Qorunur torpağın sənin, ey Vətən, Yaşamaq əbəsdi sənsiz, ey Vətən!
Vətən dərin mənaya malik kəlamdır. Vətən müqəddəs sözdür, Vətən anamızdır. Vətən bizim varlığımız, fəxrimiz, qürur mənbəyimizdir. Neçə-neçə igid oğullarımız bu Vətənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması, eləcə də üçrəngli şanlı bayrağımızın ölkəmizin mavi səmalarında fəxarətlə dalğalanması naminə öz şirin canlarından keçib. Əbəs yerə deyilməyib ki, torpaq, uğrunda ölən varsa, Vətəndir!
Bəs, vətənpərvərlik? Mahiyyəti Vətənə sevgi, məhəbbət və öz şəxsi maraqlarını bu yolda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Beşikdə ana laylasıyla başlayan vətənpərvərlik hissi zaman keçdikdə torpağa, elə-obaya bağlılığı, Vətənə əsgər olmağın ülviliyi haqqında düşüncələri özündə cəmləşdirir. Bu hissin tarixi kökündə öz ana torpağına, dilinə, milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə bağlanmış dövlətçilik durur. Vətəni sevmək və öz dövlətinin mənafeyini qorumaq da vətənpərvərlikdir.
Azərbaycan əsgəri bu iki amalla xidmət edib və bu gün də xidmətini şərəflə davam etdirir. Qəhrəman oğullarımızı məhz bu iki amal idi 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt zəfərində, 2020-ci ilin Tovuz döyüşlərində, 44 günlük Vətən müharibəsində, antiterror və digər əməliyyatlarda qələbəyə aparan. Məhz bu iki amal idi düşmənin illərdir formalaşdırdığı mifi puç edən, onun ordusunun heç nəyə yaramadığını, rəşadətli Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərən. Məhz bu iki amal idi qəhrəman oğullarımızı Vətən torpaqlarının azad olunması naminə ən ali məqama - şəhidlik zirvəsinə yüksəldən.
Bu gün də eyni amalın davamçıları azad edilmiş ərazilərimizdə xidmətini uğurla davam etdirir, Vətənimizin müdafiəsində mətin dayanırlar. Zəfərləri ilə tarix yazan igid oğullarımızın davamçıları ilə görüşə gedirik. İsti-soyuq demədən Ana Vətənimizi qoruyanlarla Vətəndən, vətənpərvərlikdən danışacağıq. Bizi bu soyuq havada bu söhbətlər isidəcək.
Nəhayət, döyüş növbətçiliyi aparan əsgərlərimizin yanına gəlib çatırıq. Bizi qarşılayan zabit Murad Xəlilzadə onların mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunu, qalib Azərbaycan Ordusunun sıralarında xidmət etməkdən qürur duyduqlarını bildirir. “Onlar döyüş növbətçiliyini yüksək səviyyədə aparır, torpaqlarımızı göz bəbəkləri kimi qoruyurlar. Hər bir Vətən müdafiəçisi ona həvalə edilmiş bu müqəddəs vəzifənin öhdəsindən layiqincə gəlmək üçün əlindən gələni əsirgəmir”.
Ətrafa göz gəzdirə-gəzdirə yoxuşu asta-asta yuxarıya qalxırıq. Bütün bölmələrdə olduğu kimi, çətin coğrafi və dağlıq şəraitdə Azərbaycan əsgəri üçün müasir tələblər çərçivəsində yaradılan infrastruktur könül xoşluğu yaradır. Bu, Azərbaycan dövlətinin öz hərbi qulluqçularına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bu diqqət və qayğı onların nümunəvi xidmət etmələrinə müsbət təsir göstərir.
Nəhayət, şəxsi heyətin yanına çatırıq. Hər birinin yüksək döyüş ruhunda olduğunun şahidi oluruq. İlk həmsöhbətimiz gizir Ülvi Alməmmədli doğma Vətənimizin müdafiəsində dayanmaqdan qürur duyduğunu bildirir. Hərbi qulluqçumuz deyir ki, döyüş növbəsində dayanan əsgər hər şeydən öncə öz Vətənini sevməli və vətənpərvər olmalıdır. Çünki Vətənini sevməyən, vətənpərvər olmayan şəxs nümunəvi xidmət edə bilməz.
Gizir Ü.Alməmmədli çətin relyefli dağlıq şəraitdə döyüş növbətçiliyi aparmağın son dərəcə məsuliyyətli olduğunu qeyd edir. "Əsgərlərimiz məsuliyyətli, nizam-intizamlı, vətənpərvər gənclərdirlər. Onlar üzərlərinə düşən məsuliyyəti yaxşı dərk edir və bilirlər ki, bu gün müqəddəs bir vəzifə - Vətən torpaqlarının müdafiəsi onlara həvalə edilib. Şəhidlərimizin qanı, canı bahasına azad edilmiş tarixi torpaqlarımızı qorumağın məsuliyyətini dərindən başa düşən şəxsi heyət verilən tapşırıqların öhdəsindən bacarıqla gəlir".
Sonra döyüş növbətçiliyindən qayıdan əsgərlərdən Rəhim Seyfullayev ilə həmsöhbət oluram. Lənkəran şəhərindən ordu sıralarına çağırılan Rəhim xidmət müddətinin böyük hissəsini artıq başa vurub. O deyir ki, insan hərbi xidmətə gəldikdən sonra həyatı daha dərindən dərk etməyə başlayır. "Xidmət dövrümdə Vətənə sevgim, bağlılığım daha da artdı. Həmişə çalışmışam ki, Vətənə olan övladlıq borcumun öhdəsindən layiqincə gəlim. Düşünürəm ki, komandirlərimizin köməkliyi ilə bunu bacarmışam".
Əsgər Kənan Abışov döyüş növbəsində olduğu zaman qarşı tərəfin bütün fəaliyyətini müşahidə etdiyini, hər hansı bir hadisə baş verərsə, dərhal komandirlərinə məlumat verdiyini bildirir. "Artıq müharibə başa çatıb. Buna baxmayaraq, hərbi biliklərimizi daim artırır, bizə təhkim olunan silahın sirlərini dərindən mənimsəyirik. Çünki baş verə biləcək hər hansı bir təxribat cəhdinin qarşısını almağa, igid oğullarımızın döyüş yolunu davam etdirməyə, yeni salnamələr yazmağa və ərazi bütövlüyümüzü qorumağa daim hazır olmalıyıq".
"Döyüş mövqeyimizin dağlıq ərazidə yerləşməsinə baxmayaraq bizim nümunəvi xidmət etməyimiz üçün burada hər cür şərait yaradılıb. Yemək-içməyimiz, məişət şəraitimiz ürəkaçandır, bütün növ təminatla da təmin olunmuşuq. Komandirlərimizin diqqəti və qayğısı, doğma münasibəti sayəsində hərbin sirlərinə alışır, Vətənimizi qoruyuruq. Onlar bizə döyüş vərdişləri ilə yanaşı, igidlik, mərdlik, vətənpərvərlik kimi mənəvi dəyərləri aşılayır, döyüşlərdə hərbçilərimizin göstərdiyi qəhrəmanlıq nümunələrindən söhbət açırlar. Biz də öz növbəmizdə göstərilən etimadı və inamı doğrultmağa çalışır, döyüş növbətçiliyində ayıq-sayıq xidmət aparır, Vətənimizin keşiyində dayanmaqdan qürur duyuruq", - digər həmsöhbətim əsgər Əli Musayev belə deyir.
Əsgərlər Elyar Əliyev, Rəhman Əlibəyov və digərləri Vətənimizin müdafiəsi kimi müqəddəs vəzifənin onlara həvalə olunduğundan qürur duyduqlarını bildirirlər.
Vətən sevgisi ancaq sözdə olmalı deyil. Vətəni qorumaq və onun uğrunda canından keçməyə hazır olmaq da bu sevginin bir təzahürüdür. Olduğu sahədən asılı olmayaraq hər bir azərbaycanlının Vətənimiz qarşısında bir çox vəzifələri var. Bu vəzifələrin içərisində ən vacibi və müqəddəsi isə Vətəni, torpağı qorumaqdır. Bu gün ordumuzun sıralarında mətinlik, qəhrəmanlıq kimi mənəvi keyfiyyətlərə malik gənclər bu vəzifənin öhdəsindən bacarıqla gəlirlər.
Zirvələrdə qartaltək məskunlaşan Vətən müdafiəçilərimizlə xoş əhvalla, könül xoşluğu ilə sağollaşıb geriyə qayıdırıq. Özüm-özümə zümzümə edirəm:
Qorunur torpağın sənin, ey Vətən,
Yaşamaq əbəsdi sənsiz, ey Vətən!
Elçin İMANOV
"Azərbaycan Ordusu"