lider-media.az

Vətən Müharibəsi Qəhrəmanları:Unutsaq unudularıq

Tarix: 27-10-2024, 08:19

Ceyhun Həsənov

 

 Azərbaycan Silahlı Qüvvələrinin  kapitanı Vətən Müharibəsi Qəhrəmanı,  şəhid  Ceyhun Aydın oğlu Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun  Çeşməli  kəndində  anadan  olub. 1992–2001-ci illərdə  Xətai rayonunda Ə. Abbasov adına 257 nömrəli tam orta məktəbdə, 2001–2003-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004–2008-ci illərdə  Heydər  Əliyev adına Azərbaycan  Ali  Hərbi  Məktəbində  (AAHM) "Motoatıcı" ixtisası üzrə ali hərbi biliklərə yiyələnib. Ceyhun 2009-2019-cu illərdə  Azərbaycan Silahlı Qüvvələrinin  Naxçıvan  şəhərində  yerləşən "N" saylı hərbi  hissəsində xidmət edib. 2019-cu ildən  isə o, Beyləqan  rayonunda  yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Ceyhun Həsənov 2009-2019-cu  illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində  yerləşən  hərbi  hissəsində  xidmət edib. Daha sonra isə, Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə davam edib.

Azərbaycan Ordusunun kapitanı olan Ceyhun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsi zamanı Füzulinin uğrunda gedən döyüşlərdə savaşıb. Ceyhun Həsənov sentyabrın 27-də Füzulidə şəhid olub. Kapitanımız İkinci Fəxri xiyabanda dəfn edilib. 2 əkiz oğlu Vətənə əmanətdir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Həsənov ölümündən sonra  "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Həmçinin, "Vətən uğrunda" ,"Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın  azad  olunmasına görə" medalları ilə də təltif edilib.

 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının  adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə  Bakı şəhəri  48 nömrəli  tam orta məktəbə “Vətən Müharibəsi Qəhrəmanı” Ceyhun Aydın oğlu Həsənovun adı verilmişdir.  Şəhid Kapitan Ceyhun Həsənovun şəxsi əşyaları ailəsi tərəfindən  Milli Azərbaycan Tarixi  Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib.  Şəhid atası Aydın kişi həm özünə, həm də başsağlığına gələnlərə təsəlli verir: “İndi o, tək bizim ailənin deyil, bütün Vətənin övladıdır.”

 Anası Səmayə xanım qəhrəman oğlu haqqında qürurla danışır: “Oğlumun ruhu azad olunan torpaqlarda gəzib dolaşır. Əkiz oğullarıCahid və Cavidan  böyüyəndə biləcəklər ki, onların atası kimdir. Balaların səni şəkillərdə, tarixlərdə axtaracaq, səninlə fəxr edəcək məsum körpələrin. Vətənini balalarından, anasından yüksəkdə tutan Komandir. Ruhun şad olsun. Həyatda sənə nə əziyyət çəkmişəmsə halal edirəm. Sən də haqqını mənə halal et!”

 Ceyhunun döyüş yoldaşlarından biri, çavuş  Şahin Mehdiyevin dediklərindən: “Biz bir yerdə üç aya yaxın idi ki, təlim keçirdik. Komanda çox böyük ruh yüksəkliyi ilə çalışırdı. Demək olar ki, üç ay idi gecə-gündüz daim bir yerdə olurduq, komandirə məxsus olan heyətlə birlikdə. Ceyhun Beyləqan rayonunda N saylı hərbi hissədə bölük komandiri vəzifəsində çalışırdı. Ceyhunun şəxsi heyətində 80-ə yaxın canlı qüvvə var idi. Həmçinin Ceyhun BMP komandiri də olub. Nankor düşmənlərimiz atəşkəsi yenidən pozdular. Artıq bunları susdurmaq zamanı çatmışdı. Həmin anı gözləyən kapitan  Ceyhun komandirinin tapşırığı ilə 27 sentyabr 2020-ci ildə döyüşə hazırlaşdı. Ceyhun öz şəxsi heyəti və ona məxsus olan 7 BMP, 4 tank, bir neçə texnika ilə hərəkətə keçdi, şəxsi heyətini hərtərəfli təlimatlandırdı: “Biz güclü olmalıyıq, hamı bir nəfər kimi ardımca irəli”. Onu da demişdi ki, “ola bilər mənfur düşmən mən oturduğum BMP-ni vurar, amma mənim igidlərim, birdən dayanarsınız ki, mənə kömək göstərəsiniz. Sizə mən əmr verirəm və tapşırıram ki, dayanmadan irəli”. Necə demişdi, elə də oldu. Hücuma keçdik. Komandirin BMP-si öndə. Şiddətli döyüş gedirdi. Hər tərəfdən bizi atəşə tutmuşdular. Bir neçə texnikamız sıradan çıxdı. Şəhidlərimiz var idi. Buna baxmayaraq Ceyhunun bacarığı sayəsində bir neçə yüksəkliyi aldıq, üç erməni postunu məhv etdik. Füzulinin azadlığı uğrunda gedən şiddətli döyüşdə idik. Uğurlarımızı gördükcə sevincimizin həddi-hüdudu yox idi. Ermənilərin birinci eşalonunu darmadağın etdik. Komandirin hər an bir sözü var idi: “İgidlərim, arxamca, irəli”. Döyüş çox şiddətləndi. Mənfur düşmən hər tərəfdən hər növ silahdan istifadə edirdi. Bizi məğlub etməyə çalışırdı, amma ordumuz elə həvəslə vuruşurdu ki, belə ordunun qabağını kəsmək mümkün deyildi. Ağır artilleriyaların atılmasına məhəl qoymayan komandir kordinatları bir-bir mənə ötürürdü, mən həmin hədəfləri vururdum".  Şəhidin silahdaşı sözünə davam edir:"Son nəfəsində belə dedi: “Şahin, sonuncu mövqeni vurduq?” Mən isə cavab verdim, "Bəli, komandir, vurduq". Gülümsəyərək əlimi sıxdı. Gözlərini yumaraq şəhidlik zirvəsinə yüksəldi. Mən özüm də yaralanmışdım. Sonra bilmədim necə oldu... Ceyhunda o qədər qəhrəmanlıq hissi, qorxmazlıq, mərdlik hissi var idi ki. Ona bu qəhrəmanlıq adı azdır. O, çox böyük hünərli, savadlı, həm də bacarıqlı idi. Ruhun şad olsun, Komandir!"

Qürur hissi ilə deyə bilərik ki, Vətən  müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, dövlətimizin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş Ceyhun kimi qəhrəman oğullarımız müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsi hesab edilir.

 Lider-Media.az

  


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi