Milli Məclisin deputatı: "Ermənistan həqiqətən sülh istəyirsə, onda 3 məsələni həll etməlidir"
“Kazan görüşündən sonra Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata verdiyi açıqlamada Azərbaycanla sülh müqaviləsi layihəsinin 80-90 faizi, o cümlədən bütün fundamental məsələlər üzrə razılıq əldə olunduğunu, Azərbaycanın Naxçıvanla quru yolla əlaqəsini yaratmaq üçün sadələşdirilmiş sərhəd və gömrük nəzarəti prosedurlarının tətbiqinin mümkünlüyü və COP29-un sülh prosesini müzakirə etmək üçün yaxşı fürsət olduğunu qeyd edib”.
Lider-media.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, ATƏT PA-nın Komitə sədri, QHT Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev deyib.
O bildirib ki, bu açıqlamalar ilk baxışdan müsbət təəssürat yarada bilər, ancaq təcrübə göstərir ki, Ermənistan rəhbərliyinin verdiyi bu kimi bəyanatlara inanmaq doğru deyil. Ona görə ki, Paşinyan hakimiyyətinin heç vaxt sözü ilə əməli üst-üstə düşməyib.
“Əgər Paşinyan doğurdan da verdiyi bəyanatlarda olduğu kimi real sülh istəyirsə, niyə son günlər Avropa İttifaqının “mülki missiyası”nın şərti dövlət sərhədi boyunca heç bir məna kəsb etməyən patrul xidmətlərinin sayını artırır?
Fransa artıq kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb.
Bu cür missionerlərin sayı 400 nəfəri keçməkdədir. Bu günlərdə Fransanın İrəvandakı səfiri açıqlama verib deyir ki, hələ bu missionerlərin sayını daha da artıracağıq və Ermənistanın sürətlə silahlanmasını təmin edəcəyik. Bu, o anlama gəlir ki, Ermənistan və Fransa COP29 ərəfəsində sülhə yox, sərhəddə təxribata hazırlaşır.
Yeri gəlmişkən, Gürcüstan son günlər Fransanın “SEZAR” özüyeriyən silahlarının bir hissəsinin Ermənistana daxil olmasına icazə verməyib.
Gürcüstana qarşı Qərb tərəfindən edilən təhqir və təzyiqlərdən sonra, gərək, rəsmi Tibilisi ümumiyyətlə, öz ərazisindən Ermənistana heç bir silah və sursatın daşınmasına imkan verməsin.
Ancaq indi sual ondan ibarətdir ki, bu cür riyakar siyasət yürüdən Ermənistana və onun sülh bəyanatlarına necə inanmaq olar?
Prezident İlham Əliyevə məktub yazıb ilin sonuna qədər sülh sazişinin imzalanmasına çağıran Co Bayden və onun administrasiyası Fransanın və Ermənistanın sülhə zərbə vuran bu hərəkətlərinə niyə adekvat reaksiya vermir?
Əgər Ermənistan həqiqətən sülh istəyirsə, onda 3 məsələni həll etməlidir:
1) Konstitusiyasindan və digər qanunvericilik aktlarından Azərbaycanın ərazi bütövlüyünə qarşı olan bütün müddəaları çıxartmalı, ən azından bu istiqamətdə hüquqi mexanizmləri işə salmalıdır.
2) Defakto mövcud olmayan ATƏT-in Minsk Qrupunun rəsmən ləğv olunması ilə bağlı ATƏT-in dekabrın 5-i və 6-da Maltada keçiriləcək Nazirlər Şurasına müraciət etməli.
3) Avropa İttifaqının “mülki missiyası”nın müddətinin uzadılmaması və şərti dövlət sərhəddindən çıxarılması haqqında qərar qəbul etməlidir.
Bütün bunlar olmadıqca Ermənistanın sülh haqqında dedikləri heç bir məna kəsb etməyəcək, bu addımların isə vaxtın uzadılmasına və revanş üçün münasib şəraitin yaranmasına hesablanan məkrli planın tərkin hissəsi kimi qalmaqda davam edəcək”.