Azərbaycanın üzük qaşı, konservatoriyanın beşiyi-Şuşa
Şanlı Zəfər yolumuzun qəhrəman qalası Şuşa bu gün öz gözəlliyi və ecazkarlığı ilə bütün dünyanın diqqət mərkəzindədir. Şuşa onlarca fatehi atından düşürən tarixi şəhər, gözəl məkandır.Vaxtilə musiqi festivalları keçirilən, çal-çağırdan qulaq tutulan Cıdır düzünün də artıq gözü nəmli, sinəsi dağlı deyildir. Çal-çağırlı, toy-büsatlı Cıdır düzü “Qarabağ bülbülləri”nin xoş avazla, cəh-cəhlə oxuduqları “Qarabağ şikəstəsi”nə, “Bayatı-Şiraz”a həsrət qalmışdı. Azərbaycanın üzük qaşı, konservatoriyanın beşiyi sayılan Şuşa indi azaddır.
44 günlük Vətən müharibəsi milyonların arzusunu, istəyini gerçəkləşdirdi, gözəl Qarabağımızı, onun baş tacı olan Şuşanı özümüzə qaytardı. Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, diplomatik səriştəsi, əsgər və zabitlərimizin şücaəti, məğrurluğu sayəsində tarixi Zəfər qazandıq. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğalçılardan təmizləndi. Azərbaycan əsgəri qeyri-adi hünəri ilə “Şuşa bizimdir!” həqiqətini bütün dünyaya bəyan etdi. O gündən qədim Susa işıqlı həyatına döndü. Tarixən Azərbaycanın olub və əbədiyyətə qədər də torpağımızın müqəddəs bir guşəsi-Şuşa Azərbaycan şəhəri kimi qalacaq. Şuşa Azərbaycanın qazandığı Qələbənin rəmzi, həm də Azərbaycan xalqının qəhrəmanlıq səhifəsidir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu burada şanlı tarix yazıb. Bu mənada, Şuşa bizim milli ruhumuzun təntənəsidir. Odur ki, bugünkü və gələcək nəsillər Şuşanın qəhrəman fatehləri ilə fəxr edəcəklər.
Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin “Şuşasız bizim işimiz yarımçıq qalar” söyləməsi Şuşanın mənəvi dəyərindən əlavə, strateji əhəmiyyətinin olduğunu da deməyə əsas verir. Eyni zamanda, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, qədimliyi və müasirliyi özündə əks etdirən tarixi şəhərimizdir. Şuşa tarixən Azərbaycan üçün müstəsna əhəmiyyətə malik şəhər olub. Ümummilli lider Heydər Əliyevin Şuşa haqqında dediyi “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” sözləri böyük əhəmiyyətə malikdir.
Şuşada möhtəşəm “Xarıbülbül” musiqi festivalı keçirildi. Festivalın keçirilməsi, bir növ, Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirdi. Azərbaycan tarixində və mədəniyyətində, xüsusilə musiqisində xüsusi məqama sahib olan Şuşanın azad edilməsi XX əsr Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuş Hacıbəylilər nəslinin, elmin, mədəniyyətin, maarifin inkişafında silinməz izlər qoyaraq adlarını tarixə yazan Bədəlbəylilər, keçən əsrdə dünyaşöhrətli musiqi xadimləri ilə tanınan Əmirovlar nəslinin, Bülbülün, Üzeyirin ruhunun şad olması, Azərbaycan mədəniyyətinin inkişafı deməkdir. Dahi Üzeyir bəyin, Natəvanın, Cabbarın, Xanın, Bülbülün, yurdu iki ildir ki azad nəfəs alır. Xalqımızın qürur yeri olan Cıdır düzü isə çal-çağırlı günlərinə qayıdıb. 29 il yarımdan sonra Şuşanın daşında, torpağında, suyunda , meşəsində Azərbaycan ruhu dolaşır.
“Şuşa Azərbaycan şəhəridir. ...İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik.
Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında, qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik və öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”. Ötən ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciəti zamanı bu fikirləri səsləndirən Prezident cənab İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan etdi. 2022-ci il yanvarın 5-də isə Prezident bununla bağlı Sərəncam imzaladı. Bu, cənab İlham Əliyevin atdığı növbəti tarixi addım, zərbə mesajı idi. 2022-ci ilin “Şuşa ili” elan olunması hər bir azərbaycanlının bu şəhərə olan məhəbbətinin təcəssümü oldu. Qarabağın zümrüd qaşı-Şuşa, bu il üçün parlaq və təntənəli tədbirlərlə-quruculuq, festivallar, konsertlər, müsabiqələr, sərgilər, yaradıcılıq layihələri, poeziya gecələri, yubileylər, yüksəlişlə yadda qaldı.
