lider-media.az

   Şuşa-paklıq şəhəri

Tarix: 8-11-2024, 10:48

      

 8 noyabr 2020-cü il. Şəhidlər xiyabanı... Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlı üçün müqəddəs sayılan bir məkandan Şuşanın işğaldan azad edilməsi ilə bağlı xoş müjdəni xalqımıza çatdırır. Cənab İlham Əliyevin kövrək notlara yüklənmiş müraciətindən ilk sətirlər: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm”. Həsrətin sonu bitdi!  İşğalda olan Vətən torpaqları düşmən tapdağından azad oldu!.     Azərbaycan Böyük qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Buna Ali Baş Komandan, məğlubedilməz Sərkərdə İlham Əliyev nail oldu.

Şuşa - paklıq, saflıq və xoş ab-hava şəhəri. Şuşanın işğaldan azad edildiyi gün. O gün  bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi günü yadda qaldı.Şuşa xalqımızın qeyrət rəmzi, dağ vüqarımızdır... Üçrəngli bayrağımızın yenidən Şuşada dalğalandığı günü yaşamaq nəsibimiz oldu. Gözlənilən xəbər ruhumuzu təzələdi. Elimizə, yurdumuza qovuşduq, evimizə döndük.Deyirlər, xoşbəxtlik sadəcə andır. Amma saatlarla, günlərlə, illərlə sürən xoşbəxtlik də varmış. Müharibə başladığı vaxtdan demək olar ki, hər gün Prezident cənab İlham Əliyev xalqa müraciət edir, alınan torpaqlarımızın, kənd-şəhərlərimizin adlarını sadalayırdı.   

Qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının ümummilli lider Heydər Əliyevin ruhu önündə nümayiş etdirdiyi ehtiram, məhz ulu öndərin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi.  Şuşanın azad edilməsi xəbəri xalqımız, vətəndaşlarımız, həmçinin bütün türk dünyası  tərəfindən əsl bayram ab-havası ilə qeyd edilirdi. Bu, Şuşanın xalqımız üçün nə qədər əziz, nə qədər doğma, nə qədər önəmli olduğunu göstərirdi. Təbii ki, hər qarış torpağımız bizim üçün doğma və müqəddəsdir. Qarabağın tacı, Azərbaycanın alınmaz qalası olan Şuşanın isə hər bir insanın ürəyində ayrıca yeri olduğu birmənalıdır.

 O günlərdən  4 il  keçsə də, hələ də o günlərin sevincli həyacanını unuda bilmirik.  Xalqımızın tarixinə yazılan Böyük Qələbə və Möhtəşəm Zəfər.  Hamı Şuşanı Qarabağın tacı bilirdi, sevirdi. Bu sevgi müqəddəs sevgi idi.

 Dövlət başçısının Sərəncamı ilə 8  Noyabr - Zəfər Günü olaraq bayram elan edildi. Zəfər bayramı vətənpərvərliyin işğalçılıq üzərində tarixi qələbəsidir. Prezident İlham Əliyevin dediyi kimi "...Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq" fikri də bizi 2020-ci ilin 8 noyabrının qürurunda yaşadır... Şuşanın işğaldan azad olunması uğrunda Azərbaycanın  Müzəffər Ali Baş Komandanı və əsgərinin həyata keçirdiyi əməliyyat isə tarixdə əbədi qalacaq. Şuşa uğrunda canından keçən oğullar, siz müasir Azərbaycan tarixinin unudulmazları sırasındasınız. Müqəddəs şəhid, qazi adınız hesabına bizlərə Şuşanı qaytardınız, mənfur düşmənin murdar ayağını oralardan birdəfəlik kəsdiniz.

Tarixi şəhərimizin geri qaytarılması uğrunda gedən döyüşlər əsgər və zabitlərimizin həm peşəkarlığını, həm də doğma torpağa bağlılığını bütün dünyaya göstərdi. Canlı şahidlərin də bildirdikləri kimi, Ordumuzun şəxsi heyəti Şuşaya uca dağları qarış-qarış çıxmaqla yaxınlaşıb və şəhərdə böyük şücaətlə əlbəyaxa döyüşlərə atılıb. Azərbaycan əsgəri qeyri-adi hünəri ilə “Şuşa bizimdir!” həqiqətini bütün dünyaya bəyan etdi. O gündən qədim Susa işıqlı həyatına döndü.  Tarixən Azərbaycanın olub və əbədiyyətə qədər də torpağımızın müqəddəs bir guşəsi-Şuşa Azərbaycan şəhəri kimi qalacaq. Şuşa Azərbaycanın qazandığı Qələbənin rəmzi, həm də Azərbaycan xalqının qəhrəmanlıq səhifəsidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu burada şanlı tarix yazıb. Bu mənada, Şuşa bizim milli ruhumuzun təntənəsidir. Odur ki, bugünkü və gələcək nəsillər Şuşanın qəhrəman fatehləri ilə fəxr edəcəklər. 

Dövlət başçısının da vurğuladığı kimi, təbii qala olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq Azərbaycan Ordusunun böyük peşəkarlıq, rəşadət rəmzidir. Hər bir şəhər və kəndimiz əsgərlərimizin, zabitlərimizin qanınları hesabına azad olunub. Uca dağların zirvəsində yerləşən Şuşanın azad edilməsi isə göstərdi ki, Azərbaycan əsgərinin qarşısında işğalçı ordunun tab gətirə bilməsi mümkünsüzdür. Şuşanın alınması ilə əsgərlərimiz düşmənin mümkün saymadığını reallığa çevirdilər, hərb elminin yeni səhifəsini yazdılar, Azərbaycanın hərb tarixini şərəfləndirdilər. Azərbaycan Ordusunun bu şəhər uğrunda apardığı müqəddəs savaş yalnız torpaq uğrunda, sənət və mədəniyyət beşiyi olan bir şəhər uğrunda deyil, milli şərəf və ləyaqət uğrunda, milli mənlik uğrunda ölüm-dirim savaşı idi.

Şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına azadlığına qovuşmuş Şuşa artıq yeni bir inkişaf  mərhələsinə qədəm qoyub. Qarabağ xanının yadigarı, bizə əmanət olan şəhərimiz öz zəngin irsinə, mədəniyyətinə doğru inamla addımlayır. Azərbaycanın  ən güclü musiqiçilərini yetişdirən, havası şəffaf, suyu can dərmanı olan, Daşaltı çayının zümzüməsilə oyanan Şuşa indi doğmalarının nəfəsi ilə isinir.

Prezident cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ötən dörd ildə  bir müddətdə Şuşaya etdikləri səfərləri və bu səfərlər çərçivəsində təməlqoyma mərasimlərində iştirakı, müasir layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, tezliklə insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı günbəgün artırırdı.

Ötən illər ərzində Şuşada çox genişmiqyaslı quruculuq işləri aparıldı: Şuşaya Zəfər yolu çəkildi, şəhərin tarixi abidələri, dini-memarlıq abidələri bərpa edildi, mehmanxanalar, iaşə obyektləri tikildi. Şuşanın dirçəldilməsi də geniş, müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun aparılır. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb edildi. Təkcə Şuşa üçün yox, bütün azad edilmiş torpaqlar üçün-çadırlarda, yataqxanalarda, uşaq bağçalarında, yararsız binalarda yaşamış insanlar üçün yüksək yaşam standartları yaradılır. Bununla paralel olaraq həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur.

Bu gün Şuşada azan səsi eşidilir. Sənətkarlar beşiyi olan bu qədim şəhərdə dörd ildir ki. Azərbaycan bayrağı qürurla dalğalanır.

Lider--Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi