“Qəhrəman, ya da şəhid kimi dönəcəm”
Ölkəmizin müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə-Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Ordumuzun zabit və əsgərləri həmin döyüşlərdə böyük hünər və rəşadət göstəriblər. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!!
Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi Şamilov Fərid Mirzə oğlu 4 may 1999-cı ildə Sumqayıt şəhərində ailədə dünyaya göz açıb. 2005-2016-cı illərdə Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə təhsil alıb. Fərid 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsindən həqiqi hərbi xidmətə yollanıb. Füzuli Haramı düzündəki hərbi hissədə ön xətdə xidmət edib. 2019-cı ildə yanvarın 9-da hərbi xidmətdən qayıdıb.“Səba” Şirkətlər Qrupunda mühafizə xidmətində əmək fəaliyyətinə başlayıb. Səfərbərlik elan olunanda o “Vətən dardadır” deyərək, öz ərizəsi ilə işdən çıxıb. 2020-ci ildə Tovuz döyüşlərindən sonra könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinə ərizə ilə müraciət edib. 2020-ci il sentyabrın 21-də hərbi xidmətə çağrılıb və Qusar rayonunda bir müddət təlimlər keçəndən sonra sentyabrın 27-də cəbhə bölgəsinə yollanıb. Füzuli istiqamətində gedən döyüşlərdə şücaətlə vuruşub. Cəbrayıl, Zəngilan, Xocavənd, Şuşa, Laçın rayonları uğrunda gedən döyüşlərdə igidlik göstərərək, vətənə layıqincə xidmət edib. Son zənglərinin birində deyib: “Atama deyin məni bağışlasın, onu çox istəyirəm”.
2020-ci il noyabrın 8-dən 9-na keçən gecə Fərid Şamilovun Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində son döyüşü olub. Ağır döyüşdə minamyot atəşi Fərid yaralayıb, köməyinə çatmaq istəyən döyüş yoldaşı Famil Məmmədov düşmən gülləsinə tuş gəlib. Fərid döyüş yoldaşı Qubad Əliyevlə birgə şəhidlik zirvəsinə ucalıb. Fərid Şamilov 10 noyabrda son mənzilə yola salınıb. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilən şəhidin vida mərasimində onun yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və şəhər icra hakimiyyətinin nümayəndələri, şəhər sakinləri minlərlə insan iştirak edib. O da başqa şəhidlərimiz kimi tarix yazaraq əbədiyyətə qovuşdu. Bakı şəhər 20 saylı məktəbin 2F sinifi onun adın daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayış etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Şamilov Fərid Mirzə oğluna ölümündən sonra “Vətən uğrunda”, Cəbrayıl, Xocavənd və Füzulinin azad olunmasına görə medalları ilə təltif edib.
Atası Mirzə Şamilov 1993-1997-ci illərdə I Qarabağ müharibəsinin döyüşçüsü olub. O oğlu Fərid haqqında deyir: ” Müharibəyə gedəndə mənə son sözü bu oldu: qəhrəman, ya da şəhid kimi dönəcəm. Mərd, saf ürəkli, vətəninə, xalqına bağlı bir oğlan idi. Fərid uşaq vaxtından böyük düşüncələri ilə hamının hörmətini qazanmışdı. Maraqlı söhbətli, insanlara canı yanmağı ilə fərqlənirdi. Hər kəsə bacardığı köməyi əsirgəməzdi. Dostlarının, qohumların sevimlisi idi. Çox inamlı oğlan idi və inanırdı ki, torpaqlarımızı azad olunmasında onun da əməyi olacaq. Fərid bizim xoş xatirələrimzdə qaldı!
Bəli, bu gün öz qanı, canı bahasına Vətənin müdafiəsi uğurunda gedən döyüşdə qəhrəmancasına şəhid olan Fərid cəsurluğu ilə düşmənə meydan oxuyaraq, şəhidlik zirvəsinə yüksələn igidlərimizdəndir.
Vətən bölünməz-şəhidlər ölməz! Heç kim unudulmur, heç kim yaddan çıxmır.
Lider-Media.az