lider-media.az

Ömrünün 14 ilini Vətənə xidmət edən peşəkar hərbçi

Tarix: 4-11-2024, 17:29

  

Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan  xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Bu qələbə heç də asan əldə edilmədi. Vətən oğulları  torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. İkinci Qarabağ müharibəsində haqq savaşımızda ömrünü Vətənə verib vətənləşən bir igidimiz  Bəhruz Fazil oğlu İbrahimov 1983-cü il mayın 22-də Füzuli rayonunun Govşadlı kəndində anadan olub. 1991-ci ilin sentyabr ayında Füzuli rayon Gövşad kənd tam orta məktəbə daxil olub, 2002-ci ildə Beyləqan rayon Milabad qəsəbəsində məktəbi bitirib.

 2002-ci il iyul ayında həqiqi hərbi xidmətə çağrılıb. 2004-cü il hərbi xidmətini başa vuraraq ehtiyata buraxılıb. 2007-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində MAHHXHQ kursuna daxil olub. 2007-ci ilin oktyabr ayından başlayaraq N saylı hərbi hissələrdə xidmət edib. 

Xidməti müddətində qüsursuz hərbi xidmətinə görə nizam intizam, döyüş və ictimai-siyasi hazrlığı ilə nümunəvi hərbçi olub. Çox sayda fəxri fərmanları medalları var. 2016-cı il aprel döyüşlərində göstərdiyi fədakarlığa görə rəhbərliyin və yoldaşlarının rəğbətini qazanıb.

 Verilən tapşırıqların öhdəsindən layiqincə gəldiyi üçün xidməti dövründə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli,   Silahlı Qüvvələrin 90, 95 illiyi və "Azərbaycan Ordusunun 100 illiyi yubiley medalları ilə təltif edilib.

 Azərbaycan Ordusunun kiçik çavuşu olan Bəhruz İbrahimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Üç övladı yadigar qalıb.

Şəhid qardaşı Mübariz İbrahimov deyir ki, uzun illərdir doğma yurdlarına qayıdacaqları günü gözləyiblər. Bəhruz da bu arzu ilə yaşayıb: "Uşaq yaşlarından erməni vandalizmini görmüşdü, ona görə də hərbçi olmağa qərar verdi. Həqiqi hərbi xidməti bitirdikdən sonra ailə quran Bəhruz, daha sonra müddətdən artıq hərbi xidmətçi kimi Vətənin keşiyində dayandı. O, 10 yaşında ayaqyalın çıxdığı Füzuliyə qəhrəman hərbçi kimi tank üstündə qayıtdı. Doğma rayonumuzun azad edilməsində böyük şücaət göstərdi".

Bəhruz İbrahimov şəhadətindən sonra Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə"  medalları ilə təltif edilib. Şəhidin həyat yoldaşı Aygün Fərhadova söyləyir ki, ömrünün 14 ilini Vətənə xidmət edən Bəhruz peşəkar hərbçi idi. Sağlığında fəxri fərmanlarla və qüsursuz xidmətə görə bir neçə medalla təltif edilib. Ailəcanlı və torpağına bağlı idi: “Bəhruzun ilk döyüş yolu Aprel zəfərindən başladı. Dörd günlük döyüşlərdə Bəhruz və yoldaşları Lələtəpə istiqamətində düşmən üzərində qələbə qazandılar. Vətən müharibəsində isə tankçı kimi döyüşlərə atıldı. Düşmənin Füzuli istiqamətində qurduğu maneələrin yarılmasında böyük şücaət göstərdi. Füzuli istiqamətində kəndlərimizin azad edilməsi uğrunda döyüşlərdə düşmənə, sözün əsl mənasında, cəhənnəmi yaşadıb. Daha sonra Cəbrayıl istiqamətində gedən döyüşlərə qatılıb, düşmənin xeyli texnika və canlı qüvvəsinin məhv edib. Sonuncu döyüşündə yaralı yoldaşlarına kömək etmək üçün tankın kabinəsindən çıxarkən snayperlə vurulub”.

 Bəhruzun sonuncu danışığı övladı Farizlə olub. Ona ata nəsihəti verərək, dərslərini yaxşı oxumağı, Vətənə layiqli övlad kimi yetişməyi tövsiyə edib: “Atam qəhrəman kimi daim qəlblərdə yaşayacaq. Hər zaman deyirdi ki, torpaqlarımızı düşməndən azad edəcəyik və gələcək nəsillər firavan yaşayacaq. Axırıncı dəfə danışanda da bizdən bir istəyi oldu - hər zaman dərslərinizi yaxşı oxuyun, Vətənə, xalqa xeyirli övlad kimi yetişin”.

Ömrünü Vətən yolunda qurban verən  Bəhruz qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı. Ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub və hər zaman minnətdarlıqla anılacaqdır.

Lider-Media.az                                                                       

                                                                           


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi