AMEA Rəyasət Heyətinin iclasında “2024-cü ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” mövzusunda məruzə dinlənilib
AMEA Rəyasət Heyətinin iclasında müzakirə olunan məsələlərdən biri də “2024-cü ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” haqqında olub.
Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, ötən ilin noyabr ayında görkəmli elm xadimləri və ziyalıların iştirakı ilə AMEA-da “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda konfrans keçirilib. Konfransın keçirilməsində əsas məqsəd Nobel mükafatı almaq üçün keçilmiş yolun dərslərini, təcrübəsini, bu sahədə baş vermiş ziddiyyətləri, təsadüfləri Azərbaycan elmi ictimaiyyətinə çatdırmaqla ölkəmizdə Nobel mükafatına iddiaçılarda özünəinam hissləri aşılamaqdan ibarət olub. Həmçinin Azərbaycan elmini, o cümlədən AMEA-da aparılan elmi-tədqiqat işlərini prioritet elmi istiqamətlərə və problemlərə doğru yönləndirmək də əsas məqsədlərdən birini təşkil edib.Akademik İsa Həbibbəyli, eyni zamanda bu istiqamətdə görülmüş işlərin davamı olaraq AMEA-da Nobel mükafatı laureatları Əziz Səncər və Məhəmməd Yunusla görüşlərin keçirildiyini söyləyib. AMEA rəhbəri cari ilin Nobel mükafatı laureatlarının elmi istiqamətlərini araşdırmaq və alimlərimizin tədqiqat istiqamətlərini bu sahələrə yönləndirmək üçün Rəyasət Heyətinin iclasında növbəti məruzənin dinləniləcəyini bildirib.
Sonra AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyevin “2024-cü ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” mövzusunda məruzəsi dinlənilib.
Akademik qeyd edib ki, oktyabrın 7-sində fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları məlum olub. Karolinska İnstitutundakı Nobel Assambleyasının qərarı ilə 2024-cü il üçün fiziologiya və tibb üzrə Nobel mükafatına “mikroRNT-nin kəşfinə və onun transkripsiyadan sonrakı gen tənzimlənməsindəki roluna görə” amerikalı alimlər - Massaçusets Tibb Məktəbi Universitetinin professoru Viktor Ambros və Massaçusets Baş Hospitalının, Harvard Tibb Məktəbinin tədqiqatçısı Qari Ruvkun layiq görülüblər. Con Hopfild və Ceffri Hinton isə süni neyron şəbəkələrindən istifadə etməklə fundamental kəşf və ixtiralarına görə fizika üzrə Nobel mükafatı ilə təltif olunublar.
Akademik Dilqəm Tağıyev diqqətə çatdırıb ki, 2024-cü ildə kimya üzrə Nobel mükafatçıları zülalların öyrənilməsinə görə üç alim - Devid Bayker, Demis Hassabis və Con Camper olub. Alimlər “zülal strukturlarının kompüter modelləşdirilməsi” və “zülal strukturlarının proqnozlaşdırılması” üzrə işlərinə görə mükafatlandırılıblar. David Beyker bu mükafata hesablamalı zülal dizaynına görə, Demis Hassabis və Con Camper isə zülal strukturunun proqnozlaşdırılmasına görə layiq görülüblər. Akademik diqqətə çatdırıb ki, ədəbiyyat üzrə Nobel mükafatı cənubi koreyalı yazıçı Han Kanqa verilib. Han Kanq bu mükafata tarixi sarsıntılarla qarşılaşan və insan həyatının kövrəkliyini üzə çıxaran gərgin poetik nəsrinə görə layiq görülüb.
2024-cü il Nobel Sülh Mükafatı isə Yaponiyanın nüvə silahlarından azad bir dünya yaratmaq üçün çalışan Xirosima və Naqasakiyə atılan atom bombalarından sağ çıxanların kütləvi hərəkatı “Nihon Hidankyo” təşkilatına verilib. İqtisadiyyat üzrə Nobel mükafatına isə qurumların formalaşması və rifah üzərindəki təsirləri ilə bağlı araşdırmalarına görə professor Daron Acemoğlu, professor Simon Johnson və professor Ceyms Robinson layiq görülüb.
Akademik Dilqəm Tağıyev məruzəsində Nobel mükafatına layiq görülmüş alimlərin hər birinin tədqiqatları barədə geniş məlumat verib. Natiq məruzəsinin sonunda Nobel mükafatına layiq görülən işlərin əhəmiyyətini nəzərə alaraq, mövcud tədqiqat planlarında və gələcək plan işlərində müvafiq elmi istiqamətlərin prioritetliyinin nəzərə alınmasının, müvafiq elmi istiqamətlər üzrə seminarların, dəyirmi masaların keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.Sonra akademiklər Arif Həşimov, Rasim Əliquliyev və İradə Hüseynova rəhbərlik etdikləri elmi-tədqiqat institutlarında Nobel mükafatına layiq görülmüş elmi istiqamətlərə dair aparılan tədqiqatlar barədə məlumat veriblər.
Akademik İsa Həbibbəyli Nobel mükafatına gedən yolda mifləri qırmaq üçün bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin əhəmiyyətinə toxunub.AMEA-nın Rəyasət Heyəti tərəfindən qeyd olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edilib, məruzənin AMEA-nın “Elm” qəzetində və “Elm və həyat” jurnalında dərc edilməsi qərara alınıb.
Lider-Media.az