Elə ki, Günəş doğdu, hamı onu salamlayaraq "Qodu xan" nəğməsini oxuyar, tonqalın başında dövrə vurar, sonra da hərə tonqaldan öz məşəlini yandırıb, ocaqlarını alışdırmaq üçün evə tələsərdi. Adamlar tonqalın dövrəsinə dolandıqca, eləcə də gəlib öz ocaqlarını yandırdıqca oxuyardılar.
Od insanı yaşadığı yerə bağlayıb. Babalarımız insanın məskən saldığı yerə ocaq deyib. Folklorumuzda odla bağlı, oda münasibəti əks etdirən bir çox nümunələr - atalar sözləri, inanclar, andlar, alqışlar, qarğışlar, tapmacalar vardır.
Çərşənbə tonqalına ağlayan ağaclar, yaş və tüstülənən ağaclar, həmçinin bar verən alma, nar, heyva və s. kimi ağaclar atılmazdı. Bunun üçün meşə ətrafından, çöllükdən toplanan kol-kosdan, çırpıdan, quru odun parçalarından və qaratikandan istifadə edilməlidir. Çünki şər qüvvələr, cin-şayətin xalqın təsəvvürünə görə, odu söndürməyə çalışar, lakin qaratikanın batacağından qorxub ehtiyatlanar, tonqala yaxın gəlməzlər. Od-alovun kəsərini daha da artırmaqdan ötrü onun üzərinə üzərlik toxumu səpərlər, bundan əmələ gələn tüstünün acı qoxusu tonqalın üstündən hoppananları azar-bezardan, bəd nəzərdən qoruyardı. Tonqala hər ailə üzvünün, hətta doğulmayıb ana bətnində olan körpənin adına bir odun, yaxud bir çöp atmalıydılar. Vaxtilə ev heyvanlarını, mal-qaranı iki tonqalın arasından keçirmək adəti olmuşdur.
Çərşənbə tonqalını su ilə söndürmək olmaz. O, özü axıradək yanıb sönməlidir.
Orta əsrlərdə kəndin əsas tonqalı sönməyə yaxın - qor halına düşdükdə onu diametri 5 metr, qalınlığı 5 sm olan bir çevrədə yayardılar. "Atəşicövlan" adı daşıyan dərvişlər əvvəlcə çevrənin ətrafında rəqs edər, sonra isə onlardan biri ayaqyalın çevrənin içinə addımlayıb rəqsini qorun üzərində davam etdirərdi. Birdən çığırardı: "vay, nistü nar" (vay, od yoxdur). Onun ardınca digər dərvişlər də çevrənin içinə keçib, ağrı hiss etmədən qızmar qorun üzərində rəqs edərdilər. Bu mərasim yarım saat davam edərdi. Onlar hətta çevrədən kənara çıxmış kösövləri ayaqları ilə çevrənin içinə çəkərdilər. Bu mərasim "nistünar" adlanardı.
Çərşənbə tonqalını yandıran insanlar belə bir nəğmə oxuyardılar:
Çalış alış tonqalım,
Yeddi qarış tonqalım,
Qoy alovun gur olsun,
Üzümüzə nur dolsun.
Od çərşənbəniz mübarək!