Şuşa adi bir şəhər, bir rayon, bir torpaq deyildi. Şuşa bizim şah vüqarımız, şanlı tariximiz, xan əmanətimiz, Qarabağ simvolumuzdur. Şuşanı quranlar, onu ərsəyə gətirənlər bu torpağın qoruyucuları, əsl sahibləri idilər. Bu şəhər ulu babalarımızın bizə miras qoyduğu ən əzəmətli abidədir.
Şuşanın işğaldan azad olunması uğrunda Azərbaycanın Müzəffər Ali Baş Komandanı və əsgərinin həyata keçirdiyi əməliyyat isə tarixdə əbədi qalacaq. Şuşa uğrunda canından keçən oğullar, siz müasir Azərbaycan tarixinin unudulmazları sırasındasınız. Müqəddəs şəhid, qazi adınız hesabına bizə Şuşanı qaytardınız, mənfur düşmənin murdar ayağını Şuşadan birdəfəlik kəsdiniz.
Şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına azadlığına qovuşmuş Şuşa artıq yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ xanının yadigarı, bizə əmanət olan şəhərimiz öz zəngin irsinə, mədəniyyətinə doğru inamla addımlayır. Azərbaycanın ən güclü musiqiçilərini yetişdirən, havası şəffaf, suyu can dərmanı olan, Daşaltı çayının zümzüməsilə oyanan Şuşa indi doğmalarının nəfəsi ilə isinir, əzizlərinə qucaq açıb. Şuşa bizim milli qürurumuz, mədəniyyət beşiyimiz, Azərbaycanımızın dilbər guşəsidir. Prezidentimizin Şuşaya, eləcə də işğaldan azad olunmuş digər ərazilərə mütəmadi səfər etməsi həmin yurd yerlərinin tarixinə qızıl hərflərlə yazılır. İndi nəinki Şuşa, bütün Qarabağ böyük quruculuq, tikinti meydançasını xatırladır.
Cənab İlham Əliyev Qarabağ torpağına yenidən həyat qaytarır. Təkcə həyat yox, həm də tarixi, mədəniyyəti, ədəbiyyatı... Gözəllik nəğməkarı Vaqifin qəbirüstü məqbərəsinin əvvəlki üslubu və görünüşü saxlanılmaqla tez bir zamanda bərpa olunması və onun önündə incəsənət ustalarının iştirakı ilə “Vaqif poeziya günləri”nin keçirilməsi Şuşanın əvvəlki şanlı-şöhrətli günlərinə qayıdışın ilkin mərhələsi oldu. Tolerant ölkə olan Azərbaycan daim müxtəlif dinlərə eyni münasibət bəsləyir, kilsələrə də, sinaqoqlara da hörmətlə yanaşır. Ancaq öz vəhşi xislətini gizlətməyən ermənilərin məscidlərimizə olan qeyri-insani münasibəti görənləri heyrətə gətirir. Prezident Yuxarı Gövhər ağa məscidinin bərpa olunmasına göstəriş verdi və tez bir zamanda məscid yeniləndi. Prezient İlham Əliyevin 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi nəinki Azərbaycan vətəndaşlarının, eləcə də bütün Türk dövlətlərinin gözlədiyi cəsarətli bir addım idi. Bu həm də Şuşanın Azərbaycan üçün nə qədər qiymətli olduğunun göstəricisi idi. Həmçinin Prezident İlham Əliyev 6 dekabr 2022-ci il tarixində Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalamışdır.
Bu gün doğma Şuşamızda üçrəngli bayrağımız dalğalanır və müqəddəs azan səsi ucalır. Bəli, Şuşada müqəddəs azan səsimiz, canlı musiqimizin sədaları düşmənin bağrını çatladır. Üçrəngli bayrağımız qürurla dalğalanaraq dosta fəxarət verir, yağı düşmənin gözünü kor edir. Dədə Qorqud dastanında söyləndiyi kimi: “Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!
Lider-Media.az