Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov:“Veteranlar haqqında” Qanunda əsaslı dəyişikliklərin aparılması təklifi ilə çıxış etmişik
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bütün istiqamətlərdə fəaliyyətinin daha səmərəli və operativ təşkili üçün mövcud strukturun təkmilləşdirilməsi, rayon şöbələrinin maddi-texniki bazasının, maliyyə təminatının yaxşılaşdırılması əsas məqsədimizdir. Çünki istənilən uğurlu fəaliyyətin arxasında dövrün çağırışlarına cavab verən mobil struktur və düzgün kadr siyasəti dayanır.
Bu sözləri açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov deyib.
Polkovnik qeyd edib ki, təşkilatın yerli şöbələrinin fəaliyyətinin stimullaşdırılması, onların öz rayonlarının ictimai-siyasi həyatında daha fəal iştiraklarının təmin olunması, ərazidəki dövlət orqanları və ictimai təşkilatlarla işgüzar əlaqələrinin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir.
“Gələcək fəaliyyətimizdə rayon şöbələri ilə təmasların daha da sıxlaşdırılması, təşkilatın bütün bölgələrdə fəaliyyətinin gücləndirilməsi prioritet istiqamətlərimizdən biri olacaq. Şəhid ailələri və veteranlarla bağlı məsələlərin bundan sonra da diqqətdə saxlanılması, onların problemlərinin həlli ilə bağlı dövlət orqanları ilə əlaqələrin gücləndirilməsinə çalışacağıq. Veteranların sanator-kurort müalicəsi, istirahətləri və asudə vaxtlarının təşkili məsələlərinin diqqətdə saxlanılması da həyata keçirəcəyimiz layihələrdə yer alacaq.
Ümumiyyətlə, hesab edirik ki, mövcud reallıqlar veteranlara, onların qayğı və tələbatlarına yeni bir baxışı zəruri edir. Buna görə də veteranların problemlərinin həllində mühüm rol oynayacağını nəzərə alaraq, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması üçün müvafiq dövlət orqanları ilə birgə işin təşkilini vacib sayırıq. Hesab edirik ki, 30 il əvvəl qəbul edilmiş bu qanunda zəruri dəyişikliklərin olunması artıq günün tələbidir. Ona görə də, bu qanunda mövcud reallıqlar nəzərə alınmalıdır. Biz bununla bağlı təkliflərimizi aidiyyəti dövlət orqanların diqqətinə çatdırmışıq və lazım gələrsə, qanunun yeni variantının hazırlanmasında yaxından iştirak edə bilərik.
Bu gün dünyada haqq səsimizin eşidilməsi, milli mənafelərimizin qorunması üçün dostlarımızın sayını artırmalı, Azərbaycana qarşı yönəlmiş qərəzli, qeyri-obyektiv münasibətlərin qarşısının alınmasında Prezident İlham Əliyevin yeritdiyi uğurlu siyasətə hərtərəfli dəstək olmalıyıq”, - deyə C.Xəlilov bildirib.
Lider-Media.az