Əsgərlərin hörmətini və rəğbətini qazanmış şəhid kapitan
Respublikamızın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə-Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!! Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır. Sentyabrın 27-də işğalçı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Ordumuzun başladığı 44 günlük Vətən müharibəsi düşmənin sarsıdıcı məğlubiyyəti ilə nəticələndi. Bu haqq savaşında qələbəyə görə şəhidlərimizə və qazilərimizə borcluyuq.
Vətən Müharibəsi şəhidi Azərbaycan ordusunun kapitanı İmamverdi Yoloğlu oğluİsmayılov 1 may 1989-cu ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olmuşdur. 1995-ci ildə İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2003-cü ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Həmin ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuşdur. 2006-cı ildə həmin liseyi bitirmiş və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2010-cu ildə həmin məktəbi bitirmişdir. Sonra 1 il Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsil almışdır. 2011-ci ildə İmamverdi İsmayılov leytenant rütbəsi almış, peşəkar hərbçi kimi yetişmişdi. Xidmətə başladığı ilk gündən nizam-intazama riayət edir, öz vəzifəsini ləyaqətlə yerinə yetirirdi. Qusar rayonunda, Sumqayıt şəhərində (Nasosnu), Bakı şəhərində Müşviq qəsəbəsində "N” saylı hərbi hissələrdə qüsursuz xidmət edərək Müdafiə Nazirliyi tərəfindən təltiflərə layiq görülmüşdü. İmamverdi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi, 100 illiyi medalları və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş, fəxri fərmanlar almışdı. 2017-ci ildə kapitan rütbəsi almış, "N" saylı hərbi hissənin Maddi Təchizat üzrə xidmət rəisi olmuşdu.
Vətən müharibəsi başlayanda həmlə taborunun qərərgah rəisi olan İmamverdi İsmayılov 2020-ci ilin 27-28 sentyabrında Goranboyun Gülüstan kəndi istiqamətindən irəliləyərək qarşıya qoyulmuş Murovdağ yüksəkliyinin alınması əmrini bir itki ilə yerinə yetirmişdir. Təcrübəli bir zabit kimi döyüş planlarını özü hazırlayır, istiqamətləri dəqiq müəyyənləşdirərək bütün detalları nəzərə alırdı. Əsgərlərin sonsuz hörmətini, böyük rəğbətini qazanmışdı İmamverdi İsmayılov.
Kapitan rütbəsi daşıyan İmamverdi Murov istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 2020-ci il sentyabrın 29-da Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında dəfn edilmişdir. Emin və Elnur adlı adlı iki oğul övladı yadigar qalıb. Bütün şəhidlərimiz kimi kapitan İmamverdi İsmayılovun xatirəsi hər zaman əziz tutulur. Şəhid kapitanımızın göstərdiyi igidlik Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin Sərəncamlarına əsasən 3-cü dərəcəli "Rəşadət” ordeni və "Vətən uğrunda” medalı, "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Qazax Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən küçələrdən birinə 3-cü dərəcəli “Rəşadət” ordenli şəhidimizin adı verilimişdir. Ömrünü Vətən yolunda qurban verən İmamverdi qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı. Nə qədər ki canını Vətən uğrunda əsirgəməyən igidlərimiz var Azərbaycan daima yaşayacaq, ucalacaq və qalib gələcək!
Bu gün İmamverdi İsmayılovun ruhu şaddır. Vətən müharibəsində sanlı qələbə qazanılmaqla Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Onun azad görmək istədiyi Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır.
Lider-Media.az