COP29-a dəvət edilən dünya liderləri Azərbaycanın dinamik inkişafına əyani surətdə şahid olacaqlar
Ölkəmiz mühüm bir hadisənin astanasındadır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın evsahibliyi etməsi təkcə beynəlxalq ictimaiyyətin ölkəmizə etimadının göstəricisi deyil, həm də iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli işlərin aparılması üçün əlverişli məqamdır. Şübhəsiz COP29 Azərbaycana beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirməyə kömək edəcək, eləcə də iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə töhfə verəcək.Azərbaycanın COP29-a ev sahibliyi dünya mətbuatında əsas müzakirə mövzularındandır. Bu mötəbər tədbirə-COP29-a hazırlıq işləri isə sürətlə davam edir. Ölkəmiz bundan əvvəl və bu gün beynəlxalq tədbirlərin keçirildiyi məkana sahibliyinin nəticəsidir ki, mötəbər təşkilatların rəhbərləri Azərbaycanı təsadüfən müəyyənləşdirmir. Son illər Azərbaycanın dünyada sabit məkan kimi tanınması da bunun ən bariz nümunəsidir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə çoxsaylı qlobal forum və konfranslar keçirilib. Bunlar isə Azərbaycanın, o cümlədən paytaxt Bakının dünyanın diqqət mərkəzinə yönəlməsinin əsas səbəblərindəndir.
Bəli, məhz belə mötəbər tədbirlərdən biri də bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransıdır. Ölkəmiz iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasını istəyir.COP29-un əhəmiyyətinə gəldikdə, bu konfrans beynəlxalq səviyyədə ənənəvi olaraq hər il təşkil edilən olduqca mötəbər tədbirlərdən biri hesab edilir. İlki 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində keçirilən bu konfrans BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının üst qurumu, COP-un üzvləri olan 195 ölkənin rəsmi nümayəndələrinin görüşərək planetimizin “yaşıl” problemlərinin müzakirəsini etdikləri kütləvi bir tədbirdir.Sonuncusu 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP28 konfransında 195 ölkə yekdilliklə növbəti konfransın ölkəmizin paytaxtı Bakı şəhəridə keçirilməsinə dair səs vermişlər. Bu bir daha ölkəmizə göstərilən böyük bir güvənin və sayğının göstəricidir.
Ötən ilin dekabr ayında COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir. Bu müşavirədə bir daha istər bu tədbirin mahiyyəti, istərsə də onun ölkəmizin qlobal aləmdə nüfuzu nöqteyi-nəzərdən əhəmiyyəti cənab Prezident tərəfindən ətraflı şərh edilmişdir. Ardınca cari ilin yanvar ayında cənab Prezident tərəfindən COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalanmışdır. Təşkilat Komitəsi hazırda qlobal tədbirin reallaşması ilə bağlı müvafiq texniki-təşkilati tədbirləri uğurla həyata keçirir. Tədbir müddətində dünyanın nəbzi olacaq Bakı təxminən 70-80 min xarici qonaq qarşılayacaq. Bu baxımdan COP29 Azərbaycan üçün həm də siyasi tərəfdən böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışlarının birində hazırlıq işləri ilə bağlı bildirib ki, COP 29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir və irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, böyük məsuliyyətdir.
“Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq”,-deyən dövlət başçısı bildirir ki, bu gün Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Azərbaycanın COP 29-a sədrliyi, həm ölkəmiz, həm də dünya üçün mühüm bir hadisədir. Bu rol, iqlim dəyişikliyi ilə mübarizə sahəsində qlobal səyləri birləşdirəcək və daha ədalətli, dayanıqlı bir gələcək qurmağa töhfə verəcək. Gələcəyin qurulmasında Azərbaycanın bu mühüm rolu, iqlim dəyişikliyi ilə mübarizədə qlobal liderlik və məsuliyyət nümunəsi olacaq.
Bu gün Azərbaycan rəqabətədavamlı iqtisadiyyatı, sosial ədaləti və innovasiyaları əhatə edən, milli maraqlara xidmət edən yeni strategiya formalaşdırmışdır. Bu prioritetlər arasında təmiz ətraf mühitə nail olmaq və “yaşıl inkişafın” təşviq edilməsi diqqət mərkəzindədir. Milli ekoloji siyasətlərin ən yaxşı beynəlxalq təcrübələrlə uzlaşdırılması bu işdə mühüm əhəmiyyət kəsb edir. COP29 tədbirinin mövzusu ekoloji məsələlər olsa da o, imkanlarının geniş olması və aktuallığı baxımından həm də siyasi və iqtisadi təsirlər yaradır. Bu öhdəlik Azərbaycanın dövlət strategiyasına da uyğundur.
COP29 tədbiri ətraf mühitə mənfi təsirin azaldılması üçün təcrübənin mənimsənilməsində ölkəmizə kömək edə bilər. Eyni zamanda iqlim dəyişikliyi ilə bağlı əldə edilən qabaqcıl təcrübələrin Azərbaycana inteqrasiyasını asanlaşdırmaq mümkün olacaq.
Prezident İlham Əliyev Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə “Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq” söyləyərək bildirmişdir ki, Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır və bu dövlətlər üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.
COP29-a dəvət edilən dünya liderləri Azərbaycanın dinamik inkişafına əyani surətdə şahid olacaqlar. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan yaratdığı yeni reallıqları dünyaya təqdim edəcək. Və bütün bunlar, sözsüz ki, beynəlxalq müstəvidə ölkəmizə əhəmiyyətli dividentlər qazandıracaq.Azərbaycan iştirakçılar və qonaqlar üçün rahat şərait yaratmaq, eləcə də davamlı inkişaf və iqlim siyasəti sahəsində nailiyyətlərini nümayiş etdirməyə səy göstərərək yüksək məsuliyyət və peşəkarlıqla bu cür böyük tədbirlərə ev sahibliyi edir. Ölkə müasir infrastruktur, insan resursları, beynəlxalq tədbirlərin keçirilməsində qiymətli təcrübəyə malikdir. Azərbaycan iqtisadi forumlar, mədəni və idman tədbirləri də daxil olmaqla, müxtəlif miqyaslı tədbirlər keçirərək beynəlxalq arenada özünü etibarlı tərəfdaş kimi göstərib.
Azərbaycan ekoloji problemləri daima diqqət mərkəzində saxlayır, yeniliklər etməyə daima hazırdır və inkişafı göz qarşısındadır. Bütün bunlar COP29-un Azərbaycanda keçirilməsi üçün Azərbaycanı ən uyğun məkanlardan birinə çevirir. Konfransın Azərbaycanda keçirilməsinin əsas üstünlükləri kimi, işğaldan azad edilmiş ərazilərin vəziyyətinin yaxşılaşdırılması, səmərəli və effektiv infrastrukturun qurulması üçün bilik və bacarıqların öyrənilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və s.misal göstərmək olar. Eyni zamanda COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək, konkret addımlar atmaq üçün bir fürsətdir.
Lider-Media.az