Bakı Dövlət Universiteti ilə Milli Kitabxanası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
Eyni zamanda memorandumda Azərbaycan elmi, tarixi, mədəni irsi ilə bağlı mövzularda müxtəlif səpkili birgə tədbirlərin təşkili, müştərək nəşr layihələrinin həyata keçirilməsi əksini tapıb. Bundan əlavə, kitab fondlarının birgə istifadəsi, kitab mübadiləsi və yeni elmi ədəbiyyatın təmin edilməsi, xüsusilə nadir kitabların, arxiv materiallarının tədqiqi və mühafizəsi sahəsində əməkdaşlıq da sənəddə qeyd olunub.
Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli BDU-da Milli Kitabxananın xüsusi auditoriyasının açılmasının elm, təhsil və mədəniyyət ictimaiyyəti üçün önəmli hadisə olduğunu deyib. Bildirilib ki, Ümummilli lider Heydər Əliyev Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirib. Azərbaycan Milli Kitabxanası da ölkə mədəniyyətinin əsas mərkəzlərindən biridir: “BDU-da yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə daim dəstək göstərməyə hazırıq. Mədəniyyət sahəsində elm və təhsilin inkişafı prioritetlərimizdən biridir. Bu auditoriyadan universitetin professor-müəllim heyəti, tələbə və tədqiqatçıları faydalanacaq”. Nazir çıxışında həmçinin son illərdə BDU-da magistratura səviyyəsində mədəniyyət hüququ ixtisaslaşmasının yaradılmasının əhəmiyyətini də yüksək qiymətləndirib.
BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, universitetdə müasir dövrün çağırışlarına cavab verən yeni texnologiyaların tətbiqinə xüsusi önəm verilir, əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmalar açılır. Xüsusi auditoriyanın açılışı ilə yanaşı, BDU və Azərbaycan Milli Kitabxanası arasında bu gün imzalanan anlaşma memorandumu da əməkdaşlıq baxımından yeni imkanlar yaradır.