Şəhidimizin doğum günüdür.
Vətən üçün doğulmuşdu,Vətən yolunda da şəhid oldu
Yaxın hərb tariximizin parlaq səhifələrindən olan 2016-cı ilin Aprel döyüşlərinin qəhrəman şəhidlərindən biri də Silahlı Qüvvələrin polkovniki Yusifov Vüqar Nurəddin oğludur. 2 noyabr 1976-cı ildə Şəmkir rayonu, Şiştəpə kəndində dünyaya göz açıb. Uşaqlığı doğulduğu kənddə keçən Vüqar 1983-cü ildə Şiştəpə kəndində 1-ci sinifə gedib. Məktəb illərində idmançı görkəmi, bacarığı, vətənpərvərliyə ilə sinif yoldaşlarından seçilmiş, siniflərarası yarışlarda hər zaman kapitan kimi komandasının adını yüksəklərə qaldırmışdır. Onun uşaqlığı mənfur düşmənin torpaqlarımıza təcavüz etdiyi illərə təsadüf edib. Erməni separatçılarının Xocalıda silahsız dinc insanlara qarşı soyqırım törədəndə o 10-cu sinifdə oxuyurdu. Ancaq buna baxmayaraq dəfələrlə döyüş bölgəsinə getmək, vətən müdafiəçilərinə qoşulub düşməndən qisas almaq istəmiş, hər dəfə də azyaşlı olduğuna görə hərbi komissarlıq tərəfindən geri qaytarılmışdır. Ancaq düşməndən qisas alacağına and içmiş, bu məqsədlə hərbçi olmağı qarşısına məqsəd qoymuşdur.1993-cü ildə 11-ci sinfi bitirərək Türkiyə Respublikasında Quru qoşunları Ali Hərbi Məktəbinə daxil olmuş, 1998-ci ildə həmin məktəbi bitirmişdir. 1997-ci ildə leytenant rütbəsi almış, 1997-ci ildən 1998-ci ilədək Türkiyənin İstanbul şəhərində piyada qoşunları üzrə ixtisası piyada məktəbində, eləcə də Egridir dağ komando məktəbində "Komando başlanğıç" kursunu kecmişdir. Vüqar Komando məktəbini azərbaycanlı müdavimlər arasında birinciliklə bitirmişdir.
Vətənə dönərək Mudafiə Nazirinin əmrilə “N” saylı Xüsusi Təyinatlı hərbi hissədə taqım komandiri, daha sonra Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmiş, xidmətdə fərqləndiyinə görə Xüsusi Təyinatlı Qüvvələrdə qrup komandiri vəzifəsinə irəli çəkilmişdir. Daha sonra 2002-ci ildə həmin hərbi hissədə taborun qərargah rəisi, 2003-cü ildə isə tabor komandiri vəzifəsinə təyin olunmuşdur. Göstərdiyi qüsursuz xidmət komandanlıq tərəfindən qiymətləndirilmiş, Müdafiə naziri tərəfindən Qüsursuz xidmətlərinə görə 3-cü dərəcəli medalı ilə təltif olunmuş, Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.
2007-ci ildə Amerika Birləşmiş Ştatlarında "Fort Haucka" quru qoşunları bazasında Kəşfiyyat kapitanı təkmilləşdirmə kursununda, 2011-ci ildə isə Pakistanda Xüsusi təyinatlı təkmilləşdirmə kurslarında iştirak etmişdir. Azərbaycan ordusunda sayılıb seçilən kadrlardan olan polkovnik Vüqar Yusifov düşmənin diversiya hərəkətlərinin qarşısını dəfələrlə almışdır. Düşmənin 2014-cü il avqustunda cəbhəyanı yaşayış sahələrimizə təxribatının qarşısın alınmasında isə xüsusi xidmətlər göstərmiş, komandanlığın əmrini qüsursuz icra etmişdir.
Vüqarın sonuncu döyüşü 2016-cı ilin aprel ayının 4-də Tərtər rayonu Talış yüksəkliyində olmuşdur. Kəşfiyyat komandirinin rəhbərliyi altında iki dəstə Gülüstan tərəfdən hərəkət edərək düşmənin 3 postunun arxasına keçmiş, ilk həmlə ilə birinci səngərdə olan 18 erməni əsgərini məhv etməklə postu götürmüşdür. Bu an təpənin başında gecəgörmə cihazı ilə düşmənin say çoxluğunu və yana doğru hərəkətini görərək, onların qüvvələrimizi mühasirəyə almaq fikrini anlamış, tabeliyindəkilərə mövqelənmə barədə göstəriş vermişdir. Nəticədə düşmən hücumunu dəf edən kəşfiyyatçılarımız əks-hücuma keçərək növbəti 3-cü posta qədər irəlləmişdilər. Bu an düşmənin maskalanmış tankı önə çıxmış kəşfiyyatçılarımıza atəş açmışdır. Nəticədə ürəyi vətən-torpaq ücün döyünən iki cəsur komandir polkovnik Yusifov Vüqar və polkovnik-leytenant Raquf Orucov şəhid olmuşlar. Düşmən tez bir zamanda xüsusi təyinatlıları və rezerv qüvvələri döyüşə cəlb etmiş, itirdiyi mövqeləri qaytarmaq məqsədilə əks hücuma kecmişdir. Nəticədə qeyri-bərabər qüvvələr balansı yaranmış, ancaq cəsur komandirin 18 nəfərdən ibarət kəşfiyyat qrup son nəfəsədək döyüşəcəklərinə and içmiş, dörd saatlıq qeyri-bərabər ağır döyüşdən sonra yağı tankını partlatmış, 50 nəfərlik xüsusi təyyinatlı erməni əsgərini məhv etmişdir. Bununla da postları yağılardan təmizləməklə Azərbaycan hərb tarixində şanlı səhifə yazmışlar. Cəsur komandirin başçılıq etdiyi bu əməliyyatlarda ümumilikdə düşmənin 100-ə yaxın yaraqlısı məhv edilmişdir.
Vüqar Vətən üçün doğulmuşdu, Vətən yolunda da şəhid oldu. Şəhid zabitimizin üç övladı - iki qızı, bir oğlu yadigar qalıb. Prezident İlham Əliyevin sərəncamı ilə Vüqar Yusifov ölümündən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.Canını Vətən yolunda qurban verən Vüqar qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı. Bu gün Vüqarın ruhu şaddır. Onun azad görmək istədiyi Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır.
Lider-Media.az