Professor: "Tramp qələbə qazanarsa, bütün dünya qalib gələcək"
"ABŞ-nin olduqca qarışıq və mürəkkəb bir seçki sistemi var. ABŞ dünyanın yeganə ölkəsidir ki, orada seçicilərin əksəriyyətinin səsini qazanıb, amma ümumi nəticədə uduzmaq mümkündür. Çünki orada ABŞ prezidentini seçicilər kollegiyası seçir. Yəni belə hallar da bir neçə dəfə ABŞ təcrübəsində baş veribdir. Bu baxımdan bir mənalı proqnoz vermək çox çətindir".
Bunu Lider-media.az-a danışan siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, həm Donald Tramp, həm də Kamala Harris demək olar ki, eyni reytingdədirlər. Praktika olaraq onların elektoral reytingində ciddi bir fərqi yoxdur. Amma bir sıra mübahisəli ştatlar var ki, o ştatlarda Trampın qələbə qazanma eytimalı mövcuddur. Hesab edirəm ki, o ştatlar hesabına Tramp qələbə qazana bilər. Ümumiyyətlə isə hesab edirəm ki, demokratların rəhbərliyi dövründə ABŞ-nin həm beynəlxalq nüfuzu nisbətən aşağı düşmüş oldu, həm də ölkə daxilində müəyyən gözləntilər daha da qabarmış oldu. Amma Trampın ictimayiətə təqdim etdiyi təşəbbüslər, düşünürəm ki, insanlar üçün cəlb edici ola bilər və bu da seçiciləri ona üstünlük verməyə sövq edə bilər. Hesab edirəm ki, nisbətdə Trampın qələbə qazanma eytimalını daha yüksək qiymətləndirmək mümkündür.
"Tramp qələbə qazanarsa, hesab edirəm ki, bütün dünya bu zaman qələbə qazanmış olacaq. Çünki Trampın ayrı-ayrı coğrafiyalarda münaqişə vəziyyəti ilə bağlı ümid verici yanaşmaları mövcuddur. Həmin münaqişə vəziyyətlərinin aradan qaldırılması istiqamətində addımlar ata biləcəyini səsləndirir. Bundan başqa, Tramp əsasən ABŞ-nin daxildə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına yönəlik siyasətə üstünlük verəcəyini həm özü bildirir, həm də bu gözlənti beynəlxalq ictimaiyyətdə mövcuddur. Bu da o deməkdir ki, ABŞ xarici siyasi fəallığını nisbətən azalda bilər. Sözsüz ki, ABŞ-ni idarə edən sistem var, yəni o ABŞ-nin mövqeyi tək bir şəxsin iradəsindən asılı deyil. Amma bütün hallarda ABŞ prezidentinin kim olması da çox təsirli amildir. Yəni ABŞ-də bu gün keçirilən prezident seçkiləri təkcə ABŞ üçün əhəmiyyətli deyil, bütün dünya üçün əhəmiyyətlidir.
Azərbaycan üçün də hesab edirəm ki, respublikacılarla əməkdaşlıq daha səmərəli ola bilər.Biz dəfələrlə görmüşük ki, demokratların iqtidarı dövründə bir sıra hallarda ölkəmizə münasibətdə əsassız ittihamlar irəli sürülüb, ədalətsiz mövqələr sərgilənib. Elə bizim torpaqlarımızı erməni işğalından azad etməyimiz də demokratların iqtidarı dövrüdür. Azərbaycana qarşı həmin dövrdə əsassız siyasi hücumlar təşkil olunurdu. Amma düşünürəm ki, Tramp hakimiyyəti ilə Azərbaycan arasında konstruktiv diyaloq qurma imkanları daha real görünür".