Azay Quliyev: “İlham Əliyevin uzaqgörən siyasəti yenə qalib gəldi”
“Dünyanın diqqətlə izlədiyi ABŞ-da prezident seçkiləri başa çatdı. Son məlumata görə Donald Tramp prezidentlik üçün tələb olunan 270 Seçicilərin Kollegiyası səslərindən çoxunu, 277-ni toplayıb və ümumi seçici səslərinin 52 faizinə yaxınını əldə edib”.
Lider-media.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, ATƏT PA-nın Komitə sədri, QHT Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev deyib.
“Bir az öncə Tramp qələbəsini elan etdi. Həqiqətən, bu, Tramp adına möhtəşəm qələbə və ABŞ tarixində ilk dəfə Ağ evə baş tutan əzəmətli geri dönüş oldu.
Trampın qələbəsinin ABŞ və dünya siyasətində ciddi dəyişiklərə səbəb olacağı şübhə doğurmur.
Tramp seçki kampaniyası dövründə bəyan etmişdi ki, Rusiya-Ukrayna və İsrail-Fələstin müharibələrini sonlandırmaq və beynəlxalq gərginliyi azaltmaq üçün real addımlar atacaq və qısa müddətdə nəticəyə nail olacaq.
Eyni zamanda, o bildirmişdi ki, ABŞ-a idxal olunan bütün mallara, o cümlədən Avropa İttifaqından gələn mallara 10-20 faiz, Çin məhsullarına isə 60 faiz gömrük tarifi tətbiq edəcək və NATO-da maliyyə ödənişlərinin daha ədalətli bölünməsinə çalışacaq, üzv ölkələrdən daha çox maliyyə tələb edəcək.
Vergilərin azaldılması, enerji qiymətlərinin optimallaşdırılması, infilyasiyanın minimuma endirilməsi və 10 milyondan çox qeyri-qanuni miqrantların ölkədən çıxarılması ilə bağlı söylədikləri Trampın daxildə də ciddi dəyişikər edəcəyindən xəbər verir.
Ümid edək ki, Tramp yeni prezidentliyi dönəmində Paris İqlim Sazişindən çıxmaq kimi əvvəlki addımları (səhvləri) təkrarlamayacaq.
Trampın yenidən Ağ evə qayıdışı dünyanın hər yerində olduğu kimi Azərbaycana və Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək. Düşünürəm ki, Trampın seçilməsi ilə ABŞ-la Azərbaycan arasında hazırda yaşanan gərginlik aradan qalxacaq, münasibətlər 4 il əvvəlki səviyyəyə yüksələcək, Azərbaycana yönəlik daha balanslı və qarşlıqlı maraqlara söykənən siyasətin şahidi olacağıq. Ən azı, artıq demokratların, xüsusilə Bayden- Blinken cütlüyünün siyasi oyunbazlığı, Azərbaycana qarşı təzyiq siyasəti arxada qaldı.
Bu məqamda, Prezident İlham Əliyevin bu ilin iyul ayında Şuşada keçirilən 2-ci Qlobal Media Forumunun açılışında Yuli Qusmanın “ABŞ-dakı prezident seçkilərində kimi dəstəkləyirisiniz” sualına verdiyi dahiyanə və cəsarətli cavabı xatırlamaq tam yerinə düşərdi: “Prezident Trampın dövründə dünyada müharibə olmadı. Trampın prezidentliyi dövründə Azərbaycanla çox səmərəli əməkdaşlıq əlaqələri olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi. Lakin hazırkı ABŞ Administrasiyasının fəaliyyətindən, hərəkətlərindən dərindən məyus olmuşuq”.
President Əliyev bu qiymətləndirmə ilə kimi, yəni Trampı açıq şəkildə dəstəklədiyini və onun təkrar seçilməsini istədiyini bildirmişdi. Cənab Prezidentin verdiyi bu bəyanat elə vaxta təsadüf edirdi ki, demokratların namizədi Kamala Harris sorğu anketlərində Trampı üstələmiş, seçki fonduna 2 dəfədən çox vəsait toplamışdı. Demək olar ki, Harrisin qələbəsinə çoxları real baxırdı. Hətta, bir çox analitiklər Prezident Əliyevin Trampa açıq dəstək ifadə etməsini onun seçilməyəcəyi təqdirdə Azərbaycan üçün ciddi problemlərə səbəb olacağını düşünürdülər.
Lakin Prezident İlham Əliyev Tramın bugünkü qələbəsini hələ 3 ay əvvəl dahiyanə müdrüklük və siyasi uzaqgörənliklə hesablaya bilmişdi, Trampa dəstək verməklə hadisələri nə qədər dəqiq və düzgün qiymətləndirmək və oxumaq bacarığını bir daha nümayiş etdirmişdi.
Hazırda Trampın qələbəsindən ən çox məyus olanlar sırasında ermənilər birinci yerdə durur. Ermənilərin çoxluq təşkil etdiyi Kaliforniyada Trampın və respublikaçıların uduzması bir daha onu göstərir ki, ermənilər əllərindən gələn hər şeyi etdilər ki, Tramp seçilməsin.
İndi söz Tramp və onun formalaşdıracağı yeni Administrasiyadadı. Cənubi Qafqazda daimi sülhün bərqərar olması, Qərbin oyunlarına son qoyulması, Paşinyanın yalançı sülh bəyanatlarından imtina edib real addımlar atması üçün Ağ evin mənsubları ciddi işlər görməli və demokratların bütün yanlışlıqlarını düzəltməlidirlər.
Ümid edirik ki, Trampın dövründə dünyada təhlükəsizlik sahəsində yaşanan böhrana son qoyulacaq və ABŞ- Azərbaycan münasibətləri real, praqmatik və qarşılıqlı maraqlar üzərində yenidən inşa ediləcək”.